“Prezidentin müsahibələri qələbələrimizə ikiqat müvəffəqiyyət gətirdi” - Akif Aşırlı

11:23 29.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 27-dən başlayaraq Prezident İlham Əliyevin xarici mediaya  müsahibələri, sözün əsl mənasında, dünyanın siyasi arenasına, beynəlxalq ictimaiyyətə verilən ən yüksək master-klassdır. Prezident müsahibələrində beynəlxalq təşkilatları bir daha ədalətli olmağa səslədi. Müsahibələrdən kimlərin hansı dərsi götürəcəyinə gəlincə isə bu, gündəmin müzakirə mövzusu olaraq qalır...

Bu və digər məqamlarla bağlı hafta.az-a müsahibə verən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı maraqlı məqamlara diqqət çəkib.

- Akif müəllim, Prezidentin xarici mediaya verdiyi son müsahibələr və ondan doğan nəticələr nədən ibarətdir? Necə hesab edirsiniz, Prezident bu müsahibələri ilə Azərbaycan informasiya məkanındakı qapanmış sərhədləri nə qədər açmış oldu və hansı mesajını verdi?

- Sentyabrın 27-dən başlayaraq,  bu günədək 1 ay müddətində həm Avropa ölkələrinin, həm Amerikanın, Rusiyanın kütləvi informasiya vasitələrinə Prezidentin verdiyi müsahibələri, bir kəlmə ilə belə bir qiymət vermək mümkündür: mükəmməl! Prezident Dağlıq Qarabağ probleminin mahiyyəti, bu problemin yaranma səbəbləri və tarixi kökləri barədə Avropanı, Şərqi, eləcə də digər qütblərdə yaşayan dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Dövlət başçısı beynəlxalq hüququn işləmədiyini, ikili standartların olduğunu bəyan etdi. Azərbaycan xalqının itirilmiş torpaqlarını işğaldan azad etmək üçün yüksək əzm göstərdiyini dedi. Prezidentin  müsahibələri ilə bağlı sosial şəbəkə auditoriyasının, ayrı-ayrı fikir insanlarının birmənalı mövqeyi belədir ki, bu müsahibələr bizim  siyasi, politoloji, hərb tariximizə düşəcək. Bu müsahibələr Prezidentin hazırlıq səviyyəsinin çox yüksək olmasının göstəricisidir. Eyni zamanda bugünkü qələbələrimizin əldə olunmasında Azərbaycan Ordusunun, ona rəhbərlik edən Ali Baş Komandanın nə dərəcədə yetkin olduğunu dünya gördü. Bu da bizim qələbələrimizin, uğurlarımızın açarı kimi görünür.  Mən bu müsahibələri terrorçu Ermənistanın baş nazirinin verdiyi müsahibələrlə müqayisə etmək istəməzdim. Belə bir deyim də var: hər bir Prezident öz xalqına layiqdir. Bu müsahibələr türk milləti olaraq daxilimizdən gələn o milli qüruru, xalqın torpaqlarını azad görmək istəyini, mübarizlik əzmini dünya mediasına çatdıran çox mühüm amil  oldu. Biz hərb meydanında nə qədər uğur qazanmışıqsa, həmin müsahibələr bu uğurlara ikiqat müvəffəqiyyət gətirdi.

- Ali Baş Komandanın müsahibələri Azərbaycanımızın haqq-ədalət səsi idi və təbii olaraq Haqqın yanında dayanan Prezident daha inamlı, daha cəsarətli cavabları ilə dünya mediasının da diqqətini çəkdi. Bu sərrast ifadələr indiki vəziyyətdə mövqeləri bizə bəlli olan beynəlxalq ictimaiyyətin vicdanını oyadacaqmı?

- Məsələ burasındadır ki, Dağlıq Qarabağın erməni işğalı ilə bağlı dünyanın qulaqları kar olmuşdu. Bu kar olmuş qulaqlar, artıq həqiqətləri eşitməyə başlayıb. Həqiqətlər onların kar qulaqlarının pərdələrini deşib. Bu baxımdan düşünürəm ki, bu cür müsahibələrin verilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istər-istəməz öz təsirini göstərir. 

Təbii olaraq, Azərbaycan Prezidentinin özünə bir güvəni var. Ölkəmiz haqlı tərəfdir, haqqını müdafiə edir. Haqqın qarşısında geri çəkilmək olar, amma bu haqqı heç vaxt dana bilməzlər.  Prezidentin  güvəni xalqa, Ordusuna olan inamıdır.

- Prezident xalqa Müraciətində, müsahibələrində daha çox Türkiyənin “F-16” qırıcılarının Azərbaycanda olması ilə bağlı qərəzli suallarla rastlaşdığını dedi və onun mahiyyətinə toxundu. Onlara “Niyə erməni əsgərləri Azərbaycan torpağındadır?” sualını vermədiklərini soruşdu və bunu tələb etdi.

