“Prezident tərəfindən qarşıya qoyulan hədəflər müvəffəqiyyətlə yerinə yetirilməkdədir” - Millət vəkili 

17:07 17.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Ölkə Prezidentinin yanında keçirilən iqtisadi müşavirədə İlham Əliyevin dərin məzmunlu, əhatəli çıxışı nəinki bu ilin 9 ayının iqtisadi göstəricilərini təhlil etmək, eləcə də həmin dövrdə ölkə həyatında, dünyada baş verən hadisələri qiymətləndirmək baxımından əhəmiyyətlidir. Müşavirədə dövlət başçısı uğurlara, qazanılan nailiyyətlərə, həyata keçirilən islahatlara önəm verməklə bərabər həm də gələcək inkişafımıza kölgə salan, insanları narahat edən müəyyən məsələlərə toxundu və hər bir vəzifə sahibinə öz işində məsuliyyətli olmağı tapşırdı”. Bunu hafta.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat vurğulayıb ki, ölkə prezidenti bu müşavirədə həm də yeni islahatların anonsunu verib: “Prezidentin çıxışında əksini tapan rəqəmlər, ilin 9 ayı ərzində sənayedə artımın 15 faizdən, qeyri-neft sektorunda 3 faizdən, kənd təsərrüfatında 7 faizdən çox olması, inflyasiyanın aşağı düşməsi, işsizliyin azalması, bütün sahələrdə islahatlar, social sahədə mühüm tədbirlərin həyata keçirilməsi insanların rifah halının ildən-ilə yaxşılaşması və ölkədəki inkişafın dünyanın nüfuzlu beynəlxalq təşkilatları, qurumları tərəfindən yüksək qiymətləndirməsi fərəhləndirici haldır. Ölkə rəhbəri müşavirədə diqqəti keçən ilin president seçkilərindən sonra andiçmə mərasimində etdiyi çıxışa və verdiyi vədə də yönəldərək, qeyd etdi ki, həmin çıxışda müəyyənləşdirilmiş hədəflər proqram xarakterli idi və qarşıya qoyulan hədəflər artıq müvəffəqiyyətlə yerinə yetirilməkdədir. Prezident sosial siyasətimizin birmənalı olduğunu və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bir daha bəyan etdi. O, sosial sahədə islahatların bundan sonra da davam etdiriləcəyini bildirdi. Minimum əmək haqqlarının, pensiyaların artırılmasını, özünüməşğulluq proqramlarının genişlənməsini, ünvanlı sosial yardım alanların sayının çoxalmasını təbii hesab edən ölkə rəhbəri bu sahədə daha ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırdı. Gələn ilin büdcəsində sosial məsələlərin geniş əks olunacağına əminliyini bildirən İlham Əliyev həm də büdcədən qənaətlə istifadə olunmasını nəzərə çatdırdı, korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmasının, sosial-iqtisadi sahədə yol verilən bəzi çatışmamazlıqların tezliklə aradan qaldırılmasının və bundan sonra da islahatlara geniş meydan verilməsinin vacibliyini qeyd etdi. Digər tərəfdən, ölkə başçısı Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirlərinə toxunaraq qeyd etdi ki, korrupsiya ilə mübarizədə vətəndaşların özləri də fəal iştirak etməlidirlər. Təəssüflə qeyd etməliyik ki, bəzi məmurlar Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətini düzgün qəbul etmirlər. Ölkə başçısı da müşavirədə qeyd etdi ki, belə məmurlarla işləmək mümkün deyil, amma cənab prezident  gənc kadrların işindən razı olduğunu dilə gətirdi. Hesab edirəm ki, bu bəzi məmurlar üçün bir siqnal idi. Yəni, bəzi məmurlar bilməlidirlər ki, cəmiyyət məmurların deyil, məmurlar cəmiyyətin, xalqın maraqlarını güdməlidirlər”.

T.Rzayev onu da deyib ki, dövlət başçısının çıxışında qarşıya qoyulan vəzifələr inkişafımıza vüsət vermək, vətəndaşlarımızı narahat edən, düşündürən problemləri aradan qaldırmaq və qulluq sahəsində hər bir dövlət məmurunun məsuliyyətini artırmaq baxımından dəyərlidir.

Siyasət rubrikasından digər xəbərlər