Partiya gerbində faşist simvolu, paytaxtda faşistdə heykəl – İşğalçı dövlətin iç üzü

12:57 14.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Təxminən 10 il müddətinə Ermənistanda hakim partiya olmuş “Respublikaçılar”ın gerbində faşist loqosunun olmasından yəqin xəbəriniz var. Yəqin onu da bilirsiniz ki, Serj Sarkisyan hakimiyyəti dönəmində satqın və cinayətkar şəxs kimi tanınan Qaregin Njdeyə İrəvanda heykəl qoyulub.

Məlumat üçün qeyd edək ki, Ermənistanın hakim Respublika Partiyasının ideoloji atası olan Qaregin Njde (Qaregin Ter-Arutunyan) ikinci Dünya müharibəsi illərində Berlinə gedərək Hitlerlə əməkdaşlıq edib. O, hətta Vermaxt tərəfindən dərc olunan faşistyönümlü “Azat Hayastan” (Azad Ermənistan) qəzetinin baş redaktorunun müavini olub. Vermaxtda erməni legionunu yaradılmasında iştirak edib.

Ermənistanın hakim partiyası öz ideoloji atasının Qaregin Njde olduğunu bəyan etsə də, onun faşistlərlə əlaqəsini nəzərə alaraq bu barədə susmağa üstünlük verirdi. Amma artıq Ermənistanın hakim Respublika Partiyası özündə güc taparaq öz ideoloji atasını bəyan etməkdən çəkinməyib. 28 may 2016-cı ildə İrəvanda prezident Serj Sarkisyanın şəxsi iştirakçı ilə Qaregin Njdeyə qoyulmuş heykəl açılıb.

Bir sıra ekspertlər hesab edir ki, dünya faşizm əleyhinə olduğu halda, Ermənistan rəhbərliyi Yerevanda daşnak ordusunun keçmiş generalı, agentura işi çərçivəsində almanların yanında Qaregin Njde ləqəbi ilə xidmət etmiş satqın Ter-Arutyunyana heykəl qoyub onun xatirəsini ədədiləşdirməklə dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur.

Politoloq Fikrət Sadıqov hafta.az-a açıqlamasında deyib ki, Ermənistanın uzun müddət hakim partiyası olan Respublikaçılar Partiyasının gerbində faşist simvolunun olması birmənalı şəkildə faşizmin ideallaşdırılmasıdır: “Bu, həm də birmənalı olaraq işğalçı ölkədə faşizm ideologiyasının təbliğidir. Artıq onu da bilirik ki, keçmiş rejim faşist ideologiyasının daşıyıcısı olan Qaregin Njdenin 6 metrlik hündürlükdə heykəlini qoyub. O zaman aydın oldu ki, Ermənistanda hakimiyyətdə olanlar bu ideologiyanı əməlli-başlı təbliğ edirlər. Həm də onun tərəfdarlarıdır. Bu məsələni MDB dövlət başçılarının sammitində bizim dövlət başçımız da qabartdı. Ölkə rəhbərimizin çıxışına reaksiya verən Ermənistanın baş naziri Nikol Paşinyan da faktiki olaraq bunu təsdiqlədi. O, hətta ölkə başçısının arqumentlərinə söz tapmadı. Tamamilə əsassız arqumentlər səsləndirdi. Guya bu məsələləri qabartmaqla biz onun xalqını təhqir edirik. Əslində Paşinyan və onun hakimiyyəti dünya birliyini ələ salır. Təhqir edir. Belə bir simvol faşist rejiminə məxsusdur. Cinayətkar Njdeyə 6 metrlik hündürlüyündə heykəl qoyulursa, deməli, bunlar məqsədli şəkildə faşist ideologiyasını təbliğ edirlər. Onun tərəfdarlarıdırlar. Əgər Nikol Paşinyan gəlib MDB sammitində iştirak edib ikinci dünya müharibəsinin qurtarması ilə bağlı bəyanata imza atırsa, bu, ikiüzlülükdür. Heç də onların siyasi pioritetlərindən irəli gələn bir addıç deyil”.

