Paytaxtda atmosfer havasının keyfiyyəti yaxşılaşıb

18:17 15.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin rejimi nəticəsində atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib  

Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib: "2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu.

Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin vəziyyətinə görə paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib. Belə ki, Bakı şəhərində 22 mart tarixindən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - 7 aprel tarixində isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb".

Yeri gəlmişkən, ümumiyyətlə, Azərbaycanda atmosferə atılan zərərli tullantıların azaldılması, eyni zamanda, tullantıları yaradan səbəblərin müəyyənləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülməkdədir. Məsələn, Azərbaycan Respublikasının nümayəndələri 1992-ci ildə BMT-nin Braziliyada Rio-de-Janeyro şəhərində keçirilən “Ətraf mühit və inkişaf” konfransında “İqlim dəyişmələri üzrə Konvensiya”nı imzalayıblar. 2000-ci ildə isə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin edən Kioto Protokolu (Yaponiyada) imzalanıb. Bu tədbirlərin əsas məqsədi iqlimin istiləşməsinə və “istixana effekti”nin yaranmasına səbəb olan atmosferə atılan sənaye tullantılarının miqdarının azaldılmasıdır. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan ekoloji vəziyyətin yaxşılaşması üzrə istiqamətlənmiş regional tədbirlərdə iştirak edir və atmosferə atılan sənaye tullantılarının azalması üzrə və iri şəhərlərin qazla işləyən nəqliyyat vasitələri tərəfindən çirklənməsinə qarşı işlər aparılır. Digər tərəfdən, Azərbaycan Respublikası Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb. Bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib. Həmçinin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələləri öz əksini tapıb.

Məlumat üçün onu da deyək ki, Azərbaycan, ümumilikdə müasir texnologiyalarla təchiz olunan 25 ədəd avtomatik hava keyfiyyətinin monitorinqi stansiyası əldə etməyi planlaşdırır. İlk beş yeni stansiyanın Bakıda, qalan 20 stansiyanın isə ölkənin müxtəlif yerlərində quraşdırılması nəzərdə tutulub.

Bundan başqa, Azərbaycanda atmosfer havasının mühafizəsi “Atmosfer havasının mühafizəsi haqqında” qanunla tənzimlənir. Sənədə görə, atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri insan sağlamlığının qorunmasının üstünlüyü, insanın həyatı, əmək fəaliyyəti və istirahəti üçün əlverişli ekoloji şəraitin təmin edilməsi, atmosfer havasının çirklənməsindən ətraf mühit üçün bərpa olunmayacaq nəticələrinə yol verilməməsi, atmosfer havasının mühafizəsinə elmi cəhətdən əsaslandırılmış, sistemli və kompleks yanaşmadan ibarətdir.

Qanunda göstərilib ki, atmosfer havasına atılan zərərli maddələrin və olan zərərli fiziki təsirin mənbələrinə malik olan hüquqi və fiziki şəxslər atmosfer havasının mühafizəsinə dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırdıqdan sonra həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin həcminin azaldılmasına dair tədbirləri, atmosfer havasının monitorinqi üzrə məlumatları, zərərli maddələrə nəzarətin və onların yayılması miqyasının nəticələrini nəzərə alaraq atmosfer havasının mühafizəsinə dair məqsədli (müəyyən dövr üçün) proqramlar hazırlayır və həyata keçirir.

Sənəddə vurğulanıb ki,atmosfer havasının mühafizəsinə dair tədbirlər ətraf mühitin digər obyektlərinə zərər vurmamalıdır. Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının təkliflərini nəzərə almaq məqsədilə atmosfer havasının mühafizəsinə dair proqram layihələri onların müzakirəsinə çıxarıla bilər.

Qanuna əsasən, atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvəqqəti razılaşdırılmış atılma atmosfer havasına zərərli maddələrin atılmasının texniki normativlərinə əməl edilməsi və onların miqdarının azaldılması üzrə tədbirlər planının olması şərti ilə, atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması müddəti üçün müəyyən edilir. Atılmanın yol verilən həddinə mərhələlərlə nail olma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnsan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həyata keçirirlər.

Sənəddə habelə qeyd olunub ki, təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Şəhər və digər yaşayış məntəqələrinin hüdudlarında, yanında, habelə şəhər və digər yaşayış məntəqələrinin salınması, yenidən tikintisi zamanı atmosfer havasının keyfiyyət normativlərinə zərərli təsir edən təsərrüfat obyektləri layihələşdirilərkən, yerləşdirilərkən atmosfer havasının çirklənməsinin fon səviyyəsi və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi nəticəsində onun keyfiyyətinin dəyişməsi nəzərə alınmalıdır.

Qanuna görə, əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir. Digər tərəfdən, yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır. Atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə əsasən, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi, aparatlardan istifadə edilməməsinə görə fiziki şəxslərin 600 manatdan 25 min manata qədər, hüquqi şəxslərin isə 20-25 min manat cərimələnməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, koronavirus pandemiyası ekoloji vəziyyətə, havanın keyfiyyətinə müsbət təsir göstərib. Amma bu durum müvəqqəti xarakter daşıyır:

“Əslində koronavirus deyilən xəstəlik siyasi bir oyundur. Amerika bioloji silahdan istifadə etməklə bütün ölkələri, insanları idarə etməyə çalışır. Məqsəd həm də odur ki, dünyada mövcud olan millətlərin sayı azaldılsın. Təbii ki, dünya ölkələri karantin rejimi tətbiq etdiyindən zavodların, fabriklərin fəaliyyəti dayandırılıb. Eyni zamanda, hərəkətdə olan avtomobillərin sayı ciddi şəkildə azalıb. Bu da təbii olaraq havanın keyfiyyətinə, ekoloji vəziyyətə müsbət təsir göstərib. Lakin bu durum müvəqqəti xarakter daşıyıb. Əgər biz ekoloji cəhətdən təmiz bir ölkədə yaşamaq istəyiriksə, hava təmizləyici qurğuları olmayan müəssisələrdə bu avadanlıqların quraşdırılmasını təmin etməliyik. Eyni zamanda, nasaz, müvafiq ekoloji standartlara cavab verməyən avtomobillərin hərəkətini tamamilə məhdudlaşdırmalıyıq”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 668