Özəl klinikalar koronavirusla mübarizəyə hazırdırmı? - Aktual

14:34 02.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərərgahın keçirdiyi mətbuat konfransında Yaqut Qarayeva bildirib ki, koronavirus artıq Azərbaycanın bütün bölgələrində yayılıb. Virusun sürətlə artacağı təqdirdə təbii ki, dövlətin balansında olan xəstəxanalarda ciddi problemlərin yaşanması qaçılmazdır.

Ekspertlər artıq indidən dövlətin məsələ ilə bağlı ölçü götürməli olduğunu, özəl klinikaların pandemiyanın yayılması halında müəyyən müddətə milliləşdirilməsi və hazırlıq səviyyəsinin artırılması istiqamətində addım atılmasının vacibliyini qeyd edirlər.

Bəs bu gün özəl klinikalar fövqəladə vəziyyət olduğu təqdirdə bu işi yerinə yetirməyə hazırdırlarmı?

Sumqayıt şəhərində yerləşən "Şəfqət", "Liman", "Unikal" xəstəxanalarından hafta.az-a bildirdilər ki, müasir texnologiyarla təmin olunmuş klinikalarımız hər cür dəstəyi verməyə hazırdır:

"Deyildiyi kimi ölkədə vəziyyət çətinləşərsə, dövlət özəl klinikalar arasında yəqin seçim edəcək. Bu dövlətin işidir. Belə olduğu təqdirdə klinika daxilində karantin şəraiti gücləndirilə bilər"

Professor, tibb eksperti Adil Qeybulla isə dedi ki, Operativ Qərərgahın əlində konkret kriteriyalar olmalıdır:

"Özəl klinikalardan və başqa yerlərdən istifadə etmək olar. Ancaq deyə bilərəm ki, bu gün bir çox klinikaların eləcə də, özəl klinikaların havalandırma sistemi yaxşı vəziyyətdə deyil. Karantin tipli fəaliyyət göstərə bilmır. Cərrahi klinikaları karantin klinikalar kimi istifadə edirlər. Bu isə çox yanlış yanaşmadır. Əvvəla klinkada havalandırma yetərli deyil. Əvvəl mən də elə hesab edirdim ki, yetərlidir. O klinikalarda izolyasiyadan daha çox yoluxma riski çoxdur. O baxımdan da hesab edirəm ki, istər özəl, istər dövlət xəstəxanaları standartlara cavab verməlidir".

Millət vəkili Musa Quliyev isə dedi ki, ölkə bütünlüklə koronavirusa qarşı tədbirlərdə iştirak etməlidir:

"Özəl xəstəxanalarla yanaşı xaricdə yaşayan ixtisaslaşmış həkimlər dəvət olunmalıdır. Özəl, dövlət, bəliyyə fərq etməz. Hər kəs öz töhvəsini verməlidir. Özəl klinikalar da dövlətin yaratdığı şərait hesabına, o cümlədən, insanların ödədiyi pullar hesabına fəaliyyət göstərən subyektlərdir.
Özəl xəstəxanaların da bu sahəyə səfərbər edilməsi lazım gəldikdə problem olmayacaq. Zərurət yaranarsa, ölkədə fövqalədə vəziyyət olarsa bütün qurumlar bu işə cəlb olunacaqdır. Həm özəlin, həm dövlətin həkimlərinin cəlb olunması ilə yanaşı onlara dəstək göstərilir və göstəriləcəkdir. Cənab Prezidentin sərəncamı ilə xəstələrlə işləyən həkimlərin maaşlarında üç dəfədən artıq artım olub. Özəl sektor da bu işə cəlb oluna bilər. Düşünmürəm bizdə o vəziyyətə gəlib çıxacaq. Vətəndaşlardan hədsiz dərəcədə intizamlılıq tələb olunur. Çağrışlara əməl olunmalıdır".

Oxunma sayı 166