“Paşinyan unutmasın ki, bu rəqəmlər beynəlxalq reytiq təşkilatlarının göstəricilərinə əsaslanır” – Cavid Osmanov

14:57 14.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Yanvarın 13-də cənab prezidentimizin rəhbərliyi ilə iqtisadi müşavirə baş tutdu. Orada iqtisadi bloka aid olan rəhbər şəxslərin iştirakı ilə ötən 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Ölkəmizin başçısı həmin müşavirədə qeyd etdi ki, yola saldığımız ildə ölkəmizdə iqtisadi inkişaf bütün sahələrdə davam etdirilib. İnsanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ildə çox ciddi addımlar atılıb. Təkcə ötən il bu istiqamətdə 30-a yaxın sərəncam imzalanıb. İqtisadiyyatın bütün sahələri ondan əvvəlki illərlə müqayisədə daha dinamik şəkildə artıb”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Ölkə başçısının 13 yanvar müşavirəsində səsləndirdiyi fikirləri şərh edən siyasətçinin sözlərinə görə, 2019-cu il ərzində həyata keçirilən və 2020-ci ildə qarşıda duran vəzifələr və müəyyən olunmuş tədbirlər cari ildə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı ilə bağlı hər kəsdə nikbinlik yaradır: “2020-ci ilin yekun göstəricilərinin əvvəlki illərlə müqayisədə daha yüksək olacağını düşünməyə əsas verir.

İqtisadiyyatımız inkişaf etdikcə vətəndaşlarımızın sosial-iqtisadi inkişafının yaxşılaşması istiqamətində növbəti addımlar da atılacaq. 2019-cu ildə qarşıya qoyulan vəzifələrin uğurla icra olunması və müəyyən edilmiş konsepsiyada həyata keçiriləcək tədbirlər artıq aydındır. Cənab prezidentinizin şəxsi nəzarəti altında müəyyən olunmuş tədirlərin hamısı uğurla icra ediləcək. Azərbaycan daha qüdrətli, daha inkişaf etmiş ölkəyə çevriləcək.

Eyni zamanda, dünənki müşavirədə Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları və yalançı məlumatlarını ölkəmizin başçısı dünyanın aparıcı, reytinqli, nüfuzlu formlarının nəticəsinə uyğun olaraq bir-bir, maddə-maddə, hər bir detala toxunaraq müqayisəli şəkildə nəzərə çatdırdı. Söhbət ötən ilin göstəriciləri və Azərbaycanın işğalçı ölkə ilə müqayisəsindən gedir.

Cənab prezident bir daha hər kəsə bəyan etdi ki, Ermənistanın baş naziri həm sərsəm, həm yalançı bəyanatlarla çalışır ki, insanlar arasında çaşqınlıq yaratsın. Nikol Paşinyan onu yaddan çıxarır ki, cənab prezidentin ötən gün səsləndirdiyi rəqəmlər konkret olaraq beynəlxalq təşkilatların təqdim etdiyi rəqəmlər idi. Cənab prezident bir daha sübut etdi ki, Ermənistanın baş nazirinin növbəti təxribatı və yalan məlumatları bundan ibarətdir”.

Millət vəkili bildirib ki, ölkəmiz qüdrətləndikcə ordumuz da güclənir. Onun sözlərinə görə, ölkəmizin iqtisadi baxımından gücü artdıqca daha çox dünya ölkəsi ilə dostluq münasibətləri qurulur: “Eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğal edildiyini bildirdilər. Ölkəmiz qüdrətləndikcə, iqtisadi və siyasi sahələrdə dünya ölkələri ilə daha sıx əlaqə qurduqca bu münaqişənin həlli daha da sürətlənir.

İnanırıq ki, ölkə başçısının, Ali Baş Komandanın rəhbərliyi ilə yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsi də öz müsbət həllini tapacaq. Yenidən əzəli və əbədi torpaqlarımız Azərbaycanın nəzarətinə qayıdacaq. Ermənistanın indiki və bundan əvvəlki siyasəti faşizm üzərində qurulub. Cənab prezident bunu 13 yanvar müşavirəsində də bir daha xatırlatdı. Ermənistanda faşist Njdeyə abidə ucaldılıb. Bu günə kimi həmin abidənin qalması Ermənistanın xislətindən xəbər verir. İşğalçı ölkənin yürütdüyü siyasətin təzahürüdür”.

Oxunma sayı 197
Siyasət rubrikasından digər xəbərlər