“Pakistan Qarabağ münaqişəsinin həllində Azərbaycana çox güclü dəstək verib” – Səfir

22:30 12.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın XİN başçıları yanvarın 13-də İslamabadda bir araya gələrək, ölkələrimizin və xalqlarımızın milli maraqları müstəvisində, dünyada və regionda baş verən siyasi-iqtisadi prosesləri müzakirə edəcəklər. Əlbəttə, üç qardaş ölkənin ciddi əməkdaşlığı sayəsində mənfur Ermənistanın işğalından qurtarılmış Azərbaycan torpaqlarında tikinti-yenidənqurma məsələləri, ümumi yanaşsaq, Qarabağ bölgəsində vəziyyət, gələcəkdə atılacaq addımlar və sair danışılacaq. Təbii ki, Azərbaycanımızın müstəqilliyini bərpa etdiyi ilk gündən bu yana haqlı olaraq həllini arzuladığı Kəşmir problem də üçtərəfli görüşün müzakirə predmeti olacaq.

Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul görüş öncəsi verdiyi müsahibədə bəzi məsələlərə toxunub. Əlbəttə, diplomat öz ölkəsi ilə Pakistan arasında əməkdaşlığı daha çox diqqətdə saxlayıb, amma nəzərə alsaq ki, Azərbaycan da daxil, məhz bu ölkələrin sıx əməkdaşlığı sayəsində Vətən müharibəsi zamanı qələbəyə daha tez yetişdik, deyilənlər hər birimizə maraqlı olacaq.

- Əvvəlcə Türkiyə, Azərbaycan və Pakistanın xarici işlər nazirləri bir araya gələcək, üçtərəfli məsələləri müzakirə edəcəklər. Bu danışıqlar başa çatandan sonra isə ikitərəfli müstəvidə görüşlər olacaq. Məsələn, Türkiyə-Pakistan, Türkiyə-Azərbaycan və ya Azərbaycan-Pakistan formatında.

- Zatən nazirlər vaxtaşırı görüşüb, gündəmə nəzər salırlar, İslamabad görüşünün keçirilməsinin məqsədi nədir?

- Xarici işlər nazirlərinin əsas məqsədi bölgəmizdə baş verən hadisələri müzakirə edərək, ortaq məxrəcə gəlməkdir. Məsələn, bu üç ölkə öz aralarında mövcud olan əlaqələri necə inkişaf etdirəcəklər, hər birinin xarici siyasətdə üzləşdiyi proseslərdə qarşılıqlı və üçtərəfli olaraq verdikləri dəstəyi bundan sonra necə və hansı səviyyədə davam etdirəcəklərini araşdırıb, razılığa gələcəklər. Bir xüsusa diqqət edək: Pakistan ötən ilin sonlarında yaşanan Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həllində Azərbaycana siyasi və diplomatik müstəvidə çox güclü dəstək verib. Bunu nə Azərbaycan unudacaq, nə də biz. Şəxsən mən ölkəm Türkiyənin adından bu dəstəyə görə qardaş Pakistan dövlətinə və xalqına təşəkkür edirəm.

- Üçtərəfli görüşün birincisi dörd il öncə keçirilib, niyə arada bu qədər uzun fasilə verilib?

- Doğrudur, ilk üçtərəfli toplantı 2017-ci ildə qardaş Azərbaycanın paytaxtında – Bakıda keçirilib və çox da səmərəli görüş olub. Amma sonrakı illərdə görüşün keçirilməsinə əngəl törədəcək heç bir xüsusi səbəb görmürəm. Məncə əsas səbəb hər üç ölkə xarici işlər nazirlərinin işlərinin çox olmasıdır. Baxın: Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün xeyli vaxtdır çox güclü diplomatik səylər göstərib, ardıyla da hərbi əməliyyatlar aparıb. Ola bilər bu kimi praktik zərurətlərdən qaynaqlanan boşluq olub arada, başqa heç bir problem yoxdur.

- Pakistan istər Türkiyəyə, istərsə də Azərbaycana bütün məsələlərdə hər zaman dəstək verib. Amma bu ölkənin də problemləri az deyil və onlardan birincisi Kəşmirdir. Yəqin bu görüşdə Kəşmirdən söhbət açılacaq…

- Hesab edirəm Kəşmir münaqişəsinin müzakirə edilməsi üçün üçtərəfli görüş çox yaxşı fürsətdir və tərəflər bundan məmnuniyyətlə yararlanacaqlar. Əslində, Kəşmir məsələsi uzun illərdir beynəlxalq ictimaiyyətin də gündəmindədir. Xüsusilə də, 2019-ci il avqustun 5-də Cammu-Kəşmirin xüsusi status ləğv ediləndən sonra yaşanan hadisələr fonunda problem ayrı-ayrı ölkələrin və beynəlxalq quruluşların müzakirə predmeti olub. Türkiyənin Kəşmir məsələsində mövqeyi birmənalıdır və hər kəsə bəllidir. Biz Türkiyə olaraq Kəşmir bölgəsində çox ciddi problemlərin olduğunu hər fürsətdə gündəmə gətiririk. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları çərçivəsində, Pakistanla Hindistan arasında başladıla biləcək dialoqla və təbii ki, Kəşmirdə yaşayan insanların da görüş və gözləntiləri diqqətə alınmaqla sülh yolu ilə həll prosesini dəstəkləyirik. Əgər Kəşmir problemini davamlı həlli üçün Pakistanla Hindistan arasında vasitəçilik etmək lazımdırsa, Türkiyə bu missiyanı da öz üzərinə götürməyə hazırdır. Yenə təkrarlayıram: bu toplantı həm Azərbaycanın, həm də Türkiyənin Kəşmir məsələsində mövqelərini bir daha bəyan etmələri üçün yaxşı fürsətdir. Özü də biz məsələni sülh yolu ilə həllinə dair çağırışları hər iki ölkəyə edirik. Çünki biz Kəşmir probleminin həllinin bütün Cənubi Asiyaya sülh və sabitlik gətirəcəyinə inanırıq. Bu problem aradan qaldırıldığı təqdirdə, Cənubi Asiyada daha sağlam təməllər üzərində əməkdaşlığın yaranacağına əminik.

