“Paşinyan fiziki cəhətdən məhv ediləcəyindən də qorxur” – Arzu Nağıyev

13:23 20.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Nə hərb, nə sülh”ün olmaması artıq status-kvonun olduğu kimi saxlanması deməkdir. Lakin mən deməzdim ki, danışıqlar dayanıb. Bildiyimiz qədər hər iki dövlətin xarici işlər nazirlərinin görüşü gündəmdədir. Diqqətlə xronologiyanı izləyəndə hiss olunur ki, hər hansı kompromis variant tapılan vaxt ya Rusiya, ya da ABŞ tərəfindən müdaxilələr baş verir”.

Hafta.az xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması variantlarından danışarkən politoloq Arzu Nağıyev deyib. Politoloqun fikrincə, bu müdaxilələr o qədər birtərəfli olur ki, əldə edilən razılaşmaların mahiyyətini sıfıra endirir: “Məlumdur ki, yenidən sıfırdan başlamaq da çox çətindir. Son zamanlar baş verən proseslər də buna bariz bir nümunədir. Çox təəssüf ki, bunu edənlər birbaşa elə danışıqlara cavabdeh olan ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərdir. Onlar nəyin bahasına olursa-olsun problemin həllinin ki dövlət arasında həllinə razı olmurlar. Sanki sülhün pozulacağı adı altında özlərinin mühüm əhəmiyyətini göstərmək istəyirlər. Təbii ki, bu proseslər ikili standartlar fonunda baş verir. Məlumdur ki, Azərbaycan üçün ən həssas məsələ ərazi bütövlüyünün toxunulmazlığıdır. Beynəlxalq qurumlar da bundan öz xeyrinə istifadə etməkdə davam edirlər”.

Arzu Nağıyev qeyd edib ki, digər məsələ Paşinyanın mövqeyidir: “Paşinyan çox istəyir ki, münaqişə öz həllini tapsın, tarix qarşısında mühüm bir siyasətçi obrazı yaratsın, lakin bu iqtidarda deyil. Çünki münaqişənin necə həllindən asıl olaraq, o, hətta fiziki cəhətdən məhv ediləcəyindən də qorxur. Ona görə də son vaxtlar Masis Mailyanı irəli verir. Məlumdur ki, işğal olunan ərazilərin saxlanması iqtisadi cəhətdən praktiki olaraq mümkün deyil. Bundan irəli gələrək sərmayələrin yatırılması və digər məsələlərin də həlli alına bilməz. İstər Rusiya, istər İran və digər qonşu və regional dövlətlər də bu iqtidarda deyillər. Deməli, ən mühüm yol sülhdür. Buna da nail olmaq üçün qarşılıqlı kompromisə getmək və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllinə nail olmaq lazımdır. Bir sözlə, regional aktorlar da, beynəlxalq təşkilatlar da bunun marağında olmalı və Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə vadar etməlidirlər. Əks halda, onların heç biri Azərbaycanın ehtiyat variantı ilə problemin həllində istifadə edə biləcəyi və atacağı addımdan kənarda qalıb müşayiətçi kimi dura bilməyəcəklər”.

Siyasət rubrikasından digər xəbərlər