Rusiya qonşu respublikaları işğal etməyə hazırlaşır

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Rusiyanın baş naziri Vladimir Putinin bu günlərdə “İzvestiya“ qəzetinə müsahibəsi zamanı elan etdiyi yeni proqramı - Avrasiya İttifaqının yaradılması ideyası MDB məkanında geniş əks-səda yaradıb. Ən maraqlısı isə budur ki, V.Putin adıçəkilən ideyanı üç dövlətin - Rusiya, Belarus və Qazaxıstanın daha əvvəllər yaratdığı Gömrük Birliyi əsasında formalaşdırmaq niyyətindədir. Elə isə maraqlıdır, bu gün Qərblə sıx inteqrasiya şəraitində inkişaf edən, ildən-ilə xəzinəsini 10 milyardlarla dollar gəlirlə dolduran, ən əsası türk dövlətlərinin birliyini yaratmağa çalışan Qazaxıstanın Avrasiya İttifaqının yaradılması prosesində baza rolunu oynaması nə dərəcədə inandırıcıdır?
Bu sualla Qazaxıstanın ən məşhur ali təhsil ocaqlarından olan, Almatıda yerləşən Əl-Fərabi Universitetinin doktoru Mirzahan Egamberdiyevlə internet üzərindən söhbətləşdik. Qazaxıstanlı alim söhbətimizin qayəsini eşidən kimi bildirdi ki, şəxsən, o, avrasiyaçılığa qarşıdır. Onun fikrincə, Putinin Avrasiya İttifaqının yaradılması ideyası Rusiyanın yeni işğalçılıq siyasətinin tətbiqinə start verdiyini göstərir. O hətta əlavə etdi ki, artıq Əl-Fərabi Universitetində avrasiyaçılıq düşüncəsinə dair doktorluq dissertasiyasının yazılması barədə təklif də verilib.
M.Egamberdiyev Avrasiya İttifaqı layihəsinin tarixə qovuşmuş SSRİ-dən fərqini belə izah etdi: “Rusiya tarixində üç cür işğal siyasəti yürüdülüb. Bunlardan birincisi çarlıq dönəminə aiddir. Məhz həmin dövrdə Rusiya qonşu xalqların torpaqlarını adi əyalət şəklində çarlığın ərazisinə birləşdirmişdi. İkinci isə 70 il yaşamış sovetlər dövrünü əhatə edir. Burada artıq Rusiya ərazisində dövlətin ideologiyası dəyişmişdi. Eyni zamanda, xalqların siyasi baxımdan dirçəldiyini görən Moskva əyalətçilik yanaşmasını “milli respublikaların yaradılması“ ilə əvəz etdi. Yəni Rusiyanın ətrafında Sovet Sosialist Respublikaları yaratdı. Amma bu respublikaların dövlət kimi heç bir hüququ olmadı. Üçüncü və hələlik, sonuncusu isə bu gün ortaya atılmış Avrasiya İttifaqı ideologiyasıdır. Buna yeni neokolonial siyasət də deyə bilərik“.
Çox qəribədir ki, bir vaxtlar Müstəqil Dövlətlər Birliyi daha əvvəl təsis olunmuş Slavoyan İttifaqının (Rusiya, Ukrayna və Belarusun yaratdığı birlik - V.T.) bazasında meydana çıxdı. İndi də eyni siyasət yürüdülür. Putin bildirir ki, Avrasiya İttifaqı Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük Birliyinin dayaqları üzərində təşəkkül tapacaq. Amma qapılar açıq olacaq digər respublikaların üzərinə, kim istəyir, gəlib qoşula bilər. Yeri gəlmişkən, ötən əsrin əvvəllərində SSRİ yaradılanda da eyni siyasət yürüdülmüşdü. Qazaxıstanlı alim fikrimizə dəstək olaraq dedi ki, Rusiya artıq Gömrük İttifaqını yaradıb və bu yolla addım-addım istədiklərinə çatır. M.Egamberdiyev dedi ki, məhz gömrük birliyi yaradılandan sonra ölkə əhalisinin qazandığı pulların təxminən 80 faizi Rusiya ərazisinə axır. Səbəbini izah edən alim bildirdi ki, Rusiya ilə çox böyük sərhədlərə malik Qazaxıstandan bu ölkəyə gediş-gəliş olduqca çoxdur: “Bu isə həmin insanların Rusiyaya istədiklərini aparmalarına imkan yaradır. Üstəlik, sərhədlərdə gömrük rüsumunun tutulmaması idxal-ixrac əməliyyatlarında böyük üstünlüklərə malik Rusiyaya qat-qat artıq vəsait qazandırır. Gələcəkdə də dünyaya inteqrasiya nəticəsində gəlirləri artıran respublikalardan Rusiyaya maliyyə axını beləcə davam edəcək. Belarus və Qazaxıstanı gömrük boyunduruğuna salan Rusiyanın növbəti hədəfində Qırğızıstandır. Rusiya ilə Çinin arasında yerləşən bu ölkəni də eyniylə tələyə salandan sonra isə Kreml Özbəkistana soxulmağa çalışacaq. Əlbəttə ki, iqtisadi yolla. Bu baxımdan tam əminəm ki, yaradılması planlaşdırılan yeni birliyin siyasi ziyanı iqtisadi səmərəsindən dəfələrlə çoxdur. Bu Rusiyanın tarixən yürüdülən dövlət siyasətinin davamıdır“.
