Pandemiyanın təhsilə vurduğu zərər - ARAŞDIRMA

10:50 11.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin sonundan Çindən başlayan yeni koronavirus infeksiyası (COVID-19) dünyanı ağuşuna alıb. Elə bir sahə yoxdur ki, koronavirus orada öz mənfi təsirini göstərməsin, iz qoymasın. COVID-19-dan ziyan görən sahələrdən biri də təhsildir.

İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər oldu.

Böhranlı vəziyyət ölkələrdən səfərbərlik və ehtiyat mexanizmlərinin işə salınmasını tələb etdi ki, bu da dünyanın 4 qitəsində məktəblərin bağlanması ilə müşayiət olundu. Dünyanın hər bir yerində ən nüfuzlu universitet və məktəblərdə  tədris dayandırıldı, onlayn təhsilin təbiqinə başlanıldı. Azərbaycan Resbulikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul etdi. Sonrakı dövrdə NK-nın qərarı ilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 20-dək bütün məktəblərdə tədris prosesi dayandırılıb. Bundan sonra Operativ Qərargah daha bir neçə dəfə təhsil müəssisələrində təhsilin dayandırılması ilə bağlı qərar verdi. Və bu proses dərs ilinin sonuna qədər davam etdi. 

Pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladı. Məktəblərin gözlənilmədən bağlanmasının hər kəs üçün sürpriz olduğu bir vaxtda Azərbaycanın Təhsil Nazirliyi çevik qərar qəbul edərək “Teledərs”, “Virtual Məktəb” layihələrini həyat keçirdi və şagirdlər üçün tədrisin normal axını davam etməyə başladı.

Onlayn təhsil praktikası nə qədər effektiv oldu?

Təhsil eksperti Kamran Əsədovun hafta.az-a dediyinə görə, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilib:

“Lakin indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığından, bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır. Belə ki, hal- hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz. Amma baş verən fövqəladə hadisə onu göstərdi ki, biz əyani və qiyabi təhsil alma formalarından başqa da təhsil alma formasına keçid etməliyik” deyən müsahibimiz hesab edir ki, buna da ən uyğunu distant təhsildir. Hansı ki, distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir".

Ekspert bildirir ki,  məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir: "Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır. Bu forma uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli  təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur”.

K.Əsədov qeyd edir ki, peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə, təhsil uzaqdakı şagirdlərə çatdırılır: “Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı sonralar bu sahədə çox rəğbət görən bir proqram oldu. İndiki vaxtda kolleclər, universitetlər, kiçik ya da böyük iş qrupları, təhsil agentləri, hərbi qüvvələr, dini təşkilatlar, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr distant təhsilə böyük önəm verirlər. Hazırda dünyanın bir sıra ölkələrinin ali məktəblərində öyrədici kompüter proqramlarından səmərəli istifadə edilməsi üzrə, nəzəri fənlərin öyrədilməsinin ənənəvi metodlarının dəyişdirilməsi istiqamətində iş aparılır. Bu fakt onunla izah edilir ki, nəzəri tədris kurslarının az qala hər birini elektron variantda təqdim etmək mümkündür. Bu isə bir tərəfdən, mətn, qrafiklər, düsturlar və şəkillərdən ibarət ənənəvi tədris vəsaitlərinin analoqu olan müxtəlif multimedia vasitələrindən - videofilmlərdən, multiplikasiyadan, musiqidən və şifahi nitqdən istifadə etməyə, digər tərəfdən, laboratoriya işlərinin və praktiki işlərin məzmununu kompüterdə modelləşdirməyə imkan verir, müasir dövrdə zəruri olan mürəkkəb qurğularla işləmək vərdişləri yaradır".

Bununla belə, K.Əsədov təəssüf edir ki, bu qədər müsbət tərəfləri olmasınna baxmayaraq, ölkəmizdə bunun mexanizmi işlənib hazırlanmayıb. Onun sözlərinə görə, hal-hazırda ölkəmizdə faəliyyət göstərən 4447 orta məktəbin bu resursu yoxdur və o qədər məktəbdə çalışan 150 min müəllimimiz bu texniki imkanları idarə etmək kompetensiyasına malik deyil: “Düşünürəm ki, qısa müddətdə elektron dərs metodlarının tətbiqinə geniş şəkildə başlamaq lazımdır".

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, Azərbaycanda onlayn təhsilə keçid problemli məsələdir və bunun üçün çox işlərin görülməsi lazımdır. 

