Polisin qorxusundan ləvazimatlarımızı kolluqlarda gizlədirik - Fəhlə bazarından REPORTAJ

14:26 03.07.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Keçmiş “Papalin” hospitalının yaxınlığındakı körpüdə yolu keçib onlara yaxınlaşdığımı görən kimi hamısı üstümə doğru gəlməyə başladı:

-“Şkatur”, mala, suvaq... nə lazımdı?

-“Pol”, “potolok”, döşəmə, plintus... işidi?

-Hörgüdüsə, bizlikdi...

-Santexnika işi deyil ki?

-Ariston, kondinsionerdimi, qardaş?

Artıq kimin nə iş gördüyünü deməsələr də anladım. Körpünün altında özləri üçün düzəltdikləri oturacaqlarda əyləşən kim, yoldan keçib onlara doğru gələnlərə yaxınlaşmaq üçün gözdə-qulaqda olan kim...

Bu dəfə el arasında “Papalin” körpüsü kimi tanınan körpünün altındakı fəhlələrdən, daha doğrusu, fəhlə bazarından danışacığıq. Onlarla söhbətimiz maraqlı alınıb. Olub-bitənlərlə yaxından tanış olmaq istəyirsinizsə, monitora bir qədər də yaxın durun. Gördüklərimizi hafta.az-ın obyektivindən sizlərə də göstərməyə çalışacağıq.

Alətlərimizi, ləvazimatlarımızı kolluqlarda gizlədirik...

Hələ ki, jurnalist olduğumuzu bildirmirik. Alətlərinin harada olduğunu soruşuruq. Əvvəlcə Ağaəfsər danışır. İçlərində ağsaqqal odur. Daha doğrusu, onlar belə çağırırlar. Ağaəfsər Zabratdandır. Hər gün səhər buraya gəlir. Ustadır. Hörgü işi mənlikdir-deyir. Bir müddət Türkiyədə fəhlə kimi çalışıb. İndi də ustalar arasında bununla öyünür. “Türkiyəni görüb gəlmiş ustayam” – söyləyir.

-Bəs alətləriniz, ləvazimatlarınız hardadır? – deyə soruşuram.

Natiq adlı suvaqçı dillənir. Deyir ki, polis görməsin deyə, kolluqlarda gizlədirlər: “Polis qoymur. Ona görə də kolluqlarda, o gördüyün -əli ilə göstərir- zibilliyin arxasında gizlədirik. Mənim evim yolun o biri tərəfindədir, yaxındır, müştəri olanda gedib gətirirəm”.

Natiq kişinin sözlərinə görə, hazırda körpünün altına gündə 7-8 adam ancaq yığışır: “Hamısı karantinə görədir. Əvvəllər Sumqayıtdan, Tağıyev qəəbəsindən, Saraydan da buralara ustalar gəlirdi. Müştəri tuturdular. İndi gələ bilmirlər. Polis qoymur. Biz də gizli-qaçaq dururuq”.

Ağaəfsər kişi Natiqin sözünü kəsib davam edir: “Polis gələn kimi, hərəmiz bir tərəfə dağılışırıq. Birimiz yaxınlıqdakı dayanacağa, birimiz zibilliyə, o birimiz məhləyə giririk. Ara sakitləşəndən sonra gəlirik. Çox vaxt icazə götürmürük. Səhərlər birtəhər avtobusla gələnlərimiz olur. Mənim evimsə yaxınlıqdadı. Uşaqlar axşam buradan gedəndə iki saatlıq icazə götürüb gedirlər”.

Əvvəl hər gün iş olurdu, indi...

Sadiq Şamaxıdan gəlib. Üç uşağı var. Dediyinə görə Əhmədli qəsəbəsində kirayədə qalır. Üç həftədir ki, iş tapa bilmədiyini söyləyir. Özü də santexnikdir: “Əvvəllər hər gün iş olurdu. İndi yoxdur. Camaat çörək almağa pulu zorla tapır. Ustanın pulunu nə ilə verəcək?! Sonuncu dəfə üç həftə bundan əvvəl kondinsioner düzəltmişəm. Birini 15 manata düzəldirik. İndi o da yoxdur. Uşağım ikinci qrup əlildir. Ona görə heç 190 manat da ala bilmədik”.

Natiq kişi deyir ki, övladının biri tələbədir. Dərslər olmasa da təhsil haqqını ödəməlidir. Ödəyib də. Amma bir az çətin olub: “Axşamlar taksi kimi fəaliyyət göstərirəm, “Sədərək”ə işləyirəm. Gündüzlər də buradayam. Mənimki taxta işidir. Döşəmə-tavan işi də götürürük”.

Karantindən sonra qruplara bölündük...