Elə isə Moskva niyə Qazaxıstandan siyasi kart olaraq istifadə edir? Əl-Fərabi Universitetinin doktoru bildirdi ki, bu gün Qazaxıstana siyasi sabitlik hava-su kimi lazımdır. Çünki siyasi sabitlik olmadan iqtisadi yüksəlişə nail olmaq mümkün deyil: “Rusiyanın üzərimizdə oynadığı oyunlar bəllidir. Hazırda Qazaxıstanda 130-dan artıq xalq və etnik qruplar yaşayır. 2010-cu ilin sonunda aparılan siyahıyaalmanın nəticəsinə görə, Qazaxıstan əhalisinin yalnız 64 faizi qazaxlardır. Ruslar isə əhalinin 36 faizini təşkil edir. Məncə əgər Qazaxıstan gömrük birliyinə qoşulmasaydı, indi ölkəmiz ikinci Qırğızıstanı xatırladardı. İkincisi isə Qazaxıstan zəngin neft sərvətini dünya bazarına sərbəst şəkildə, istədiyi kimi çıxarmaq arzusundadır. Məhz bu istəkdən irəli gəlir ki, rəsmi Astana bütün maneələrə baxmayaraq, neftinin bir hissəsini “Bakı - Ceyhan“ kəməri vasitəsilə Avropa bazarlarına ötürür. Nursultan Nazarbayev “Bakı - Ceyhan“ kəmərinə neft vurmaq barədə qərar qəbul etməklə Qazaxıstanı Rusiyanın təsirindən müəyyən mənada qurtarmaq istəyirdi. Moskva isə bunu görür və başa düşür ki, alternativ planlarını qəbul etdirə bilməsə, gələcəkdə ciddi fəsadlarla üzləşəcək. Bunu Putinin “İzvestiya“ qəzetinə verdiyi müsahibəsindən də aydın hiss etmək mümkündür. O deyir ki, məqsədləri iqtisadi və valyuta birliyi yaratmaqdır. Onu da deyim ki, Orta Asiyada Rusiyanın qarşısında dayanan ən çətin maneə Özbəkistandır. Rusiyanın bu ölkəni tələyə salmaq üçün ciddi çalışacağı qaçılmazdır“.
M.Egamberdiyev onu da dedi ki, Moskva hazırda silah yolu ilə işğalın mümkün olmadığını anlayır və məhz bu səbəbdən də iqtisadi layihələrdən istifadə edir. Onun fikrincə, Putin silahlı işğalın nəticəsini Gürcüstanda gördü və belə bir səhvi yenidən buraxmaq istəməz.
Qazaxıstanlı alim bir çox ekspertlərin Avrasiya İttifaqının digər respublikalara da xeyir gətirəcəyinə dair söylədiklərinə cavab olaraq dedi ki, onlar az da olsa, iqtisadi mənfəətləri nəzərə alaraq belə düşünürlər. Əslində isə bu yeni neokolonist işğaldır. Çünki yeni yaranacaq birliyin sərhədlərini Rusiya ordusu qoruyacaq - keçmiş SSRİ-də olduğu kimi.
Vüsal Tağıbəyli
Oxunma sayı 90