Ekspertin sözlərinə görə, həm ali təhsil müəssisələrində, həm orta məktəblərdə onlayn  təhsilə keçid üçün bir sıra qaydalar tətbiq olunmalıdır: "Eləcə də kadr strukturunda yenilənmə getməli, xarici ölkələrin praktikası dərindən öyrənilməlidi. Hələ ki, Azərbaycanda bunlar yoxdur. Nə özəl, nə dövlət müəssisələri online təhsilə hazırdırlar. Ola bilsin Azərbaycan Diplomatik Akademiyası, Bakı Ali Neft məktəbi müəyyən mənada keçid edə bilsin. Bu da zaman ala bilər”.

Ekspertin hesab edir ki, əyani təhsil əsasında dərslərin mənimsənilməsində 100 faizlik nəticə əldə edilmədiyi halda, distant təhsil sayəsində yüksək nəticə qazanılacağını gözləmək özünü aldatmaq olar. Dediyinə görə, bu gün distant təhsil öyrədicilik baxımından, özünü maksimum 40-50 faiz doğrulda bilər: “Onu da nəzərə alaq ki, distant təhsilə cəlb olunma göstəricisi ölkənin regionları üzrə heç də eyni deyil. Əgər eyni olsaydı belə, nəticə yenə də dəyişməyəcəkdi”.

Təhsil müəssisələriniz onlayn təhsilə hazır idimi?

Milli Məclisin deputatı, təhsil ekperti Etibar Əliyev bildirir ki, Azərbaycanda universitetlərin əksəriyyəti və o cümlədən orta məktəblər tədrisin onlayn keçirilməsinə hazır deyildirlər:

“Distant təhsil zamanın tələbidir, biz bundan qaça bilmərik.Yaşadığımız cəmiyyət informasiya cəmiyyətdir. Bəşəriyyət dördüncü sənaye inqilabına qədəm qoyub. Koronavirus təhlükəsi ortaya çıxmasaydı da, distant təhsilə keçməliydik. Bütün dünyada distant təhsil var idi. Düzdür, bunun üçün böyük vəsait lazımdır”. Müsahibimiz bildirir ki, virtual dərsin ən müsbət cəhəti o dərsin ictimailəşməsidir: "Bu da cəmiyyətin təhsilli olmasına köməklik göstərəcək. Bəzən distant təhsili qiyabi təhsil sayırlar. Ancaq bu, düzgün deyil. Distant təhsil əyani təhsilin bir növüdür. Orta məktəb müəllimləri bu prosesə hazır deyildirlər. Təhsil istənilən forsmajor hallara hazır olmalıdır”.

Postpandemiya dövründə distant təhsil: Azərbaycan üçün hansı üstünlükləri olacaq?

Dosent, təhsil eksperti İlham Əhmədovun hafta.az-a dediyinə görə, distant təhsilin ölkəmizdə vaxtında yaradılmaması Təhsil Nazirliyi tərəfindən reallaşan Dövlət Proqramlarının səmərəsini də azaldır: “Məlum olduğu kimi,  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilmişdi. Proqram çərçivəsində ümumilikdə 3600 nəfərə yaxın Azərbaycan vətəndaşı 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil alıb. Lakin onların  müəyyən hissəsi təhsilini tamamladıqdan sonra xarıcdə qaldı və vətənə dönmədi, beləliklə də dövlətin onların hər birinə xərclədiyi yüz minlərlə dollar vəsait ölkə iqtisadiyyatına xeyir vermədi, real olaraq ölkəmizin insan kapitalına çevrilmədi”.

Həmsöhbətimiz hesab edir ki,  ölkəmizdə distant təhsil sistemi olsaydı və ya bu gənclərin həmin ölkələrdə ali təhsilini distant almasına şərait yaradılsaydı, onlar Azərbaycanda yaşayaraq o universitetlrdə təhsil alacaqdılar və təhsillərini də tamamladıqdan sonra da ölkəyə qayıtmaq kimi problem olmayacaqdı: “Digər tərəfdən, bu Dövlət Proqramına ayrlan vəsaitə 3-4 min yox, 20-25 min gənc xarici universitetdən onlayn təhsil və diplom ala biləcəkdi. Çünki, yol pulu, sığorta, yaşayış və qidalanma və s. xərclərə, təhsil haqqına (distant təhsil dəfələrlə ucuzdur) qənaət ediləcəkdi. Biz vaxtilə bu Dövlət Proqramı hazırlanarkən təklif vermişdik ki, heç olmasa,  bu tələbələrin 50%-i distant oxusaydı, Dövlət Proqramı daha səmərəli icra olunardı”.

Pandemiyanın vurduğu daha bir ziyan: Yerli universitetlərdə tələbə qıtlığı yarana bilər

Məlum məsələdir ki, pandemiya xaricdə təhsil alan tələbələr üçün də çətinlik yaratdı. Onların yenidən qayıdıb təhsillərini davam etdirmələri və ya ölkədəki universitetlərə transfer olmalarına bir qədər çətinlik yaranacaq. Həmçinin yeni tədris ilində xaricdə təhsil almaq istəyən tələbələrin sayında da azalma müşahidə olunacaq.

