Polşanın "Rzeczpospolita" qəzetində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar məqalə dərc edilib

22:40 20.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşanın "Rzeczpospolita" qəzetinin internet səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar məqalə dərc edilib.

Hafta.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin müəllifi olduğu məqalədə Qanlı Yanvar faciəsinin tarixçəsinə toxunularaq bildirilir ki, qərənfil dünyada sevgi rəmzi sayılsa da, Azərbaycanda bu, belə deyil. Azərbaycanlıların yaddaşında yanvar ayı qırmızı və qara rənglərlə xatırlanır, qərənfil isə bu ölkədə matəm rəmzi hesab edilir. Bunun səbəbi 1990-cı il yanvar ayının 20-də əsasən erməni əsgərlərindən komplektləşdirilmiş Sovet İttifaqı hərbi hissələrinin Azərbaycanda dinc əhaliyə, sivil insanlara qarşı törətdikləri qanlı qırğınlardır. Bakıdan başlanan qırğınlar sonradan ölkənin digər şəhərlərində də davam edib. Sovet ordusu tərəfindən təkcə paytaxt Bakıda 147 mülki şəxs öldürülmüş, 744 nəfər xəsarət almış, 841 nəfər sovet təhlükəsizlik orqanları tərəfindən həbs olunmuş, 200 ev, təcili tibbi yardım maşını da daxil olmaqla, 80 avtomaşın yandırılmış və dağıdılmışdır.

Məqalədə SSRİ rəhbərliyinin məkrli məqsədləri ifşa olunur: “20 Yanvar hadisələrini törətməklə SSRİ rəhbərliyi Azərbaycanda XX əsrin 70-80-ci illərində başlayan milli azadlıq hərəkatını boğmaq məqsədi güdürdü. Bu dövrdə ittifaqın digər respublikası olan Ermənistan SSR-in Azərbaycana qarşı təcavüzkar hərəkətləri, Azərbaycan ərazilərini qanunsuz və beynəlxalq hüquqa zidd olaraq ələ keçirmək cəhdləri təbii olaraq azərbaycanlıları hiddətləndirirdi. Xalq SSRİ rəhbərliyindən bunun qarşısının alınmasını gözləyirdi".

Məqalədə, eyni zamanda, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin qanlı hadisələr zamanı daim Azərbaycan xalqının yanında olduqları qeyd edilir: "1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyi önündə izdiham toplanarkən də Heydər Əliyev fövqəladə cəsarət nümunəsi göstərmiş, nümayəndəliyə yola düşmüş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu antihumanist faciəni qınamışdı. Həmin ağrılı-acılı günlərdə təkcə ümummilli lider Heydər Əliyev deyil, ümumilikdə, ağır məhrumiyyətlərə düçar edilmiş Əliyevlər ailəsi, o cümlədən Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev fövqəladə cəsarət nümunəsi nümayiş etdirmişdi.

Sonda müəllif bu qanlı hadisənin Azərbaycanın və bir çox dünya ölkələrinin tarixində oynadığı mühüm roldan danışaraq bildirir: "Beləliklə, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücum Azərbaycanın tarixində artıq süquta uğramaqda olan SSRİ-nin rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Lakin bu cəza nəinki Azərbaycan xalqının müstəqillik əzmini qırmadı, əksinə imperiyanın süqutunu daha da sürətləndirdi. SSRİ-nin süqutu isə təkcə ittifaqa daxil olan respublikaların deyil, Şərqi Avropa ölkələrini də bu imperiyanın təzyiqindən xilas etdi".

Oxunma sayı 228