“Parlamentin qərarı sırf şiələrin mövqeyini əks etdirir” – Riyaz Sarıkahya

17:25 13.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il İraq dövləti üçün gərgin başladı, hərbi-siyasi qarşıdurma az qala müharibə təhlükəsini gündəmə gətirdi. Hətta Bağdadın qisas xarakterli qərarlarından dolayısı ABŞ bu ölkəni ən sərt sanksiyalarla hədələyir, dövlətin tələbinə baxmayaraq onun ərazisindən əsgərlərini çıxarmamaqda israr edir. Hadisələrin fonunda Kürdüstan muxtariyyəti fərqli mövqe tutub, dövlətin ziddinə gedərək Amerika hərbi qüvvələrinin İraqda qalmasını istəyir. Bağdadla Ərbil arasında qalan, türk milli mənəviyyatının qalası sayılan, o cümlədən biz Azərbaycan üçün də xüsusi mahiyyət daşıyan Kərkükün bitərəfliliyi isə düşündürücüdür. Bütün bunları düşünərək İraq türkmənlərinin milli lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya ilə söhbətləşib, yerindəcə məlumat almaq istədim. Riyaz bəy mənimlə söhbətə hazırda İraqda yaranmış vəziyyətdən söz açmaqla başladı:

- İraqın hər yerində vəziyyət ağırdır, sabah nə olacağını bu gündən bilmək olmur. Amma şükür ki, qonşularla əlaqələr normaldır. Ölkə daxilində hər hansı məzhəb və etnik qarşıdurma vəziyyəti yoxdur. Başdadda davam edən siyasi çıxışlar sadəcə şiələrin daxilində gedən iqtidar-müxalifət qarşıdurmasının təzahürüdür. Hökumətin arxasında İran dayanır, qarşı tərəfi isə ABŞ dəstəkləyir. Ən pisi isə odur ki, son dönəmlərdə zaman-zaman sui-qəsdlərin baş verdiyini görməkdəyik. Çox sayda qurban verilir ölkədə. Ancaq onu da vurğulayım ki, qurbanlar fərdi müstəvidə verilir, ümumilikdə İraqda hər hansı qarşıdurma yaşanmır.

- Məlum olaylardan sonra Bağdad hökuməti xarici hərbi qüvvələrin ölkədən çıxarılmasını nəzərdə tutan qərar qəbul etdi. Bu məsələ nə yerdə qaldı, İraqda, NATO üzvü olan bəzi ölkələrin hərbçiləri var, ölkənizi tərk etməyə başladıqlarına dair məlumat varmı?

- Dediyiniz kimi, İraq parlamenti ölkə ərazisində yerləşən bütün xarci hərbi qüvvələrin çıxarılmasına dair qərar verdi. Amma onu da deyim ki, parlament həmin məsələni müzakirə edərkən, 4-5 millət vəkili istisna olmaqla, iclasda yalnız şiə deputatlar iştirak edib. Ona görə də, hüquqən parlamentin qərarı olsa da, siyasi mənada baxıldıqda sırf şiələrin mövqeyini əks etdirir.

- Parlamentin qərarı necə qarşılandı, əməl olunurmu?

- Hələ çox tezdir, ona görə də pratik olaraq hər hansı icra vəziyyətindən söz açmaq mümkün deyil. Bunun üçün xeyli zaman lazımdır. Prosesin başa çatdırılması üçün böyük maliyyə problemləri həll olunmalıdır və sair. Qərar bütün xarici hərbi qüvvələri əhatə etsə də, əslində hücumu edən yalnız ABŞ ordusu idi və parlamentin məqsədi də məhz Amerikaya etirazını bildirmək idi. Qısası, İraqda yer üstündə hər hansı hərəkətlilik yoxdur, bütün xarici hərbi qüvvələr də olduqları yerdədir.

- İraqda yerləşən ABŞ hərbi bazalarının bağlanması tələb olunur, amma eşitdiyimə görə, Tramp Bağdadın bu qərarını qəbul etməyəcəklərini bildirib. O, əvvəl hərbi bazanın tikintisinə çəkilən milyardlarla dollar vəsaitin geri ödənilməsini şərt qoysa da, bu gün ümumiyyətlə çıxmayacaqlarına israr etməkdədir. Sizcə bu prosesin sonu necə görünür?

- Bəli, Amerika öz qoşunlarını İraqdan çıxarmaqda könülsüzdür. İraq Yaxın Şərqdə neftin mərkəzidir. Bu gün Amerika çox ağır şərtlər qoyur, yüksək həcmli maliyyə xərclərini bəhanə gətirir. Məncə, hətta çox üstünə gedərlərsə, bir-iki bölgədən əsgərlərini çıxara bilərlər, Amma bu ölkədən çıxmaq mənası verməyəcək, İraqın digər bölgələrinə yerləşəcəklər. Məsələn, Ərbildə və ya digər sünnilərin yaşadıqları bölgələrə gedəcəklər. Bu zaman isə “B” planı işə düşəcək.

- Bildiyim qədər, İraqdakı bütün siyasi tərəflər Amerika bazalarının bağlanmasını tələb edib, amma Ərbil muxtariyyətinin hökuməti buna qarşı çıxıb. Sizcə Ərbili narahat edən nədir, niyə Amerika əsgərlərinin İraqda qalmasını istəyirlər?

- Ərbilin yerli hakimiyyəti hər zaman Qərblə siyasi ittifaq içində olmağa çalışıb. Eyni zamanda, Ərbil heç vaxt Bağdad hökumətinə inanmayıb. Həm də axı ərbil iqtidarı “Böyük Yaxın Şərq” layihəsinin tərəfdarı olub. Odur ki, Amerika qoşunlarının bölgədə olması onların maraqlarına tam uyğundur.

- Bu günlərdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Ərbil rəhbərliyinə Türkiyə adından tam təhlükəsizlik təminatı verib. Bu müstəvidə fikirlərinizi eşitmək maraqlı olardı...

- Bu təbidir, Ərbil hökuməti hazırda Türkiyə ilə ittifaq vəziyyətindədir . Türkiyə Kürdüstan muxtariyyətinin təhlükəsizliyi üçün məsuliyyət daşıyır.

- İraqdan danışarkən Kərkükdən söz açmamaq olmaz – orda vəziyyət necədir? Kərkük bütün bu hadisələrin içində necə görünür, şəhərdə hər hansı təhlükə varmı? Türkiyə Ərbilə vəd etdiyi təhlükəsizlik təminatını Kərkükə, Türkmənelinə də verirmi?

- Günümüzdə Kərkük şəhərində vəziyyət sabitdir, amma ətraf bölgələrdə İŞİD silahlıları tərəfindən vaxtaşırı terror aktları törədilir. Lakin elə ciddi zərər vura bilmirlər, çoxunun qarşısı təhlükəsizlik qüvvələri tərəfindən vaxtında alınır. Türkiyə hər zaman Kərküklə həmrəylik nümayiş etdirib və bu gün də o dəstəyi alırıq. Türkiyə dövləti kərküklülərə qarşı milli-mənəvi məsuliyyət daşıyır...

Oxunma sayı 934