Politoloqlar Cenevrə görüşünü müzakirə etdi – TƏHLİL

18:09 31.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə baş tutan görüşü beynəlxalq təşkilatların ikilistandartlı yanaşmasını bir daha ortaya qoydu. 

Həmsədrlər Cenevrədə Ermənistanı Azərbaycanda törətdiyi hərbi cinayətlərə görə qınamaq əvəzinə “tərəfləri” beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəfə almamağa çağırdı. Ermənistana “Azərbaycan torpaqlarından çıx!” deyilmədi. Niyə Ermənistanın Azərbaycanın şəhərlərini ballistik raketlərlə atəşə tutması, mülki insanların qətlə yetirilməsinin hesabı Cenevrədə soruşulmadı?

Vəziyyəti hafta.az-a şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, Cenevrə görüşündən gözləntilər yox idi və onların ədalətli yanaşmalarına ümid bəslənilmirdi.

Çünki Azərbaycan bu 30 il ərzində həmsədrlərin boş bəyanatlarından doyub və mövqelərinin nədən ibarət olduğu bəllidir:

“Bu görüşdə ciddi açıqlamalar verilmədi. Onların əsas məqsədləri vəziyyəti sakitləşdirməkdir, yəni qan tökülməsin, atəşkəsə əməl olunsun. Amma kim kimin torpağında işğalçılıq edir, kim öz torpağının müdafiəsinə qalxıb, bu onları maraqlandırmır. Bu da çox acınacaqlı məqamdır. Onlar Cenevrədə yenə atəşkəsə riayət etmək çağırışı ilə çıxış ediblər, amma ermənilər əməl etmir. Gəncəyə, Bərdəyə, Tərtərə, bu gün də Ağcabədiyə raketlər yağdıran ermənilərdir”.

Politoloq hesab edir ki, həmsədrin nə qədər ikili, qərəzli yanaşmaları olsa da, bu görüşdə Azərbaycanın döyüşləri dayandırması, öz torpaqlarını işğaldan azad etməsinə qarşı çıxışlar etmədi:

“Bu, özü-özlüyündə bizi qane edir. Əgər həmsədrlər şərt kimi dunc əhaliyə atəş atmamağı əsas götürürsə, bu tələb bizə aid deyil. Çünki biz dinc yaşayış olan şəhərlərə atəş açmırıq. Əksinə, biz əsir götürülən mülki şəxsləri öz yerlərinə qaytarırıq. Məhz bu mənada da Cənevrə görüşü mənasız görünür”.

F.Sadıqov bildirib ki, bu gün hansı danışıqlar aparılsa da, biz vəziyyətə öz prizmamızdan yanaşmalıyıq. Onun fikrincə, artıq Azərbaycan ordusu beynəlxalq təşkilatların qətnamələrini özü öz gücü ilə yerinə yetirir və buna görə də beynəlxalq aləmin nə düşünməsi bizim üçün o dərəcədə əhəmiyyət kəsb etməməlidir:

“Biz axıra qədər getməliyik, heç bir status-kvo, cəbhə xətti yoxdur. Bizim mövqeyimiz bəllidir. Biz kəndlərimizi, şəhərlərimizi azad edirik. Həmsədrlərin hər hansı bəyanatları bizə təsir etməməlidir və etmir. Bu həqiqətdir. Sadəcə olaraq bu danışıqlarda ona görə iştirak edirik ki, eyni zamanda diplomatik fəaliyyətdən də imtina etmədiyimizi göstəririk. Bütün danışıqlarda iştirak edirik və iştirak etməyə hazırıq və mövqeyimizi Moskvada, Vaşinqtonda, Parisdə açıq şəkildə ifadə etmişik”.

