Paytaxt ərazisində 30 müxtəlifcinsli ağac məhv edilib  

20:53 24.06.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nizami rayonundakı “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlifcinsli ağacın kəsildiyi və təbiətə 37 min 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib. Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş və həssas münasibət göstərən vətəndaşlara minnətdarlığını bildirir.

Qeyd edək ki, bu səpkili informasiyalara mətbuatda tez-tez rast gəlinir. Aidiyyəti qurumlar ətraf mühitin mühafizəsinə ziyan vuranlara qarşı vaxtaşırı tədbirlər həyata keçirsələr də, bu istiqamətdə vəziyyət dəyişməyib.

Məlumat üçün deyək ki,  ətraf mühitin mühafizəsi sahəsində təkcə 2019-cu il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3 617 akt və 1 227 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan  1 095 “məcburi göstəriş” verilib.

Ümumiyyətlə isə ətraf mühitin mühafizəsi, xüsusilə biomüxtəlifliyin qorunması Azərbaycan dövlətinin əsas prioritetləri sırasındadır. Demək olar ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətini cəlb etməklə dövlətin müəyyən etdiyi ekoloji siyasəti ardıcıl və qətiyyətlə yerinə yetirir. Ətraf mühitin qorunmasında, təbii ehtiyatların, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə əlaqədar bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.

Lakin etiraf etmək lazmdır ki, ətraf mühiti təkcə qanunvericilik aktlarının tətbiqi ilə mühafizə etmək olmaz. Bu sahədə geniş maarifləndirmə tədbirləri aparmaq lazımdır. Hər bir vətəndaşda ekoloji düşüncənin formalaşmasında, təbii sərvətlərimizin qorunmasında, ətraf mühitin mühafizəsində və ondan səmərəli istifadə edilməsində təbliğat işlərinin mühüm rolu vardır. Təəssüf ki, əhalinin bu yöndə maarifləndirilməsinə baxmayaraq, yenə ayrı-ayrı vətəndaşlar tərəfindən ağacların qırılmasına cəhd göstərilir.

Mütəxəssislər də bildirirlər ki, təbiətə qayğıkeş münasibət, ekoloji təfəkkürün yaranması əhalidə və gənc nəsildə ekoloji tərbiyə və mədəniyyətin hansı səviyyədə olmasından asılıdır. Onların qənaətincə, hazırda ekoloji maarifçiliyə böyük ehtiyac var. Bunun üçün hər kəs müəyyən ekoloji biliklərə yiyələnməli, əhalidə ekoloji dünyagörüş formalaşmalı, təhsilin ayrı-ayrı pillələrində ekoloji təlimin həyata keçirilməsi təmin edilməli, məktəb, eləcə də, məktəbəqədər  tədris-tərbiyə müəssisələrində uşaqlar və şagirdlər arasında ekoloji tərbiyəyə xüsusi fikir verilməlidir. Digər tərəfdən, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (2002) ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması, orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi, ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi dövlət siyasətinin əsas prinsipləri kimi götürülüb. Ekoloji təhsil və maarifləndirmə zamanı əldə olunan biliklər, qazanılan təcrübələr ekoloji mədəniyyətin yaranmasına səbəb olur. Başqa sözlə, ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin və məsuliyyətin formalaşmasına yönəldilmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi başa düşülür. Ekoloji təhsilə ehtiyac, insan  həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil almaqdır. Ətraf mühitə düzgün münasibət ekoloji bilik nəticəsində formalaşır.

Məsələyə münasibət bildirən “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev də hesab edir ki, bu gün  ekologiya ilə bağlı əsas problemlərdən biri əhalinin ekoloji mədəniyyətinin və maarifləndirilməsi  ilə bağlı işlərin kifayət qədər aşağı olmasıdır: “Ölkəmiz inkişaf edir, amma bir sıra məsələlər var ki,  ölkənin inkişaf tempindən  geridə qalır. Xüsusilə  bu məsələni rayonlarımıza aid edərdim. Torpaqların deklarasiyası, qorunması, alternativ enerjidən istifadə etməklə meşələrin qırılmasının qarşısının alınması, bu gün bizim üçün fəlakətlər gətirən suların idarə olunması ilə maarifləndirmə işləri aparılmalıdır. Ekoloji maariflənmə həm sıravi vətəndaşlar, həm də məmurlar arasında, yəni geniş kütlələr arasında aparılmalıdır”.

İ. Mustafayev qeyd edib ki, son 5-6 ildə bir çox rayon mərkəzlərimiz çox böyük inkişaf yolu keçib: “Şəhərlərin mərkəzlərində  tikinti  və abadlıq işləri aparılıb, parklar salınıb, komplekslər tikilib, şəhərin içərisi təmizlənib. Eyni zamanda  bizim turizm potensialımız var. Bu turizm potensialını reallaşdırmaq üçün bərk tullantların  idarə olunması  istiqamətində əhalidən asılı olan işlər var. Təbii ki,  hökumət də  bu işə qarışmalı və müəyyən məsələlərin həllinə kömək etməlidir.

Digər tərəfdən, ekoloji maarifləndirmə tədbirləri çərçivəsində hər telekanalın həftədə ekologiya ilə bağlı bir saatlıq veriliş verməsi yaxşı olar. Təbii ki, bu verilişlər müxtəlif mövzularda - meşələrdən, bərk tullantıların idarə olunmasından, suların qorunmasından və s. bəhs etməlidir.  Həm də verilişlərin tamaşaçı marağına uyğun olaraq hazırlanması çox vacibdir. Hər hansı mövzu ətrafında standart cümlələrlə kağızdan oxumaq və danışmaq tamaşaçı üçün  maraqlı olmaz. İstərdim ki, dövlət qurumları və QHT-lər tərəfindən  konfrans və  treninqlər keçirilməsinə, broşürlər  hazırlanmasına diqqət artırılsın.  Məktəblərdə ekoloji maarifləndirmə sahəsindən dərslər genişləndirilməli və müəyyən aksiyalar keçirilməlidir”.

Yeri gəlmişkən onu da xatırladaq ki, ölkəmizdə yaşıllıqların mühafizəsi 2014-cü ildə qəbul olunan "Yaşıllıqların mühafizəsi haqqında" qanunla tənzimlənir. Belə ki, sözügedən sənəd Azərbaycanda yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Qanunla müəyyən edilən qaydalar meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla ölkə ərazisindəki digər yaşıllıqlara tətbiq edilir.

Qanun yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi, mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi, yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması, yaşıllıqların mühafizəsi sahəsində dövlət və ictimai nəzarətin aparılması, qanunvericiliyin pozulmasına görə məsuliyyəti və yaşıllıqların mühafizəsinin əsas prinsiplərini müəyyən edir.

Dövlət mülkiyyətində olan yaşıllıqların idarə olunmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yaşıllıqların mühafizəsini onların mülkiyyətçiləri, idarəçiliyində və istifadəsində yaşıllıq olan şəxslər həyata keçirirlər. Texniki iqtisadi əsaslandırma, ətraf mühitə təsirin qiymətləndirilməsi, habelə şəhərsalma və tikinti fəaliyyətinə dair layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə həmin ərazidəki yaşıllıqların vəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq qaydada həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulur və bu tələbin pozulması müvafiq məsuliyyət yaradır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 3343
Sosial rubrikasından digər xəbərlər