Paytaxtda ekoloji cəhətdən abad həyətlərin sayı artırılır

20:01 06.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Şəhərin ekoloji vəziyyəti yaxşılaşır, bir çox önəmli layihələr icra edilib”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürülüb: “Onların arasında, ilk növbədə, keçmiş Balaxanı zibilxanasını qeyd etməliyəm. Bu zibilxana elə bir tüstü buraxırdı ki, havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi. İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük. Digər ekoloji fəlakət mənbəyi Bibiheybət neft mədənləri idi. Oradakı vəziyyət, ümumiyyətlə, çox acınacaqlı idi, neftlə çirklənmiş yerlər, gölməçələr. Bunların hamısı aradan götürüldü. İndi orada gözəl park salınıb və vətəndaşların sərəncamına verilib. Eyni zamanda idman şəhərciyi yaradılıb, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib. Böyükşor gölü də böyük təhlükə mənbəyi idi. Onilliklər ərzində Böyükşor gölünə axıdılan kanalizasiya, lay suları, neftlə çirklənmiş sular o bölgəni də ekoloji fəlakət zonasına çevirmişdi. Biz oranı da təmizlədik, Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir, köçəri quşlar oraya qonur. Göl üzərində yeni yol çəkilib və gölün ikinci hissəsinin təmizlənməsi istiqamətində işlər gedir. Olimpiya Stadionu vaxtilə bataqlıq kimi tanınan yerdə tikilibdir”.

Ölkə Prezidenti onu da qeyd edib ki, ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır: “Milyonlarla ağac əkilmişdir. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. Sovetski adlandırılan ərazidə 20 hektarda çox gözəl, abad park salınıbdır. Heydər Əliyev Mərkəzinin önündə, Konqres Mərkəzinin önündə, - vaxtilə Səttarxan zavodunun ərazisi olan bu yer də ekoloji təhlükə mənbəyi idi, - 20 hektar ərazidə park salınıb və vətəndaşlar böyük həvəslə bu imkanlardan istifadə edirlər. Vaxtilə havanı çirkləndirən lampa zavodu, şifer zavodu və digər müəssisələr köçürüldü, onların yerində nəqliyyat infrastrukturu yaradılmışdır. Bir sözlə, bu gün Bakı həm ekoloji, həm də rahatlıq baxımından çox sürətlə inkişaf edən şəhərdir”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu isə bildirib ki, paytaxtda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıb: “Mən burada bir məsələyə də toxunmaq istərdim. İlk növbədə, Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini qeyd etməyə dəyər. Möhtərəm cənab Prezident, İctimai Birliyin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıbdır. Bu proses davam edir. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcək. Bizim hesablamalarımıza görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. Bu proses davam edir. Bu gün biz bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə və ilk növbədə, Leyla xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.

Yeri gəlmişkən, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. Noyabrın 6-da “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 35, 37, 39 və Qara Qarayev prospekti, 63 ünvanlarında 1000 nəfər sakinin yaşadığı dörd binanı əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb. Eyni zamanda, ərazidə 8 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kol əkilib, 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Ötən ay isə bu layihə çərçivəsində paytaxtın daha iki rayonunda həyətlər abadlaşdırılıb. Belə ki, bu layihələrdən biri Sabunçu Rayonu, Bakixanov qəsəbəsi, 4090/94 ünvanında 1500 nəfər sakinin yaşadığı dörd ədəd binanı əhatə edib. Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb, velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 5 ədəd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 2150 kv.m ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb. Sabunçu rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan 32 -ci həyət olub.

Ötən ay növbəti yenilənmiş həyət Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 7, 8, 9, 10, 10A, 10V, 10B ünvanlarında 4200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edib. Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb, velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 12 söhbətgah və ahıllar evi inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 2000 kv.m ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb. Suraxanı rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan 33-cü həyət olub.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.