Pandemiyanın xəritəsi: ölənlərin sayı 2 milyonu aşdı (ARAŞDIRMA)

17:10 15.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Geridə buraxdığımız 2020-ci ili dünyanı qorxu içində saxlayan koronaviris pandemiyası , təəssüf ki, bu il də var qüvvəsi ilə insanları yoluxdurmağa və can almağa davam edir. Bu gün səhər (15 yanvar) dünya miqyasında yoluxanların sayı 93 milyon 547 minə yüksəlib, xəstəlik səbəbindən yaşamını itirənlərin sayı isə 2 milyon nəfəri aşıb. Amma əlbəttə, ruhdan düşmək lazım deyil, 66 milyon 927 min nəfər artıq sağlamlığına qovuşub və hazırda bu xəstəlikdən müalicə alan aktiv xəstələrin sayı 24 milyon 690 min nəfərdir.

Aşılama başlayıb

Təbii ki, virusun özbaşınalığına son qoymaq üçün uzun aylardır alimlər əlac axtarır, çox çeşiddə aşılar hazırlanır. Artıq aşılardan bir neçəsinin tətbiqinə başlanılıb, maddi baxımdan imkanlı dövlətlər şirkətlərlə bağladığı müqavilələr əsasında aldıqları dərmanı əhalisinə tətbiq etməyə başlayıblar.  Məsələn, Biontech/Pfizer, Moderna, AstraZeneca, Sputnik V, SinoVac və sair kimi aşılar adamlara vurulmağa başlayıb. Yanvarın 14-nə olan məlumata görə, dünyada ümumilikdə 35 milyon 90 min insana ilk aşı dozası vurulub. Ən çox aşı tətbiq edən ölkələr isə sıralaması ilə aşağıdakı kimidir: ABŞ-da 11 milyon 870 min, Çində 10 milyon, Avropa İttifaqına üzv ölkələrdə ümumilikdə 4,2 milyon, Böyük Britaniyada 3,4 milyon, İsraildə 2 milyon 161 min, Birləşmiş Ərəb Əmirliklərində 1 milyon 528 min, Rusiyada 1,5 milyon, İtaliyada 961 min, Almaniyada 843 min, İspaniyada 616 min, Kanadada 458 min, Polşada 370 min, Fransada 318 min, Türkiyədə 285 min, Meksikada 193 min, Səudiyyə Ərəbistanında 179 min, Rumıniyada 168 min, Argentinada 167 min, Danimarkada 129 min, Bəhreyndə 110 min nəfər müxtəlif firmaların istehsalı olan aşı ilə aşılanıb. Yanvarın 14-nə olan tarixdə aşılanmaya start vermiş daha 30 ölkə var ki, onlardan 22-si məhz Avropa subyektidir. Afrika və Cənubi Asiyanın kasıb ölkələri isə aşılanma prosesinə hələ hazır deyillər.

Ən çox yoluxanlar

Koronavirus pandemiyası dövründə ən çox ziyan çəkən ölkələr, qəribədir, əsasən iqtisadi müstəvidə daha çox inkişaf edənlərdir. Yəni cəmiyyətləri daha çox savadlı, maddi gəlirləri daha yüksək, səhiyyə sektoru daha inkişaf etmiş bu ölkələrdə həm yoluxma sayı yüksəkdir, həm də ölüm faizi. Məsələn, dünyanın ən güclü iqtisadiyyatı olan Birləşmiş Ştatlarda 14 yanvar tarixinə olan məlumata görə 23 milyon 849 min nəfər virisa yoluxub. Bu nəhəng ölkə ölüm sayında da liderdir – eyni tarixdə 398 min nəfər. Ümumiyyətlə, ən çox yoluxma sayı olan ölkələrin siyahısı ABŞ-ın ardıyla 14 yanvar tarixinədək aşağıdakı kimidir: Hindistanda 10 milyon 529 min, Braziliyada 8 milyon 326 min, Rusiyada 3 milyon 520 min, Böyük Britaniyada 3 milyon 260 min, Fransada 2 milyon 852 min, Türkiyədə 2 milyon 365 min, İtaliyada 2 milyon 336 min, İspaniyada 2 milyon 212 min, Almaniyada 2 milyon nəfər koronavirusa yoluxub. Fikir verin, adları qeyd edilən ölkələrin hamısı yüksək inkişaf etmiş iqtisadiyyatı, maliyyə-bank institutları, səhiyyə sisteminə sahibdir. Yoluxma sayı milyondan artıq olan ölkələrin siyahısı eyni müstəvidə aşağıdakı kimi davam edir: Kolumbiyada 1 milyon 849 min, Argentinada 1 milyon 771 min, Meksikada 1 milyon 588 min, Polşada 1 milyon 422 min, İranda 1 milyon 312 min, Cənubi Afrika Respublikasında (CAR) 1 milyon 297 min, Ukraynada 1 milyon 447 min və Peruda 1 milyon 49 min nəfər koronavirus aktiv daşıyıcısıdır. Fikir verin, bu ölkələrin əksəriyyəti də normal inkişaf səviyyəsində olan ölkələrdir. Siyahının ardında – yoluxma sayı 500 mindən 1 milyonadək olan 13 ölkədən 6-sı Avropanın yüksək inkişaf etmiş subyektidir (Niderland, Belçika, İsveç, Portuqaliya, Rumıniya və Çexiya). Qalan 7 ölkə isə Kanada, Çili, İsrail, İndoneziya, Pakistan, İraq və Banqladeşdir. Göründüyü kimi, siyahıda yeganə az gəlirli ölkə Banqladeşdir.

Bu arada, Azərbaycanda yanvarın 14-dək bu virusa yoluxanların sayı 226,2 min nəfərdir.

