“Perspektiv strukturlarla birlikdə qaz ehtiyatımız 6-7 trilyon təşkil edir“

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Hazırda Azərbaycanı xarici bazarlarla birləşdirən 7 neft və qaz kəmərləri fəaliyyət göstərir“. Bunu Milli Məclisdə “Sərhədlərin üzərindən əlaqələrin qurulması“ adlı beynəlxalq konfransda “Dayanıqlı enerji bazarının inkişafı: enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və effektivliyi“ mövzusunda çıxış edən sənaye və energetika nazirinin müavini Natiq Abbasov çıxışı zamanı bildirib. Nazir müavini deyib ki, aparılan texniki və texnoloji tədbirlər sayəsində Avropa və dünya bazarlarına gün ərzində 750-800 min barrel xam neft çıxarılır. Onun sözlərinə görə, “Şahdəniz“ qaz- kondensat yatağının işlənmə tempi getdikcə artırılır və hazırda yataqdan gün ərzində 23 milyon m3 qaz və 6 min ton kondensat hasil etmək imkanı var. N.Abbasov eyni zamanda bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində yaranmış sıx əməkdaşlıq həlqələri bu prosesin inkişafına GUAM, Baltik Assambleyası, BENİLÜKS Parlamenti, Şimal Şurası və Vişeqrad qrupu ölkələrini də cəlb edir: “Bu cərgədə Gürcüstan, Ukrayna, Norveç, Polşa, Macarıstan və Litvanın adını ön planda qeyd etmək lazımdır“. N.Abbasov daha sonra bildirdi ki, son nəticələri nəzərə almaqla Azərbaycanın çıxarıla bilən qaz ehtiyatları 2,5 trilyon m3-dən artıq qiymətləndirilir: “Perspektiv strukturlarla birlikdə isə bu rəqəm 6-7 trilyon m3 təşkil edir“.
Nahid Canbaxışlı
Oxunma sayı 90