Vəfa Quluzadədən onu tənqid edənlərə sərt cavab

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Məsləhət görürəm ki, getsinlər tarixi öyrənsinlər“

Politoloq Vəfa Quluzadənin xalq haqqında dediyi bəzi fikirləri ölkə ziyalılarının təpkisi ilə qarşılanıb. “Politoloq bildirib ki, biz hələ nə xalq, nə də millət kimi formalaşmışıq. Bu da təbiidir. Ömrümüz boyu bizim nə dövlətimiz, nə dövlətçiliyimiz olub. Bizim xalq da hər zaman qul vəziyyətində olub. Rus imperiyası, ondan əvvəl İran imperiyasının tərkibində olmuşuq.

Biz xalq, millət, dövlət kimi yeni-yeni formalaşırıq. Hesab edirəm ki, bir çox məsələlər bu cür şeylərdən doğur. Biz xalq, millət kimi formalaşsaydıq, bəzi nöqsanlar olmazdı. Məsələn, biz istiqlaliyyətimizi 91-ci ildə yox, heç olmasa, 18-ci əsrdə, minilliyin əvvəllərindən əldə etsəydik, onda tamamilə başqa olardıq. Ona görə nöqsanlarımıza dözməliyik“.
Bu fikirlərə bir sıra ziyalılar və siyasətçilər kəskin münasibət bəsləyərək, politoloqun bu fikirlərlə Azərbaycanın tarix və dövlətçilik ənənələrinin üstündən xətt çəkdiyini iddia edirlər.
Buna cavab verən politoloq Vəfa Quluzadə “Həftə içi“nə açıqlamasında bildirdi ki, onun fikirlərinə qarşı çıxanlar tarixi, cəmiyyətin inkişaf qanunlarını bilməyənlərdir: “Onlar nəzərə almırlar ki, Azərbaycan neçə yüz il rus imperiyasının tərkibində olub. Başqa bir imperiyanın tərkibində koloniya olan bir xalq necə formalaşa bilər? Üstəlik sovet dövrundə 70 il bu xalqın dini əlindən alınıb, öz dinindən məhrum olunub, ateizm ruhunda tərbiyə alıb“. Siyasi ekspert əlavə etdi ki, xalqın formalaşması 3 faktordan ibarətdir: “Birincisi din, ikincisi dildir. Dilimizdən indiyə qədər məhrumuq. Baxın görün Azərbaycanda müəyyən təbəqələr öz aralarında hansı dildə danışırlar? Azərbaycan məmurları öz ana dillərini bilirlərmi? Millətdə bunun hamısı olmalıdır. Azərbaycan xalqı hələ ki, öz türklüyünü dərk etməyib. İrandakı türklər bizdən daha çox millət kimi formalaşıblar. Çox qəribədir. Onlar özlərini türk hesab edirlər. İranlı və İranda yaşayan türk. Çünki İran milləti yoxdur, İran yer adıdır. Amma bizdə bu hələ formalaşmayıb. Üstəlik biz indi islam dininə qayıdırıq. Amma bu çox böyük çətinliklərlə həyata keçir. Niyə görə? Başqa dövlətlər öz ideologiyalarını, hökmünü bizə yedirtmək üçün bu dindən istifadə edir. Bizi proiran və ya hansısa ölkəyə çevirmək istəyirlər. Üstəlik Rusiya kimi dövlət də din problemindən istifadə edib aranı qarışdıqmağa çalışır. Biz, həhəlik islamı tam qavramamışıq. Amma artıq sünni-şiə məsələsi Azərbaycanda var. Bu iki müsəlman icmasının bir-birinə münasibəti soyuqdur. Problemlər çoxdur. Məsləhət görürəm ki, mənim opponentlərim getsinlər tarixi öyrənsinlər. Din tarixini, ölkə tarixini öyrənib, indiki vəziyyətimizi təhlil etsinlər. Onlara məsləhətim budur“.
Əli Zülfüqaroğlu
Oxunma sayı 45