“Azərbaycan ABŞ üçün mühüm ölkədir“

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Corc Meyson universitetində “ABŞ - Azərbaycan münasibətlərində 20 il ərzində qarşılıqlı anlaşma: yeni nəslin rolu“ mövzusunda konfrans keçirilib. Tədbir Amerika Azərbaycan gəncləri təşkilatı və ABŞ Azərbaycanlılarının şəbəkəsi USAN tərəfindən təşkil edilib.
Konfransda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ABŞ dövlət katibinin müsəlman ölkələri ilə iş üzrə xüsusi nümayəndəsi Farah Pandit, Belçika senatının fəxri prezidenti və Qafqaz Araşdırma Mərkəzinin sədri Anna Mariya Lizin və ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kazlariç çıxış edərək müstəqillik dövründə Azərbaycan və Birləşmiş Ştatlar arasında münasibətlərin əsas istiqamətlərini şərh ediblər.
Səfir Y.Əliyev Azərbaycanla ABŞ arasında münasibətlərin qarşılıqlı maraqlar üzərində qurulduğunu bildirib. O, ikitərəfli münasibətlərdə təhlükəsizlik məsələsinin xüsusi önəm daşıdığını qeyd edib. Onun sözlərinə görə, Sovet İttifaqının dağılması çoxları tərəfindən qarşıdurmanın aradan qaldırılması kimi qarşılanıb. Lakin Azərbaycan üçün bu gün ənənəvi təhlükələr hələ də mövcuddur və ərazi bütövlüyünün qorunması problem olaraq qalır. Səfir Azərbaycanın xarici siyasətində prioritet sahə olan təhlükəsizliyin ABŞ-la iqtisadi və demokratik inkişaf kimi digər əməkdaşlıq sahələri ilə bağlı olduğunu xüsusi vurğulayıb:
“Milli təhlükəsizlik güclü iqtisadi sistem, yaxşı idarəçilik və qanunun aliliyi olmadan növcud ola bilməz. Eləcə də təhlükəsizliyin təmin olunmadığı şəraitdə iqtisadi inkişaf və demokratiyaya nail olmaq çox çətin olardı“.
Y.Əliyev Ermənistan - Azərbaycan münaqişəsinin Cənubi Qafqazın Avroatlantik məkana tam interqrasiyasında əsas maneə adlandıraraq qeyd edib ki, həmsədr ölkələrin “Böyük səkkizlər“in sammitində verdiyi bəyanat status-kvo vəziyyətinin davam edə bilməyəcəyini nümayiş etdirib. Səfirin sözlərinə görə, müstəqilliyin 20 ili ərzində Amerikada Azərbaycan haqda biliklər artsa da, Azadlığı müdafiə aktına 907-ci əlavə Konqres tərəfindən hələ də tətbiq edilir: “Biz inanırıq ki, onun götürülməsinin vaxtı gəlib çatıb və 907-ci əlavə aradan qaldırıldıqdan sonra bu, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərdə maneələrin aradan qaldırılmasına və regionda iqtisadi sahədə iqtisadi əməkdaşlığın tam potensialı ilə vüsət almasına gətirib çıxaracaq“.
Dövlət katibinin müsəlman ölkələri ilə iş üzrə xüsusi nümayəndəsi F.Pandit Azərbaycanla ABŞ arasında münasibətlərin Amerikanın müsəlman ölkələri ilə münasibətləri perspektivindən əhəmiyyətini vurğulayıb. O, qarşılıqlı anlaşmanın təmin edilməsi məqsədilə Azərbaycana səfərindən danışaraq bildirib ki, Azərbaycan müxtəlif etnik qrupların birgə yaşadığı ölkələrdən biri kimi seçilmişdi. O, nifrət əleyhinə kampaniya çərçivəsində ölkənin gəncləri il görüşlərini qeyd edib: “Azərbaycan gənclərinin bu kampaniyaya reaksiyasını təsəvvür edə bilməzsiniz. Onlar “Facebook“ şəbəkəsində video materiallar, öz gələcəkləri haqda fikirlərini yazıb yerləşdiriblər. Mən öz işimdə Azərbaycan haqda çox danışıram. Çünki Bakıda gənclərlə görüşlərim məndə olduqca böyük təəssürat yaradıb“.