Maraqlıdır, bu vəziyyətin Azərbaycan təhsili üçün mənfi təsiri nədir? Ekspert İlham Əhmədov bildirir ki, vaxtında distant təhsil sistemi qurmayan ölkələrin universitetləri yaxın gələcəkdə qlobal reytinqi yüksək olan xarici universitetlərə yerli təhsil bazarında da uduzacaqlar: “Artıq bir milyard tələbəni pulsuz oxuda bilən olnlayn universitetlər yaradılır. Süni intellektin yazılı və şifahi sürətli tərcümə imkanları ilbəil artır. Bunun nəticəsində bizim tələbələr yaxın zamanlarda hətta bilmədiyi xarici dildə əcnəbi universitetlərdə təhsil ala biləcəklər”.

Bunun yaxın illərin perspektivi olduğunu deyən İ.Əhmədov hesab edir ki, bu zaman bizim milli universitetlərin durumu xeyli çətinləşəcək. Onun sözlərinə görə, bu gün distant təhsili olmayan universitet beynəlxalq təhsil məkanında ciddiyə alınmır: "Belə universitetlər tədricən tələbələrini itirəcək, qlobal rəqabətdə məğlub olaraq öz fəaliyyətini saxlamaq məcburiyyətində qalacaqlar. Bu, təhsildə gedən qlobal trendlərin acı nəticəsidir”.

Onlayn təhsil praktikası üçün texniki imkanlar varmı?

Kamran Əsədov onlayn dərsin çatışmazlıqlarının olduğunu deyir: “Birincisi, internetin zəif olması və ya olmaması. Bakıda bu problem olmasa da, regionlarda çalışan bir çox müəllimin internet problemi var. “Zoom” proqramına, “Virtual məktəb”ə qoşulmaq olmur, yalnız “Whatsapp” qruplarında dərs keçməli olurlar. Bölgələrdə çox az müəllim onlayn dərs keçdi, şagirdlərin 60-70% -i onlayn dərslərdə iştirak edə bilmədi. Rayonlarda “Virtual məktəb”dən, ümumiyyətlə, söz gedə bilməz.Uşaqların özünün şəxsi telefonu, kompüterinin olmaması da onların onlayn dərslərdə iştirakına mane olur”.

Yeri gəlmişkən, Dünya Bankının məlumatına görə, COVİD-19 pandemiyasına qədər, bir qədər konkretləşdirsək, 2019-cu ildə dünyada elektron təhsil texnologiyalarına, onlayn təhsil platformalarının yaradılmasına 18,66 milyard dollar investisiya yatırılmışdırsa, 2025-ci ildə bu göstəricinin 350 milyard dollara çatacağı planlaşdırılır.

2020-ci ilin fevral ayında dünyada "Zoom" istifadəçilərin sayı 2,2 milyon nəfər artıb, mart ayında gün ərzində 2,13 milyon dəfə yüklənmə olub. Ötən ilin dekabrında istifadəçilərin sayı 10 milyon nəfər, 2020-ci ilin mart ayında 200 milyon nəfər olub və şirkətin dövriyyəsi 42 milyarda dollara çatıb.

80 646 məzun üçün çalınan virtual “Son zəng”

Ölkədə kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyindən, təbii ki, bu il məzun olan şagirdlər üçün də “Son zəng”in keçirilməyəcəyi gözlənilən idi. Və iyunun 12-də Azərbaycanda ilk dəfə virtual “Son zəng” keçirildi.Son zəngi Təhsil naziri Ceyhun Bayramov çaldı.

Qeyd edək ki, bu il 80 646 şagird məzun oldu.

Pandemiya dövründə məzunları və onların valideynlərini daha çox buraxılış və qəbul imtahanlarının necə keçiriləcəyi maraqlandırır. Dövlət İmtahan Mərkəzi (DİM) artıq bir neçə şəhər və rayonda 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib.İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

Keçirilən bütün imtahanlar zamabı imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruridezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Pandemiyadan sonra təhsil necə olacaq?

İndi hamı bu suala cavab axtarır. Ekspertlər bildirirlər ki, pandemiyadan sonrakı dövrdə onlayn təhsilə, virtual təhsilə təlabat daha da artacaq. Yəni, postpandemiya dövründə də onlayn təhsil davam edəcək. Çünki bu, təhsilin əlçatan olması üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcəklər və dərsin davamlılığı pozulmayacaq.

Ruzbeh MƏMMƏD

 

 

Oxunma sayı 8311