Polislə ilk tanışlığım: 550 manat pul+3 manatlıq çaypulu

12:01 13.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt
 2008-ci il idi. İkinci kursa təzəcə başlamışdıq. Özəl universitetdə ödənişli təhsil alırdım. Yarımillik təhsilhaqqını ödəmək üçün evdən 550 manat pul göndərmişdilər. Pulu avtobusla yollamışdılar. Avtovağzala gedib pulu götürdüm. Yolüstü çayxanalardan birinə baş çəkdim.
 
O vaxt Xırdalan dairəsi tərəfdə "Güloğlanın çayçısı" deyilən bir məkan vardı. Dominolu, nərdli bir yer idi. Ona görə də adam əlindən tərpənmək olmurdu. Zülmlə boş stol tapırdın. Bəzən də kiminsə qalxıb getməyini gözləyirdin ki, əyləşəsən.
 
Universitetdən bir-iki tanış tələbə ilə həmin çayxanada oturduq. Bizimlə üzbəüz stolda iki polis serjantı çay içib söhbətləşirdilər. Biri o birindən bir qədər hündür idi. Biri qaraqabaq, o biri isə gülərüz simalı...
 
Birdən oyunun biri 50 qəpikdən çaypulundan qumar oynayan cütlüklər dalaşmağa başladı. Söyüşdülər. Serjantların gözü qarşısında. Ara qarışdı. Məzhəb itdi. Bıçaq çıxdı. Gözlərini əsəb örtən bu "50 qəpiklik" qumarbazlar polisi belə görmürdülər. Polislərdən öncə çayxanada oturanlar əl-ayağa düşdü. Dava salanları aralamağa çalışdılar. Elə biz də qalxdıq. Gözucu polislərə baxdım ki, niyə kənardan müşahidəçidirlər. Niyə mane olmurlar? Bıçaq çıxaran adam "şoşqa"sını havada yellədəndə qaraqabaq serjant qəfildən oturduğu yerdən sıçradı. Soyuqqanlılıqla adamın biləyini burub bıçağı aldı. O biri polis isə arxamda dayanmış bir qarayanız oğlanın qolunu burub bayıra çıxardı. Heç nə anlamadım. Gülərüz polisin qolunu burduğu gənc hadisənin episentrindən xeyli aralı idi. Bayıra çıxanda polis məni çağırdı. Açığı, qorxdum. Gəl-dedi. Yakınlaşdım. Bu bükülü paket sənindi? - deyə soruşdu. Gəl-dedim. İçində nə qədər var? -550- cavab verdim. Yanımda açıb saydı. Pul yerində idi.
 
Diqqətli ol, sənin başın davaya qarışanda o oğlan arxa cibini kəsdirmişdi. Bir də pulu arxaya qoyma-deyib gülə-gülə pulu mənə uzatdı. Götürəndə görmüşdüm- deyə vurğuladı. Sonra nə işlə məşğul olduğumu soruşdu. Tələbəyəm, bu da yarımillik təhsilhaqqımdır-cavab verdim. Pulu aldıqdan sonra çayxanaya qayıdıb içdiyimiz 3 dəmlik çayın pulunu ödəmək istəyəndə polis arxadan dilləndi: -Cavan oğlan, izahatınızı yazıb gedin evinizə. Çayınızın pulu da çatıb. Bu mənim polislə ilk tanışlığım idi. Çaşıb qalmışdım. 10 dəqiqə ərzində polisdən iki yaxşılıq, müsbət element görmüşdüm. Özü də eşitdiklərimin əksinə...