“Paşinyan başa düşür ki, belə bir tədbirdə heç bir təşəbbüs irəli sürə bilməyəcək” – Fikrət Sadıqov 

12:46 29.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Dövlət başçısıİlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi məsələsi qaldırılıb. Artıq dövlət başçımızın bu təklifi BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən müsbət qarşılanıb.

Dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənib. Bir çox politoloqlar hesab edir ki, bu böyük uğur və tarixi hadisədir. Bu öz yerində. Fəqət, hazırda pandemiya məngənəsində çırpınan, ağır durumdan çıxa bilməyən işğalçı Ermənistanın şovinist və populist baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin məlum təşəbbüsünə “hə” deyə bilməyib. Doğrusu, səbəb də gətirməyib. Bir çoxları hesab edir ki, Ermənistanın belə bir mötəbər tribunada sözü olmadığı üçün Nikol Paşinyan “yox” deyib.

Politoloq Fikrət Sadıqov hafta.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə bağlı dünya birliyi səylərini birləşdirmək istəyir. Bu istiqamətdə də müəyyən addımlar atılır:

“Azərbaycanın dövlət başçısı birmənalı şəkildə həm Qoşulmama Hərəkatının sədri kimi, həm də Türkdilli Dövlətlərin, daha doğrusu, Türk Şurasının sədri kimi təşəbbüs irəli sürdü. 130-dan artıq dövlət Azərbaycan prezidentinin təşəbbüsünü dəstəklədi. Çünki koronavirus pandemiyası bütün dünyanın birgə həll edəcəyi məsələdir. Birgə üzləşdiyimiz problemdir. Dünyaya bir bəladır. Amma Ermənistan rəhbərliyinin buna mənfi yanaşması, bunu qəbul etməməsi, birmənalı şəkildə qısqanclıq hissindən qaynaqlanır. Nikol Paşinyan yəqin düşünüb ki, Azərbaycanın dövlət başçısının belə bir təşəbbüslə çıxış etməsi Ermənistanın maraqlarına vurulan zərbədir. Onların maraqlarına zidd addım kimi qiymətləndirib. İkincisi, Paşinyan belə bir mötəbər toplantıda, konfransda hansı təşəbbüslərlə çıxış edə bilər. Hansı töhvə verə bilər?!”.

Politoloqun fikrincə, Ermənistanın baş naziri yaxşı başa düşür ki, belə bir tədbirdə heç bir təşəbbüs irəli sürə bilməyəcək: “Çünki Ermənistanın baş naziri ölkəsindəki vəziyyətə nəzarəti faktiki olaraq itirib. Hazırda Ermənistanda pandemiyanın yayılması böyük sürətlə baş verir. Ermənistanın bu vəziyyətdən çıxması üçün nə resursu, nə də maliyyə dəstəyi mövcuddur. Eyni zamanda, Ermənistanın bu bəladan qurtulması üçün köklü və əhatəli proqramı da yoxdur. Təbii ki, Ermənistan belə bir təşəbbüsə dəstək verə bilməzdi. Görünən odur ki, Paşinyan mövcud vəziyyətdən çıxmaq üçün zəngin dairələrdən kömək istəyəcək. Erməni diasporundan, digər dairələrdən... Çünki onlar ömür boyu kiməsə əl açmağa, dilənməyə öyrənib. Onlar indi də bu ənənələrinə sadiq qalırlar”.

Oxunma sayı 680
Siyasət rubrikasından digər xəbərlər