Ötən il 14 min hektar sahədə meşəbərpa tədbirləri aparılıb

19:17 14.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Görülmüş tədbirlər çərçivəsində həmçinin 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib  

2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 14 min hektarda meşəbərpa tədbirləri aparılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb. Ümumilikdə, 2019-cu ildə meşə ilə örtülü sahələrdən 38,1 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 7,1 tonu qoz, 0,4 tonu ərik, 0,4 tonu şaftalı, 26,6 tonu palıd, 2,8 tonu digər ağac və kol cinslərinin toxumlarının payına düşüb.

Yeri gəlmişkən, hazırda meşələrin mühafizəsi məqsədilə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala rayonlarındakı meşələrə investisiya çərçivəsində quraşdırılan kameralar 24 saat fəaliyyət göstərir. Daha çox müdaxiləyə məruz qalan meşələrdə quraşdırılan kameralar həmin ərazilərin mühafizəsi üçün böyük əhəmiyyətə malikdir. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, kameralar mərkəzdən idarə olunur: “Bizim məqsədimiz həm meşələrdə mühafizəni gücləndirmək, həm də baş verə biləcək yanğınların qarşısını almaqdır. Kameraların imkanları çoxdur və 2 kilometrə yaxın ərazini əhatə edə bilir. Onlar hündür yerlərdə quraşdırılıb ki, daha geniş ərazini əhatə etsin. Yaxın günlərdə kameraların ictimaiyyət tərəfindən istifadə edilə biləcək formasını, yəni mobil versiyasını da hazırlayacağıq. Vətəndaşlar mobil telefonları vasitəsilə həmin ərazilərdəki prosesləri izləyə biləcəklər. Bu cür kameraları digər bölgələrdəki meşələrdə də quraşdırmağı planlaşdırırıq”.

F.Əliyev kameraların quraşdırılmasının ictimai nəzarətin bir forması olduğunu söyləyib: “Azərbaycan azmeşəli ölkələrdən biridir. Ona görə də meşələrin mühafizəsində maraqlıyıq. Təbiəti hər bir vətəndaş qorumalıdır”.

Qeyd edək ki, Meşə Məcəlləsinə görə, Azərbaycanda meşə fondu dağ və düzən meşələrindən ibarətdir.İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:

qoruq meşələri;

kurort meşələri;

xüsusi qiymətli meşə massivləri;

şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;

yabanı meyvə meşələri;

dövlət qoruyucu meşə zolaqları;

sair meşələr.

Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir. Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir.

Sözügedən sənədə əsasən, meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Meşələrin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır. Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məcəlləyə görə, meşə fondundan istifadə növləri oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları), meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə), elmi-tədqiqat məqsədlərindən,

mədəni-sağlamlaşdırma, turizm və idman məqsədlərindən və ovçuluq təsərrüfatından ibarətdir.

Son illərdə respublikanın əksər bölgələrində meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Araşdırmalara görə, respublikamızda meşə ilə örtülü sahələrdə bitki örtüyü cinslərə görə təqribən aşağıdakı kimi paylanılıb: şam 0,04 faiz, ardıc 2,37 faiz, fıstıq 31,68 faiz, palıd 23,4 faiz, vələs 26,01faiz, göyrüş 0,01faiz, ağcaqayın 0,22 faiz, qovaq 3,58 faiz, qızılağac 1,87 faiz, cökə 1,71faiz, qarağac 1,16 faiz, digər cinslər 7,95 faiz olduğu müəyyən edilib.Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılıb. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.

Azərbaycanın dövlət əhəmiyyətli meşə fondunun ümumi sahəsi 1159,2 min hektardır, o cümlədən meşə ilə örtülü 935,5 min ha, ümumi oduncaq ehtiyatı isə 124,54 min m3-dir. Ümumiyyətlə meşə sahələrinə və oduncağın ehtiyatına görə Azərbaycan azmeşəli (meşəsi çatışmayan) respublikadır. Burada hər adambasına 0,14 ha meşə sahəsi və 18,4 m3 oduncaq düşür. Respublika ərazisinin meşəliliyi 11,4 faizdir və onlar ərazidə heç də bərabər şəkildə yerləşməyib. Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.

Azərbaycanda dərman bitkilərinin 300-dən artıq növü yayılıb. Həmin bitkilərdən (bağayarpağı, yovşan, kəklikotu, qantəpər, moruq, çiyələk, dazıotu, gicitkan və s.) təbabətdə istifadə olunur. Eyni zamanda bizdə xeyli meşə ağac və kol cinsləri də məlumdur ki, onlardan da dərman bitkisi (cökə, dağdağan, şam, palıd, qoz ağacı, adi ardıc, yemşan, böyürtkan, itburnu, çaytikanı, sumax, nar və s.) kimi istifadə olunur.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən ekoloq Telman Zeynalov bildirib ki, Azərbaycanda əvvəlki dövrlərlə müqayisədə meşələrə nəzarət xeyli güclənib:

“Meşə sözün əsl mənasında, təbii kübrə fabrikidir. Tarlaların münbitliyi meşələrdən çox asılıdır. Meşələr torpağın yuyulmasının və eroziyanın qarşısını alır, əkin sahələrini qoruyur, çayların mənbəyini su ilə təmin edir, iqlimi tənzimləyir, havanı təmizləyir. Məsələn, ərazinin 30 faizi meşə ilə örtülü olan ölkədə heç vaxt quraqlıq hiss edliməz, tarlalardan daim sabit və yüksək məhsul götürülər. Torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvətidir. Torpağın üst münbit qatının yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Sosial rubrikasından digər xəbərlər