Paytaxtda yaşıl guşələr yaradılacaq  

20:06 06.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Yaşıl Bakımız” təşəbbüs qrupu da paytaxtda fəaliyyət göstərən iş adamlarına müraciət edib. Müraciətdə deyilir ki, Bakı şəhərinin daha da gözəlləşməsi üçün müxtəlif qurumlar, o cümlədən iş adamları, müxtəlif idarələr, ayrı-ayrı vətəndaşlar tərəfindən işlər görülür: “Paytaxtda yaşıllıqların artırılması isə yaşadığımız şəhərin ekologiyasina, özümüzün, yaxınlarımızın sağlamlığına birbaşa təsir edir. Paytaxt sakinləri kimi ötən gün müşahidə etdiklərimiz isə bu işlərə, ümumilikdə isə müsbət dəyişikliklərə biganə olan, yalnız öz maraq və mənfəətlərini güdənlərə rast gəldik. Hamının çox yaxşı tanıdığı bir neçə iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət heç də ürəkaçan deyil. Çox təəssüflər olsun ki, böyük gəliri olan, heç də maddi sıxıntılar çəkməyən bu obyekt sahibləri obyektlərinin qarşısındakı ağac və kollara, yaşıl örtüyə biganə yanaşırlar. Canlı bitkilərə zülm edirlər. Onlara diqqət göstərib ara-sıra sulamaq, qulluq etmək əsl insanlıq olmazdımı? Axı kiminsə mağazasının və ya obyektinin qarşısını başqası gəlib etməməlidir, axı hər şeyi dövlət hesabına etmək mümkün deyil. Bəs vətəndaşlıq borcu? Məncə belə insanları hamımız tanımalı və qınaq obyektinə çevirməliyik. Öz müşahidələrimizi və araşdırmalarımızı davam etdirərək, sonrakı yazılarda, artıq bu kimi obyektləri və onların sahibləri barədə ətraflı məlumat verəcəyik".

Yeri gəlmişkən, ötən il Nazirlər Kabineti “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nı təsdiq edib. Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir. Qaydalara görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir. Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.

Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər.

Bir adama düşən yaşıllıq sahəsi isə iri şəhərlərdə 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7, kişik şəhərlərdə 8, qəsəbədə 8, kənddə isə 12 kvadratmetrdir.

Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda, eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Məlumat üçün bildirək ki, hazırda iqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə məskunlaşıb və bu göstəricinin 2050-ci ilə qədər 70 faizə qədər artacağı ehtimal olunur. Bu səbəbdən qabaqcıl dünya ölkələri beynəlxalq təşkilatların da dəstəyi ilə artan şəhərləşmənin yol açacağı ekoloji, demoqrafik və digər problemlərin qarşısını almaq üçün iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan dayanıqlı inkişaf modellərini tətbiq etməyə çalışır.

Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə bu aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 kvadrat metrdən az olmamalıdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb.

Fransanın Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) məlumatına görə isə dünya təcrübəsində adi şəhərdə adambaşına düşən yaşıllıq sahəsi təxminən 25 kvadrat metr olmalıdır, paytaxt şəhərlərdə bu göstərici 15 kvadratmetr ola bilər. Məsələn,  bu göstərici Madrid şəhərində 68 kvadratmetr, Amsterdamda 36,6 kvadratmetr, Berlində 21 kvadratmetr, Parisdə 14,5 kvadratmetr təşkil edir. Bakı şəhərində isə bu göstərici - 6,4 kvadratmetrdir.

Onu da qeyd edək ki, şəhər və qəsəbələrdə olan yaşıllıqlar bir qayda olaraq meşə fonduna daxil olmayan yaşıllıqlardır. Meşə fonduna daxil olmayan ağac və kol əkililərinin qanunsuz kəsilməsinə görə həm İnzibati Xətalar Məcəlləsində , həm də Cinayət Məcəlləsində inzibati və cinayət məsuliyyəti müəyyən edilib. Belə ki, meşə fonduna daxil olmayan ağac və kolbitkilərinin  qanunsuz kəsilməsi və ya götürülməsinə, məhv edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə uyğun olaraq fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat məbləğində cərimə edilirlər.

Eyni inzibati xəta şəhər və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrinin tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə hər bir ağacın və kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə və götürülməsinə görə, fiziki şəxslər 2.200 manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə edilirlər. Qeyd olunan bu inzibati pozuntular şəxsi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar , habelə kənd təsərüffatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət əkililərə şamil edilmir.

Bundan başqa, Cinayət Məcəlləsinin 219-cu maddəsində  qanunsuz ağackəsmə və 260-cı maddəsində meşələr və digər yaşıllıqların məhv edilməsi ilə bağlı cinayət məsuliyyəti müəyyən edilib. Belə ki, 219-cu maddədə meşə fonduna daxil olmayan yaşıllıqlara xeyli miqdarda ( 1000-7000 manat arası ) ziyan vurduqda , təqsirkar şəxslər 2 ilə qədər, külli miqdarda ( 7000 manatdan çox ) ziyan vurduqda isə təqsirkar şəxslər 2 ildən 5 ilə qədər müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Cinayət Məcəlləsinin 219-cu maddəsində göstərilən cinayət məsuliyyəti inzibati xətalarda olduğu kimi şəxslərin xüsusi mülkiyyətində olan həyətyanı bağ sahələrindəki yaşılıqlara, kənd təsərüffatı məhsulları üçün istifadə olunan bitkilərin kəsilməsi götürülməsi hallarına şamil edilmir.

Sosial rubrikasından digər xəbərlər