“Pandemiyadan sonra tikinti sahəsi aparıcı sektorlardan biri olacaq” - Ekspert

17:32 03.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün bütün dünyada koronavirus pandemiyası demək olar ki, həyatı tamamilə iflic edib. Hətta inkişaf etmiş ölkələr belə bu virusun qarşısında acizdirlər. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər ciddi şəkildə artıb. Amma yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.

Məlum olduğu kimi, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb. Qısa müddət ərzində ölkədə makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün ölkənin sosial-iqtisadi və maliyyə vəziyyəti təhlil edilib, lazımi əlavə tədbirlərin görülməsi, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı ilə bağlı təkliflər hazırlanıb. Artıq bu təklifləri əhatə edən dövlət proqramlarının əsas istiqamətləri açıqlanıb.

Qeyd edək ki, hökumət antiböhran proqramı hazırlayarkən bir neçə məsələni xüsusi olaraq diqqətdə saxlayıb. Birincisi, postpandemiya dövründə milli iqtisadiyyat sağlam və rəqabətqabiliyyətli olmalıdır. İkincisi fəaliyyətini şəffaf şəkildə quran, vergilərini vaxtında ödəyən, əmək müqaviləsi əsasında işçi işə cəlb edən sahibkarlıq subyektləri hər zaman dövlətin dəstəyinə arxalana bilər. Üçüncüsü isə, ölkənin çətin günündə ona dayaq olan, onun çağırışlarına qoşulan, yüksək sosial məsuliyyət hissinə malik, iş yerlərini saxlayan sahibkarlardan ibarət iqtisadiyyatın bərqərar olmasına çalışılacaq.

Digər tərəfdən, işçi qrupun fəaliyyətinin əsas hədəflərində və ölkə Prezidentinin sərəncamında verilən tapşırıqlarda yalnız qısa müddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin orta müddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib. Bu baxımdan, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bunun bir neçə səbəbi var. Bu səbəblər sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunması, eləcə də, tikinti sektorunun, bir qayda olaraq, «multiplikativ» effektə malik olmasıdır. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Ölkədə həm sosial mənzil layihələri, həm də özəl sektorda tikinti uğurla həyata keçirilir. Bu baxımdan sahənin canlanması ölkə üçün çox vacibdir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olarkən bildirib ki, koronavirus dövründə iqtisadi fəallıq aşağı düşsə də, bu, müvəqqəti məsələdir: “Baxmayaraq ki, koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir:  Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək”.

Mövzu ilə bağlı hafta.az-a fikirlərini bildirən iqtisadçı ekspert Rəşad Əliyev də hesab edir ki, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq:

“İlk növbədə, tikinti sektoru üçün ayrıca proqramın hazırlanmasını müsbət qiymətləndirirəm. Çünki koronavirus pandemiyasının yayıldığı dövrdə, sonrakı mərhələdə isə problemin səngiməsindən sonra atılacaq addımlar iqtisadiyyat üçün vacibdir. Nəzərə almaq lazımdır ki, bu dövr çox çətin olacaq. Artıq belə başa düşmək olar ki, hökumət postpandemiya dövrü barədə fikirləşir və qabaqlayıcı addımlar atmaq istəyir. Bu kontekstdə tikinti sektorunun inkişafı və ipoteka kreditləşməsinin stimullaşdırılmasına da xüsusi diqqət yetirilir. Hesab edirəm ki, dövlət ipoteka kreditləşməsini daha da stimullaşdırmaqla ilkin bazara, yəni tikinti bazarına yönələn addımların əsasını qoyur. Bundan əlavə, tikinti sektorunun stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi də gözlənilir".

Ekspert postpandemiya dövründə tikinti sektorunun inkişafına dövlətin dəstək göstərmək planlarının iqtisadi nəzəriyyələrə uyğun olduğunu vurğulayıb: “Bununla vətəndaşların sosial problemlərinin həllinə kömək göstərilir. Bütün ölkələrdə tikinti sektoru iqtisadiyyatın ən həssas sektorudur. Məsələn, böhran dövründə mənfi hallar öncə bu sahəyə təsir edir, daşınmaz əmlak bazarında müəyyən problemlər yaşanmağa başlayır. Bununla belə, inkişaf dövründə də tikinti sektoru çox yaxşı dinamika göstərə bilir. Böhrandan sonrakı dövrdə daşınmaz əmlak bazarında qiymət yüksəlişlərini biz də müşahidə edirdik. İndiki halda pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan bu tədbirlər, sözsüz ki, tikinti sektorunun inkişafına stimul olacaq".

R.Əliyevin hesab edir ki, hazırlanan proqram ipoteka kreditləri vasitəsilə sosial layihələrin icrası - vətəndaşların ehtiyaclarının ödənilməsi, onların sosial problemlərinin həll olunması məqsədi daşıyır. Biznes kreditlərinə güzəştlərin verilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər tikinti sektorunun canlanmasına müsbət təsir etməklə gələcəkdə həm iş yerlərinin qorunmasına və artırılmasına, həm də tikinti materialları istehsal edən sektorların inkişafına təkan verəcək.

Oxunma sayı 198