Ermənistanın bəşəriyyət əleyhinə, insanlığa, humanizm ideyalarına qarşı tarixən formalaşmış mövqeyi və real əməlləri davamlı olaraq, faşizmlə üst-üstə düşüb. Amma gözləmək olardı ki, Ermənistan, Hitler Almaniyası üçün vuruşmağı Ermənistan, erməni xalqı üçün vuruşmaq kimi qələmə verən cinayətkara öz paytaxtında abidə ucaldacaq qədər aşağı səviyyə nümayiş etdirməyəcək. Çünki, dünya faşizmdən imtina etdiyi, onu insanlıq üçün qəbuledilməz bir iedologiya hesab etdiyi üçün Ermənistan ən azı, görüntü xatirinə də olsa, özünün iç üzünü açıq şəkildə ortaya qoyan bu addımı atmamamlı idi.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib ki, Rusiya İkinci dünya müharibəsinin tarixini təkrar yazmaq istəyənlərə layiqli cavab verməlidir. Rusiyalı deputat Ermənistanda Qaregin Njdeyə heykəl qoyulması fikrinə sərt reaksiya verib:

“Ermənistanda Qaregin Njdeyə heykəl qoyulub! Onun nasistlərin adamı olduğunu təsdiq edən rəsmi sənədlər var. O, Qızıl Ordunun arxasında təxribatlar törətmək məqsədilə Bolqarıstanda agentlər cəlb edirdi. Amma ona heykəl qoyurlar. Mən bundan daha çox Njdeyə Krasnodarın Armavir şəhərində heykəl qoyulduğunu eşidəndə hiddətlənmişdim. Fikrimcə, bu, “nasizmin bərpası” maddəsi ilə cinayət kimi qəbul olunmalıdır. Njdeyə heykəllər qoyulması nasist cinayətkarının qəhrəmanlaşdırılması deməkdir”.

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında obyektiv reallığı təsvir edən Prezident İlham Əliyevin çıxışının müqabilində Nikol Paşinyanın verdiyi cavab qədər absurd və heç bir çərçivəyə sığmayan mövqe isə indiyədək heç bir beynəlxalq tədbirdə, o cümlədən MDB dövlət başçılarının sammitində açıq şəkildə bildirilməyib. Paşinyanın bu mövqeləri müdafiə etmək, ona haqq qazandırmaq istiqamətindəki səyləri isə çox gülünc və cılız arqumentlərə söykənirdi. Onun Sovet İttifaqının tətbiq etdiyi ciddi rejimin insanlar və ziyalılar üçün yaratdığı basqılara öz etirazını bildirdiyi üçün ədalətsiz olaraq repressiyalara məruz qalmış insanlarla Njdeni bərabərləşdirmək istiqamətindəki mövqeyi isə ümumiyyətlə heç bir məntiqə sığmırdı. Hesab edirəm ki, o, bununla ölkə daxilində, erməni xalqı arasında özünə olan zəif ümidləri də heçə endirdi. Eyni zamanda, sələflərindən heç nə ilə fərqlənmədiyini, əksinə, erməni xalqını öz tarixi cinayətlərinə şərik edənlərin insanlığa zidd əməllərinə haqq qazandırdığını ortaya qoydu. Paşinyan Prezident İlham Əliyevin bu mövzu ətrafındakı ədalətli çıxışına dair heç bir tarixi fakta söykənməyən fikirləri, əsassız aqrumentləri ilə çox qorxaq şəkildə etdiyi etirazı ilə isə tarixi bilmədiyini bir daha ortaya qoydu. Bununla da həm özünü, həm də təmsil etdiyi xalqı biabır etdi və göstərdi ki, onun belə tədbirlərdə yaranan hansısa situasiyalardan ağılla, ləqayətlə çıxmaq bacarığı və gücü yoxdur.

Siyasət rubrikasından digər xəbərlər