“Parlamentin tam gəncləşməsinin tərəfdarı deyiləm” – Çingiz Qənizadə

12:55 09.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bir çoxları V çağırış parlamentin buraxılmasından sonra onun dördillik fəaliyyətini sosial mediada qınamağa başladı. YAP-çı deputatlarla yanaşı, parlamentin müxalif və bitərəf millət vəkilləri də fəaliyyətsizlikdə, süstlükdə günahlandırıldı. 

Millət vəkili Çingiz Qənizadə ilə parlamentin dördillik fəaliyyəti ilə bağlı söhbətləşdik. Çingiz müəllim hafta.az-a müsahibəsində bildirdi ki, Ötən parlamentin gördüyü işlərin qeyri-qənaətbəxş hesab edilməsinin də tərəfdarı deyil.

-Çingiz müəllim, parlament buraxıldıqdan sonra sosial mediada bitərəf deputatlar da qınanıldı. Onların sırasında sizin də adınız hallandı. Razılaşırsınızmı bu ittihamlarla?

- Qətiyyən razı deyiləm. Mən bitərəf deputat olaraq artıq 9 ildir parlamentdə fəaliyyət göstərirəm. Hər gün sosial şəbəkələrdə fəallıq nümayiş etdirirəm. Həftədə 4-5 dəfə telekanallarda oluram. Açıqlamalar, müsahibələr verirəm. Müzakirələrə qoşuluram. Cəmiyyətin müəyyən tələblərinə, çağırışlarına uyğun mövqe nümayiş etdirirəm. Qanunvericilik təşəbbüsü ilə çıxışlar etmişəm. Eyni zamanda, Milli Məclisə 4-5 qanun layihəsini təqdim etmişəm. Ən azından cəmiyyəti narahat edən məqamları cəmiyyətin dilindən eşidərək və onun haqlı olduğunu bilərək daha yuxarı instansiyalara çatdırmışam. Beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərmişəm. Milli Məclisin komitə iclaslarında aktiv fəaliyyətim olub.

-Bəs o zaman ittihamları nə ilə əlaqələndirirsiniz?

-Əgər mətbuat belə hesab edirsə ki, parlament üzvü olan hər kəs müxalif partiyaların mövqeləri, hətta bəzi partiya rəhbərlərinin dilindən çıxan radikal fikirlərini parlamentdə səsləndirilməlidir, düşünürəm ki, bu cür fikirləşən insanların özləri dayazdırlar. Parlament qanunverici orqandır. Burada cəmiyyətin seçilmiş insanları fəaliyyət göstərir. Parlamentdə hər şey danışıqla, disskusiyalarla gündəmə gətirilir. Müzakirə olunur.

-Fəaliyyətsizlik ittihamlarını əsassız hesab edirsinizsə, bəs o zaman parlametin özü-özünü buraxması nə ilə əlaqədardır?

-Parlamentin özü-özünü buraxmasının səbəbi başqadır. Siyasi məsələdir. Gündəmin, cəmiyyətin tələb etdiyi məsələdir. Hesab edirəm ki, onsuz da gələn il parlament seçkiləri keçirilməli idi. Sadəcə olaraq ölkədə gedən islahatlara uyğun şəkildə seçkilərin keçirilməsi 7-8 ay qabağa çəkilib. Burada da hər hansı problem axtarmağın tərəfdarı deyiləm. Təbii ki, biz hələ ki, millət vəkili olaraq qalırıq. Qanunverci, qərar qəbul etmək fəaliyyətimizi dayandırırıq. Hesab edirəm ki, ötən V çağırış parlament olduqca uğurlu fəaliyyət göstərib. Cəmiyyətin istəyinə uyğun kifayət qədər qanunlar qəbul olunub. Beynəlxalq təşkilatlarda dövlətimizin mövqeyi kifayət qədər yüksək səviyyədə müdafiə edilib. Dövlətimizin haqq səsi lazımı təşkilatlara çatdırılıb. Beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbuluna nail ola bilmişik. Bu baxımdan mən parlamentin fəaliyyətinin tamamilə qınanmasının tərəfdarı deyiləm. Parlament buraxıldıqdan sonra millət vəkillərinin qınanılmasının əleyhinəyəm.

-Çingiz müəllim, bəs bu dəfə seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi?

-Təbii ki, parlament seçkilərində iştirak edəcəyəm. Buna həm yaşım, həm fiziki imkanlarım, həm savadım, həm də ağlım imkan verir. Eyni zamanda, seçicilərim bunu istəyir. Parlament buraxılandan sonra mənə çoxlu sayda zənglər gəlib. Onlar da soruşublar ki, növbəti dəfə parlament seçkilərində iştirak edəcəksinizmi, bu barədə nə düşünürsüzüz-deyə soruşublar. Təbii ki, hamısına “hə” demişəm.

-Sizcə növbəti çağırış parlamentin tərkibi necə olmalıdır? Qadınlara, yaşlılara, yoxsa gənclərə üstünlük verilməlidir?

-Əvvəla onu deyim ki, parlamentin tərkibinin necə olacağını seçici müəyyən edir. Mən də seçici olaraq hesab edirəm ki, əgər mənim seçildiyim dairədə bir neçə nəfər namizədliyini irəli sürərsə, mən orada daha çevik qərar qəbul etmək imkanı olan, daha savadlı, daha intellektual, həm fiziki, həm əqli cəhətdən üstünlüklərə malik şəxslərə səs verərdim. Bəzən də parlamentdə olanlar üçün dil bilmək çox önəmlidir. Amma mən parlamentin tam gəncləşməsinin də tərəfdarı deyiləm. Dünya təcrübəsində də parlamentin tamamilə gənclərdən ibarət olması ilə bağlı da təcrübə yoxdur. Təbii ki, parlamentdə gənclərin də, xanımların da sayları müəyyən qədər olmalıdır. O baxımdan hesab edirəm ki, növbəti parlament daha intellektual, səviyyəli, müasir, çevik işləməyi bacaran, həm fiziki, həm əqli cəhətdən üstün insanlara üstünlük veriləcək. Növbəti parlament indiki parlamentdən daha operativ və çevik qərarlar qəbul etmək baxımından və əqli, fiziki cəhətdən sağlam insanların formalaşdırdığı bir qurum olacaq.

-Budəfəki parlamentdə əqli cəhətdən problemi olanlar vardımı?

-Əqli cəhətdən problemləri olanlar bu parlamentdə də yox idi. Bunu belə demək istəməzdim. Yəni, müəyyən amillər – yaş, fiziki problemlər bəzi həmkərlarımıza əziyyət verirdi. Bu günlərdə Yevda müəllim vəfat etdi. O bir neçə il idi ki, xəstə idi. Bundan başqa bir neçə həmkarımızın səhhətində problemlər vardı. Bu baxımdan deyirəm. Ötən parlamentin gördüyü işlərin qeyri-qənaətbəxş hesab edilməsinin də tərəfdarı deyiləm.