Politoloq bildirib ki, beynəlxalq təşkilatların nümayəndələri Ermənistanın Azərbaycanda mülki əhaliyə qarşı raket zərbələrini və insan ölümünü təsdiqləsə də, bu məlumat nədənsə Cenevrə görüşünün müzakirələrinə daşınmadı:

“Cenevrədə Ermənistana sərt təpkinin verilməməsi növbəti ədalətsizlik idi. Nəzəri cəhətdən belə olmamalı idi. Amma bu, praktiki olaraq ona görə baş verdi ki, dünyaya meydan oxuyan o böyük dövlətlər yalnız öz maraqlarını güdürlər. Onların bir çoxu erməni diasporası tərəfindən dəstəklənən siyasətçilər və dövlət xadimləridir. Burda dini amil də var. Çoxları xristian qardaşlarının burnunun qanamasına imkan vermək istəmirlər. Eləcə də hesab edirlər ki, regionda Azərbaycan türklərlə birləşib geosiyasi məkanı pozmamalıdır. Onlar Azərbaycan Türkiyə birliyindən qorxurlar. Buna baxmayaraq biz öz fəaliyyətimizi davam etdirməli və informasiya təbliğatını daim gücləndirməliyik”.

F.Sadıqov bildirib ki, informasiya və təbliğati dəstəklə bağlı xaricdə yaşayan azərbaycanlı milyonçuların, iş adamlarının öz yaşadıqları şəhərlərdə Azərbaycana dəstək göstərmək üçün siyasi, iqtisadi proseslərə təsir etmək gücü olsa da, bunu etmirlər. Politoloqun sözlərinə görə, Azərbaycana maddi-mənəvi dəstək verənlər olsa da, bu daha da çox ola bilər:

“Amma xarici ölkələrdə rəhbərliyə yaxın olan adamlar ermənilərdən fərqli olaraq öz təhlükəsizliyini qoruyaraq münaqişəyə çox da müdaxilə etmirlər. Hətta məsələnin nədən ibarət olduğunu bilsələr də, yaşadığı ərazidə xalqı işğala qarşı etiraz etməyə qadırmaq üçün cəhdlər yoxdur. Bir çoxları bu proseslərə müdaxilə etmək istəmir, daha çox öz maraqlarını qoruyurlar. Azərbycana dəstək olan Hollivud ulduzları AL Paçino, Robert de Niro, Ajda Pekkan kimi dünya məhşurlarından nümunə götürsələr yaxşı olar”.

Politoloq Ramiyə Məmmədova bildirib ki, Cenevrə görüşü  o biri görüşlərdən heç nə ilə fərqlənmədi:

“Yenə də növbəti boş danışıq və növbəti ikilistandartın nümayişi oldu. Belə danışıqlar atəşin dayandırılmasına və vəziyyətin olduğu kimi saxlanılmasına yönəlir. Lakin Azərbaycan artıq bu mənasız oyunlara getmək fikrində deyil. Azərbaycanın bir şərti var - Ermənistan öz ordularını Azərbaycan ərazilərindən çıxartmalıdır. Yalnız bu halda süh danışıqlarından söz gedə bilər. Amma Paşinyanın mövqeyi bəllidir və etdiyi absurd çıxışları Ermənistanın sülhə gəlmədiyini, atəşkəs istəmədiyini göstərir”.

R.Məmmədova bildirib ki, bu gün Azərbaycanın mövqeyi birmənalıdır və danışıqları ordumuz özü cəbhdə aparır. Ona görə ki, Ermənistan öz məqsədindən əl çəkmir və beynəlxalq təşkilatlardan aldığı dəstəyin hesabına dirəşir. Ona görə də ermənilər humanitar atəşkəsə riayət etmədi:

“Azərbaycan onsuz da öz torpaqlarını alır. Görüşlər keçiriləcəksə, Rusiya ilə Türkiyə arasında olmalıdır, bəlkə nəticəsi oldu”.