Bu arada qeyd edək ki, indiyədək dünyada ən az yoluxma sayı qeydə alınan dövlətlər Mikroneziya, Vanautu və Samoadır.  Mikroneziyada cəmi 1 nəfər yoluxub və sağalıb. Vanautuda da 1 nəfər yoluxub, amma vəfat edib. Samoada isə cəmi 2 nəfər virusa yoluxub, amma ikisi də sağalıb.

Virusun ilk dəfə müşahidə edildiyi Çində isə yoluxma sayı cəmi 87988 nəfərdir.

Virusun öldürdükləri

Koronavirus səbəbindən ölənlərə gəldikdə, onların da əksəriyyəti inkişaf etmiş ölkələrin payına düşür. Yazını yayıma hazırladığımız vaxt, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytındakı rəqəmlərə istinadən virusdan ölənlərin sayına görə ölkələr üzrə təsnifatlaşdırdıq. Siyahı ilk onluq aşağıdakı kimidir: ABŞ-da 397994 nəfər, Braziliyada 207160 nəfər, Hindistanda 151954 nəfər, Meksikada 137916 nəfər, Böyük Britaniyada 86015 nəfər, İtaliyada 80848 nəfər, Fransada 69313 nəfər, Rusiyada 64493 nəfər, İranda 56538 nəfər, İspaniyada 53079 nəfər. Ölüm faktına görə sonrakı yerləri bu ölkələr tutur: Kolumbiyada 47491 nəfər, Almaniyada 45492 nəfər, Argentinada 45125 nəfər, Peruda 38564 nəfər, CAR-da 35852 nəfər, Polşada 32844 nəfər, İndoneziyada 25484 nəfər, Türkiyədə 23494 nəfər və sair.

Dünya üzrə bu xəstəlikdən ən az itki verən ölkələr Monserrat, Qərbi Səhra, Qrenada, Virciniya Adaları və Müqəddəs Barfdır. Bu ölkələrin hər birində cəmi 1 nəfər həlak olub. Sent Vinsent və Qrenada, Makao, laos, Kamboca, Yeni Kalodeniya, Vatikan, Vinsent, Solomon Adaları, Samoa, Mikroneziya və Vanautuda isə, ümumiyyətlə ölüm hadisəsi baş verməyib.  

Azərbaycanda koronavirusdan yaşamını itirənlərin sayı 2971 nəfərdir. Koronavirusun ortaya çıxdığı ölkə - Çində isə indiyədək eyni səbəbdən 4635 nəfər yaşamını itirib.

Pandemiyanın coğrafiyası

Virusa ilk dəfə Çində təsadüf ediləndə, çox ölkədə insanlar rahat idilər. Hətta bir çox dövlət başçısı ölkəsinin Çinlə sərhədi olmadığını vurğulayaraq, lovğalanırdı. Amma çox keçmədi ki, virus İranda və Avropada – İtaliyada zühur etdi. Özü də, Çindən minlərlə kilometr uzaqda olduqlarını əsas gətirərək heç bir tədbir almayan bu ölkələrdə virus elə sürətlə yayılmağa başladı ki, bir-iki həftənin içində bütün Avropa çarəsiz qaldı. Hansı ki, bu gün də İtaliya, Böyük Britaniya, ispaniya, Almaniya, o qədər də böyük olmayan Niderland, Belçika, İsveçrə və Portuqaliya kimi ölkələr pandemiyanın mərkəzləri olaraq qalır. Bu gün ən çox yoluxma sayı qeydə alınmış 18 ölkədən 8-i, ən çox ölüm hadisəsi yaşanan 18 ölkədən isə 7-su məhz Avropada yerləşir. Bu səbəbdən də deyə bilərik ki, ilk vaxtlar olduğu kimi, bu gün də qlobal pandemiyanın əsas mərkəzi Avropadır.

Şimallı-Cənublu bütün Amerika qitəsi isə pandemiyanın ikinci mərkəzidir. Çinlə quru sərhədinin olmamasına, bir-iki ölkəni çıxmaq şərtilə, güclü önləyici tədbirlərin alınmasına baxmayaraq, Amerika qitəsi ölkələrində koronavirus elə sürətlə yayılıb ki, bu günün özündə də qarşısında dayanmaq olmur. Hazırda dünyada istər yoluxma. Istərsə də ölüm faktına görə birinci olan Birləşmiş Ştatlarda vəziyyət daha ağırdır. Braziliya. Meksika, Kanada, Kolumbiya, Argentina, Çili və sair kimi ölkələrdə pandemik durum az qala nəzarətdən çıxmaqdadır. Təsadüfi deyil ki, 1 milyondan artıq yoluxma, eləcə də ən çox ölüm faktı qeydə alınmış 18 ölkədən 6-sı məhz Amerika qitəsində yerləşir.

Pandemiya Asiyanın bütün ölkələrində yayılsa da, Hindistan istisna olunmaqla, qalanlarında vəziyyət o qədər də böhranlı deyil. Düzdür, türkiyədə, İranda, Rusiyada yoluxma sayı çox yüksəkdir, amma son vaxtlar həm yluxanların, həm də vəfat edənlərin sayında ciddi eniş hiss olunur. O ki qaldı Hindistana, əslində əhalsiinin ümumi sayı ilə müqayisədə burada vəziyyət ABŞ və ya Qərbi Avropa ölkələrindəkindən çox yaxşıdır.

Digər qitələrlə müqayisədə hələ ki, ən yaxşı vəziyyət Avstraliya və Afrikadadır. Çoxları bu iki qitədə ilboyu isti havanın hakim olduğunu virusun yayılmasının qarşısını alan əsas səbəb kimi göstərir. Amma reallıq budur ki, bu ərazilərdə virusun yayılma sürəti çox aşağıdır...

Oxunma sayı 2146