Plastik torbalar yaxın zamanda ödənişli olacaq - Açıqlama

13:22 10.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hər il dünya ölkələri ətraf mühitə təsiri azaltmaq üçün bir sıra layihələr hazırlanıb, beynəlxalq təşkilatlara göndərirlər. Ölkəmizdə də ətraf mühitə dəyən ziyanın qarşısını alınmaq üçün bu və ya digər şəkildə tullantıların illik həcmini azaltmaq, təkrar emal etmək və s. kimi mexanizmlər həyata keçirilir. Bundan əlavə ən çox məişət tullantılarının tərkib hissəsi olan plastik torbaların uzunmüddətli təsirini nəzərə alaraq, bu torbaların sıradan çıxarılması üçün təkliflər planı hazırlanıb. Ekologiya Nazirliyi bu torbaların ödənişli olması kimi zəruriyyəti də diqqətə çatdırmışdı. Artıq bir il keçməsinə baxmayaraq hələki bu mexanizm işə düşməyib.

Hafta.az-a bu barədə danışan Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova dedi ki, mexanizm tam işə düşməsə də, artıq eko çantaların marketlərdə satışı həyata keçirilir, vətəndaşlar bundan yararlana bilərlər: “Cari ilin fevral ayında ölkə rəhbərinin sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planınında plastik qablaşdırma tullantılarının toplanması, daşınması, utilizasiyası və təkrar emalı, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və digər istiqamətlər öz əksini tapıb. Həmçinin ölkədə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyənləşdirilib. Ətraf mühitin çirklənməsində daha çox paya malik olan yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı Nazirlik tərəfindən layihə təklif olunmuşdur. Bu layihə bir neçə əlaqədar təşkilatlarla razılaşdırma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır. Plastik torbaların satışına ödənişli sistemin tətbiq olunmasına gəldikdə isə, məsələ hələ razılaşdırma mərhələsindədir. Polietilen torbaların yerinə həsir, parça və ya kağız torba kimi alternativlərdən istifadə etmək üçün maarifləndirici məlumatlar verərkən izləyicilərdən ekoçantaları necə əldə etmək barədə müraciətlər gəlir. Bununla bağlı qeyd etmək istərdim ki, artıq marketlərin çoxunda alıcılara eko çantalar və bioparçalanan torbalar ödənişli təklif olunur. Qiymətlər münasib olduğundan alıcılar üçün əlçatandır. Ekoçantaları dəfələrlə təkrar istifadə etmək mümkündür. Belə çantalar həm sağlamlığımız, həm də ətraf mühitin qorunması baxımından çox faydalıdır”.