Politoloq Elxan Şükürlü əvvəldən də Cenevrə görüşündən hər hansı nəticənin gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, təkcə cəbhə xəttində yox, diplomatik müstəvidə də hər şey gözlədiyimiz və arzuladığımız istiqamətdə - Azərbaycanın mövqe üstünlüyü ilə gedir:

“Çox şükür! Dünənki Cenevrə görüşünün mətbuata açıqlanan detallarından aydın olur ki, bütün maraqlı tərəflər üçün də kritik tarix 3 noyabrdır: ABŞ-dakı seçkilərin qalibi tam müəyyənləşməyənədək, heç kim qəti qərar vermək istəmir! Bu görüşün getdiyi ərəfədə xüsusilə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Obraynın sülhməramlılarla bağlı mövqeyinin yayılması və NATO üzvü olan Norveçi, Danimarkanı (+Finlandiya və İsveçi) təklif etməsi rəsmi Vaşinqton üçün də ən vacib detalın - "qırmızı xətt"in məhz sülhməramlılar mövzusu olduğunu bir daha aydınlaşdırdı. Beləliklə, bu o deməkdir ki, münaqişənin həllində Ermənistanın Rusiyanı, Azərbaycanın isə Türkiyəni bölgəyə çağırması və bölgədə rus-türk uzlaşması qaçılmaz tarixi zərurətə çevrilir! Qarşıda isə Azərbaycan Ordusunun sürpriz reallıqlar yarada biləcəyi daha 3 gecə və 3 gündüz var! Allah Ordumuza gecəni Laçında, Xocalıda, gündüzü isə Şuşada, Kəlbəcərdə, Xankəndində dincəlməyi nəsib eləsin!

Moskva görüşü 11 saat davam etsə də, atəşkəsin əldə olunması ilə bağlı razılıq olsa da, Ermənistan atəşkəsi pozdu və qadağan olunmuş raketlərlə  Gəncəni vurdu. Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı ədalətli mövqe tutmayınca, görüşlərin mahiyyəti də dəyişməyəcək”.

Politoloq bildirib ki, həmsədrlər fəaliyyətlərinin yalançı görüntüsü yaratmaq üçün bu görüşü təşkil etmişdi:

“Hansı ki, biz bilirik ki, ortada heç bir nəticə yoxdur.    Ermənistanın mövqeyində də dəyişən bir şey yoxdur. Çünki qoşunlarını işğal altında olan ərazilərimizdən çıxarmır. Bu gün belə gözləntilər yoxdursa, aydındır ki, danışıqlar da nəticəsiz qalacaq. Cənab Prezidentin vurğuladığı kimi, bu 27 ildə o qədər belə boş görüşlər olub ki... Bu danışıqlardan sonra da Ermənistan Ağcabədini raketlə vurdu”.

E.Şükürlü bildirib ki, beynəlxalq aləm və həmsədr dövlətlər bir halda Azərbaycanı dəstəkləyə bilər:

“Mən illərlə deyirdim ki, bu danışıqlar nəticə verməyəcək və biz məsələni güc yolu ilə həll edəcəyik. Onu da deyirdim ki, yalnız ordu hərəkətə gələndən sonra böyük dövlətlər reallığı qəbul edəcəklər. Bax indi böyük dövlətlər artıq qismən reallığı qəbul etməyə başlayıblar. Amerikanın NATO-dakı təmsilçisi deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Sonra Putindən açıqlama gəldi ki, Azərbaycan torpaqları uzun müddət işğal altnda qala bilməz.  Putin açıqlama verdi ki, 7 rayon boşaldılmalıdır, onun  təhlükəsizlik məsələləri həll olunmalıdır. Bunlar 27 ildə deyilmirdi. Onu Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar aparmağa başlayanda dedilər. Artıq hamı başa düşür ki, Azərbaycan qələbəyə yaxındır. Heç kəs Azərbaycanla münasibətləri korlamaq istəmir. Ermənistana da mesaj budur ki, Qarabağı itirmisən, heç olmasa özünü qurtar. Rusların bu mühribəyə müdaxilə etmək fikri yoxdur. Azərbaycan ordusu irəliləyir, Rusiya Ermənistana görə Türkiyə ilə Azərbaycanı itirmək istəmir. Ermənistana görə nə görə regiondan keçən böyük layihələrdən geri qalmalıdır”.

Oxunma sayı 1421
Siyasət rubrikasından digər xəbərlər