- Bu günlərdə xarici mətbuatda belə xəbərlər yayılmışdı ki, guya Türkiyə Pakistanla müştərək nüvə silahı hazırlayır…

- Tamamilə absurd xəbərlərdir. Türkiyənin beynəlxalq miqyasda silahsızlanma, silahların yayılmasının qarşısının alınması çərçivəsində vəzifə və öhdəlikləri hər kəsə məlumdur. Üzv olduğumuz beynəlxalq quruluşlar da, yürütdüyümüz xarici siyasəti də hamı yaxşı bilir. O cümlədən, Pakistanın da bu müstəvidə mövqeyi və münasibəti açıqdır. Biz Türkiyə olaraq, beynəlxalq öhdəliklərimiz çərçivəsində dünyanın daha sabit, nevə silahından təmizlənmiş bir dünyaya çevrilməsinə çalışırıq. Türkiyənin Pakistanla əlaqələri adi əlaqələrdən çox fərqlidir. Ölkələrimiz arasında yüzillərə və sosial təməllərə söykənən güclü bağlar var. Çalışırıq ki, bu əlaqələri daha da irəli aparaq. Xüsusilə siyasi müstəvidə çox güclü əməkdaşlığımız mövcuddur. Son illər hərbi və müdafiə sənayesi sahəsində çox geniş proqramlar həyata keçiririk.

- Amma ölkələr arasında iqtisadi əməkdaşlıq siyasi əlaqələrdən çox geridə qalır, buna səbəb nədir?

- Əlaqələrimizin bir az axsayan tərəfi ticarətdir. Bu çərçivədə ticarətin həcminin artırılması, qarşılıqlı şəkildə sərmayə yatırılması və sair sahələrdə nə kimi işlər görmək olar, bu müstəvidə hökumətlərin üzərinə hansı iş düşür, tərəflər bunu araşdırmaqdadır. Hər iki tərəf çalışır ki, iqtisadi-ticarət müstəvisində də axsaqlıqlar aradan qaldırılsın. Türkiyə ilə Pakistan arasında hələ ki, ticarət anlaşması imzalanmayıb. Bu anlaşmanın tamamlanması üçün hər iki tərəf səy göstərir. Hesab edirəm ki, üçtərəfli görüşdə bu məsələ bir daha gündəmə gətiriləcək və irəliləyişlərin şahidi olacağıq.

- Kəraçidə konsulluq binasının açılışı olacaq?

- Baş konsulluğun binası çoxdan tikilib istifadəyə verilib və inşallah ki, nazirimizin də iştirakı ilə rəsmi açılışı gerçəkləşdirəcəyik. Bu konsulluğun açılışının simvolik önəmi çox böyükdür. Çünki, Türkiyənin xarici ölkələrdəki ən möhtəşəm konsulluq binalından birini Kəraçidə açacağıq. Bu da Pakistana verdiyimiz dəyərin önəmli göstəricisidir.

- Amma bu yaxınlarda bir türk şirkətinə qarşı xoşagəlməz hadisə yaşanmışdı…

- Hə, Lahorda türk şirkətləri ilə yerli LWMC şirkəti arasında yaşanmışdı anlaşılmazlıq. Biz ilk başdan məsələni diqqətdə saxlayırıq, istər əlaqədar dövlət qurumları, istərsə də şirkətlə sıx təmasdayıq. Artıq məsələ hüquqi müstəviyə qalxıb, əlavə şərh vermədən deyə bilərəm ki, türk şirkətlərinin Pakistanda olmaları, Pakistan dövləti və xalqının mənafeyi baxımından çox vacibdir. Bu gün Pakistanda çox sayda türk şirkəti var ki, onlar ölkə iqtisadiyyatına böyük miqdarda sərmayə yatırıblar, iş yerləri açıblar, ölkənin büdcəsinə vergi ödəyirlər. Bu da öz növbəsində türk iş sektorunun Pakistana verdiyi dəyərdən irəli gəlir və Pakistan dövləti bunu yaxşı başa düşür. Hesab edirəm ki, Pakistan dövləti türk şirkətlərinin buradakı fəaliyyəti üçün qanun-qayda çərçivəsində yaratdığı şəraitin daha artığını yaratmalıdır. Bu halda həm türk şirkətləri, həm də Pakistan tərəfi və Pakistan xalqı mənfəət götürəcək. Biz ilk başdan bu sahədə əlaqələrin qarşılıqlı müzakirələr yolu ilə həllinə çalışdıq və hələ də eyni mövqedəyik. İnanıram ki, problem daha da böyümədən, qarşılıqlı anlayış və müzakirələr yolu ilə həllini tapacaq. Yoxsa bu proses əlaqələrimizin təbiətinə yaraşmayan hadisələr silsiləsinə çevrilər.

Oxunma sayı 4557