Dövlət katibinin xüsusi nümayəndəsi Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ölkə olduğu bildirib: “Azərbaycan ABŞ üçün mühüm əhəmiyyətlidir, Amerikaya dost və tərəfdaş ölkədir. Azərbaycan gəncləri “2011-nifrət əleyhinə kampaniya“ çərçivəsində öhdəliklərə sadiq olduqlarını nümayiş etdirdilər. Onların ölkənin quruculuğu ilə bağlı fikirləri olduqca böyük əhəmiyyət daşıyır. Azərbaycanın tarixi və müsbət gələcək qurmaq işinə sadiqliyi çox önəmlidir. Bu, həm vətəndaş cəmiyyəti quruculuğu işində, həm də beynəlxal təşkilatlarla münasibətlərdə vacibdir“, - deyə F.Pandit qeyd edib.
Belçika senatının fəxri prezidenti və Qafqaz Araşdırma Mərkəzinin sədri A.M.Lizin Avropa ilə Azərbaycan arasında münasibətlərə şərh verib. Onun sözlərinə əsasən, Avropa regional problemlərlə məşğul olduğuna görə Azərbaycana ilk illərdə kifayət qədər diqqət ayıra bilməmişdi. Onun fikrincə, enerji layihələrinin gerçəkləşdirilməsi Avropada bölgəyə və xüsusilə də Azərbaycana marağın artmasına səbəb olub. Xanım Lizin bildirib ki, Avropa Azərbaycanın düzgün yol seçdiyinə və ölkənin sabitliyinə inanır. Lakin o, Dağlıq Qarabağ münaqişəsinin bölgədə inkişafın qarşısında problem olaraq qaldığını deyib. Xanım Lizin Avropa və Azərbaycan gəncləri arasında qarşılıqlı anlaşmanın əhəmiyyətini qeyd edib. “Fikrimcə, Azərbaycan gəncləri Avropa gənclərindən daha dinamik bir qüvvə kimi çıxış edir. Yaradıcılıq baxımından onların verə biləcəyi töhfələr məncə, daha çoxdur. Gənc azərbaycanlılar arasında çox sayda yaradıcı insan var. Bu, Azərbaycan üçün müsbət bir amildir. Avropa Sovet İttifaqının tərkibində olmayan müstəqil bir ölkə kimi Azərbaycan haqda daha artıq biliklərə malik olmalıdır. Bunun bir yolu təhsil vasitəsilə gerçəkləşə bilər. Azərbaycan gənclərinin Avropanın bütün ölkələrində universitetlərdə təhsil ala bilməsi imkanının olması mühümdür. Azərbaycan Boloniya prosesinə qatılaraq, çox yaxşı bir qərar verib. Qarşılıqlı anlaşmanın yaradılması prosesi sadə proses deyil. Sovet İttifaqının dağılmasından sonra sovet mentalitetinin aradan qaldırılması mühümdür“.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kazlariç son 20 ildə Azərbaycanın müstəqil ölkə kimi nailiyyətlərini göstərib. O, Azərbaycanın ABŞ üçün geosiyasi əhəmiyyətini vurğulayaraq, enerji layihələrinin gerçəkləşməsi və təhlükəsizlik sahəsində əməkdaşlığı müsbət inkişaflar kimi qeyd edib. Səfir Kazlariç iki ölkə arasında münasibətlərdə problemli sahələri göstərərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sahəsində irəliləyişin olmadığını bildirib. O, demokratiya və insan hüquqları sahəsində vəziyyətə də toxunaraq deyib ki, başqa sahələrdə inkişaf olduğu kimi, burada da inkişaf olması vacibdir: “Bakıda 3 il qalmış bir insan kimi demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlara da toxunmaq istəyirəm. 20 il müddət ərzində Azərbaycan zəngin bir ölkəyə çevrildiyi vaxt Amerika mətbuatında müxalifətçi siyasi liderlərin daha bir qrupunun həbs edildiyinə dair, ya da mətbuata daha çox məhdudiyyətlər qoyulduğuna dair xəbərlərə rast gəlməməliyik. Azərbaycan mühüm, müvəffəq, özünə güvənən bir ölkədir. Siz demokratik inkişaf yolunda bundan daha sürətlə irəliləməlisiniz. Mən tamamilə əminəm ki, siz bunu edə bilərsiniz“.
Vüsal Tağıbəyli
Oxunma sayı 251