Partiya rəhbərləri onları tanımayan müşahidəçiləri müdafiə etdi: “Təəccüblü heç nə yoxdur”

14:45 13.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

9 fevralda keçirilən parlament seçkiləri bir çox nüanslarla yadda qaldı. Belə cəhətlərindən biri də şübhəsiz, siyasi partiyaları təmsil edən müşahidəçilərlə bağlı oldu. Belə ki, müəyyən siyasi partiyaları təmsil edən  bir sıra müşahidəçilər ya partiyasının adını düz deyə bilmirdilər, ya da partiya liderlərinin kimliyindən xəbərsiz olduqlarını keçirilən videosorğularda göstərmiş oldular.

Məsələn, Ana Vətən Partiyasının müşahidəçisi partiya sədrinin kim olduğundan xəbərsizdir. Gizlətmir də. Elə Azərbaycan Demokratik İslahatlar Partiyasının nümayəndəsi də Asim Mollazadənin partiya sədri olmasından xəbəri yoxdur.

"Milli Dirçəliş Hərəkatı Partiyasını (MDHP) təmsil edirəm" – deyən müşahidəçi  Fərəc Quliyevin siyasi təşkilatda hansı vəzifə daşıdığını bilməyib. 102 saylı dariədə müşahidə apararkən BQP-nin müşahidəçisinə "Böyük Quruluş Partiyası kimin partiyasıdır?" – sualını ünvanlayanda – "səhv etmirəmsə, Nazim müəllimdir" - deyə cavab vermişdi.

Yəni, Fazil Mustafanın partiya sədri olduğunu bilməmişdi. Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BXCP) təmsil edən müşahidəçilərdən ikisi-üçü də (102 saylı dairənin 32,33,51 saylı məntəqələri-T.T) partiya sədrinin kim olduğunu tam olaraq bilmədiklərini dilə gətirmişdilər.

Həmin müşahidəçilərin bir çoxu ilə bağlı sosial şəbəkələrdə “kəps”lər hazırlandı. Bu məsələ geniş müzakirələrə də yol açdı.

Bəs görəsən həmin müşahidəçiləri müxalifət düşərgəsini təmsil edən partiyalar müəyyənləşdirmişdi, yoxsa onların özlərinin könüllü təşəbbüsləri idi?

Sualmızı adıçəkilən partiyaların rəhbərliyinə çıxaraq ünvanladıq. Fərqli cavablar aldıq.

Ana Vətən Partiyasının müşahidəçisi Fəzail Ağamalı hafta.az-ın sualını etirazla qarşıladı:

“Bizi təmsil edən müşahidəçi hökmən AVP-dən olmalıdı-deyə bir qayda yoxdur. Ana Vətən Partiyası öz üzvlərindən başqa bitərəflərdən, kənar adamlardan üzvlər seçə bilər. Burada nə var ki?! Bunu niyə suala çevirirsiniz? Ola bilsin ki, 2-3 nəfər AVP-nin qərargahlarında olmayıblar. Kənardan müşahidəçi kimi AVP-dən müşahidəçi olmaq istədiklərini bildiriblər. Bunun özü də Azərbaycan qanunvericiliyinə uyğun olan bir şeydir. Qeyri-adi, qanundan kənar bir şey yoxdur. Təccüblü bir şey görmürəm”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə isə bildirib ki, əsas müşahidəçilər partiya qərargahı tərəfindən təyin olunub:

“Çox güman ki, bu məsələlərdə hansısa səhv olub. Araşdırmaq lazımdır. Biz öz tərəfimizdən bu məsələni araşdıracağıq. Nə söhbət gedib, nə məsələdir... Bütün bunlara aydınlıq gətiriləcək”.

Bütöv Azərbaycan Xalq Cəbhəsinin (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli isə bildirib ki, ölkədəki məntəqələrin hər birində müşahidə aparanların hamısı BAXCP-nin üzvü deyil:

“Seçki Məcəlləsində belə bir tələb də yoxdur ki, müşahidəçi mütləq hər hansı siyasi partiyanın üzvü olmalıdır. Yaxud da həmin siyasi partiyanın maraqlarından çıxış etməlidir. Əslində burada müşahidəçilərin təyin olunmasında əsas məqsədlərdən biri və birincisi seçkinin ədalətli, şəffaf və demokratik keçirilməsini müşahidə etməkdir. Qanun tələblərinə necə əməl olunması barədə müşahidələr aparmaqdır. Bildiyimiz kimi ölkədə 82 rayon var. Partiyamızın 58 rayonunda rayon təşkilatımız mövcuddur. Buraya Bakı şəhəri də daxildir. Digər rayonlarda bizim təşkilatlarımız yoxdur. Həmin rayon təşkilatlarımızın olmadığı ərazilərdə bizim rayon təşkilatlarımızın nümayəndələri bizi müşahidəçilərlə təmin edilməsinə yardım göstəriblər. Həmin şəxslərin partiyanın üzvləri olmadığı üçün partiyanın liderinin kim olmasını bilməmələri normaldır. Onları müşahidəçi kimi təyin edənlər tərəfindən təlimatlandırmalı idilər. Amma bu baş verməyib. Onlar arasında dairədə və məntəqədə müşahidə aparanlar da var.  Burada bir problem görmürəm. Təəccüblü heç nə yoxdur. Bizim üçün burada narahatedici məqam yoxdur”.

Qeyd edək ki, Böyük Quruluş Partiyasından və Milli Dirçəliş Hərəkatı Partiyasından məsələyə münasibət öyrənmək mümkün olmadı.