-Bəs niyə bir-birinizə yaxın durmusunuz? Karantin rejiminə əməl etmirsiniz? – sualına isə gülərək cavab verirlər:

-Mən ölüm bu polisə ictimai dəstəkdəndi, müştəri deyil...

-Bəlkə də jurnalistdi, çəkmirsən?

-Birdən gizli çəkiliş zad edib evimizi yıxarsan ha, çörəyimizə bais olma...

-Yox polis deyiləm, jurnalistəm yazı hazırlayıram – deyən kimi hamı arxasını mənə çevirir. İçlərindən biri dillənir – islanmışın yağışdan nə qorxusu?!-çək, yaz... –deyə dillənir. Danışmağa başlayır:

“Düzünü bilmək istəyirsinizsə, heç tibbi maska almağa da pulum yoxdur. Çünki işsizlikdi. Bir həftədən, on gündən bir müştəri ola ya olmaya. O da “krupnu” işlər deyil, tək adamlıqdı. Çörəkpulumuzu zorla ödəyir”.

Ağaəfsər kişi səsinin tonunu aşağı salıb böyük bir sirr açırmış kimi danışmağa başlayır: “Bilirsən, oğul, burada durmaq bizə hər gün 10 manata başa gəlir. Siqaretpulumuz, yeməyimiz... Ona görə də suvaqçılar, ustalar, santexniklər birləşdi. Hər gün birimiz çıxırıq. Öz aramızda növbəli sistem yaratmışıq. Bütöv və pulu çox olan iş tapanda bir-birimizə xəbər edirik, yığışıb qiymət danışırıq, işi götürürük. Olur ki, kiminsə növbəyə çıxdığı gün işi çıxır, gələ bilmir. Onda növbədə olan adam öz yerinə göndərdiyi adamın siqaret və yeməkpulunu verir. Əgər xırda iş olsa -15-20 manatlıq-onun pulu növbəyə çıxan adama qalır”.

Natiq usta isə deyir ki, indi vəziyyət çox qəlizləşib: “Mən Alatavada qalıram. Kirayəpulu verirəm. 120 manat... Evə də pul göndərirəm, atamgilə, ailəmə... Mart ayından bura ancaq ayda 100 manat zorla düzəldib göndərirəm. Bir də görürsən ki, alətlərimiz qırılır. Xarab olur. Həmin ay günümüz qaraya dönür. Xərcimiz artır. Çətindir”.

Zülfü isə Qobostandan qəsəbəsindən olsa da, gedib-gəlmək çətin olduğundan burada kirayədə qalır. Bu gün qazancı olduğu üçün sevinclidir: “Bunlardan fərqli olaraq mən 190 manatı almışam. Dövlətimizdən razıyıq. Onlarlıq bir şey yoxdur. Çindən gələn bir bəladır. Bütün dünyanı cənginə alıb. Allaha şükür, yenə də tanrı ruzimizi verir. Pis deyil. Bu gün 30 manatlıq işə çağırmışdılar, həll edib gəldim. Bir azdan gedəcəyəm evə, yolun o biri tərəfindəki “domka”larda qalıram. Aya 80 manat verirəm. Havalandırma sistemlərini düzəldirəm. Getdiyim iş də mətbəxin havalandırma sistemindəki boruları dəyişmək idi. Bir həftə idi ki, iş yox idi. Buna da şükür”.

Bu vaxt bir müştəri yaxınlaşır. Evə lüsturlar düzəltmək lazım olduğunu bildirir. Bayaqdan bəri dinib-danışmayan Şahin adlı qıvrımsaç kimi ayağa qalxır. Bığaltı gülümsünür. Üst-başının tozunu çırpıb qiymət danışmağa başlayır:

-Neçə lüsturdur?

-Üç...

-Başqa nəsə olacaq?

-Yox, şnurları çəkilib. Xətlər də hazırdı, bircə lüsturları bağlamaq lazımdır. Nə qədər alacaqsan? – Müştəri Şəki ləhcəsi ilə danışmağa başlayır.

- Birini 15 manata bağlayırıq.

-Nə danışırsan a kişi? Dedilər ki, burada ucuz iş görürlər. Sənin gözzo yiyım, qul bazarı deyile, xan bazarıdı çi, ha bıra...

(Gülüşürlər)

-Qardaş, sənə görə 5 manat keçirəm, 40 verərsən...

Çox çək-çevirdən sonra 35 manata razılaşırlar.

Biz də fəhlələrlə sağollaşıb yola düzəlirik. Birdən Natiq usta arxadan dillənir:

-Ayağın yüngül imiş ha, birimizin üzünü güldürdün... Varıdırsa, bir gilə siqaret ver, səndən də qazancım bu olsun...

Siqareti çıxarırdım ki, polis maşını uzaqdan siqnallamağa başladı. Başımı yuxarı qaldıranda körpünün altında heç kim yox idi...

Oxunma sayı 10349