- Tarixin müxtəlif dönəmlərində sübut olundu ki, Azərbaycanı səmimi-qəlbdən dəstəkləyən, onun yanında olan, ona arxa duran bir Türkiyə var. Türkiyənin bu gün söz sahibi oması, Ərdoğanın qətiyyəti və Azərbaycanı bu gün diplomatik, hərbi, iqtisadi sahədə tək qoymaması, xüsusilə qeyd olunmalı və yaddan çıxarılmamalıdır. Türkiyə bu gün Azərbaycanı müdafiə etdiyinə görə iqtisadi sanksiyalarla üz-üzədir. Dünəndən bugünə baxsaq, Türkiyənin milli valyutasının nə qədər təzyiqlərə məruz qaldığını görürük.  Bütün bunların hamısı regionda Azərbaycanın müdafiəsi ilə bağlı ortaya çıxıb. Bu, böyük dövlət, milli soykök, qan etibarilə qardaşımız olan Türkiyənin qətiyyətli siyasi iradəyə söykənən cəsarətli addımı idi. Biz bunu unutmamalıyıq. Azərbaycan geosiyasi nöqteyi-nəzərdən öz tarixi məkanını tapdı və yəqin etdi ki, bizim yerimiz Türkiyənin yanındadır.

- Akif müəllim, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə, Fransanın “TF1” telekanalı həmin ölkədə yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalıb. Üstəlik, Avropa, demokratik ölkə olan Fransada İslam dinini təhqir etdiyinə görə, bütün dünyada milyonlarla müsəlmanın haqlı tələbinə məhəl qoyulmur. Bunlar nəyin göstəricisidir?

- Bu gün Fransada bir müəllim  Peyğəmbərimizi təhqir edir, dini inanclarımıza əl qatır və buna da etiraz edəndə hesab edirlər ki, bu, azad sözün məhdudlaşdırılmasıdır, azad fikrə təpkidir. Yaxşı, indi gəlib Qarabağda reportaj hazırlayan öz vətəndaşın olan fransız jurnalisti həqiqətləri söyləyəndə niyə onun azad fikrinə təpki edirsən?! Erməni diasporası ona qarşı çıxaraq məlumatların yayılmasının qarşısını alanda niyə həmin münasibəti göstərmirlər? Niyə demirlər ki, jurnalist toxunulmazlığı var, azad sözə sərhəd qoymaq olmaz və bu sözün qarşısını kəsmək olmaz. Hansı ki, jurnalistin təhdid olunması da dünyada və beynəlxalq aləmdə ciddi reaksiya ilə qarşılaşan hadisədir. Prezident də dedi: necə ola bilər ki, beynəlxalq qanunlar başqa ölkələrdə olduğu şəkildə uyğulana bilir, Azərbaycana gəldikdə beynəlxalq hüquq arxa plana keçir?! Bu, Avropanın, dünyanın standartlarıdır və dünyada Haqqın üzərində öz standartlarımzı yaratdığımıza görə bizə qarşı təhdid və təzyiqlər var. Belə təhdidlər bizi qorxudan deyildir. Prezident də dedi ki, dünya “4-lük” deyil, 5-dən çoxdur.

Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan zaman əvvəlcə bizim bəzi KİV-lər həmin Hərəkatdakı dövlətlərin geridəqalmış ölkələr olduğunu deyib hay çəkirdilər. Amma son nəticədə gördük ki, BMT Təhlükəsizlik Şurasının hazırlanan son Bəyanatında 4 qətnaməyə istinad olunmayan yeni bir qətnamə hazırlandı və həmin qətnamənin qəbul olunmamasında Qoşulmama Hərəkatına üzv olan o dövlətlər bizə dəstək durdu. Görünən budur ki, Azərbaycanın hər bir məsələdə ölçülü-biçili davranışları və xüsusilə ordumuzla, cəbhədə əsgərlərimizin rəşadəti ilə şərəfli bir tarix yazdı. Burada yeni tarixin baş memarı olan Ali Baş Komandanımızın da iradəsi var, və  Türkiyənin də rolu yüksəkdir.

- Sosial şəbəkələrimizdə Ermənistanın təcavüzünə qarşı aparılan təbliğatı necə qiymətləndirirsiniz?

- Sosial şəbəkələr son dönəmlərdə birmənalı şəkildə çox aktiv fəaliyyət göstərir. Burada gənclərin rolunu qiymətləndirməmək olmaz. Erməni seqmentinə aid olan sosial şəbəkələrdə Azərbaycan gəncləri çox fəaldırlar. Yəni ermənilərin yazdığı, yaydığı o uydurmalara ən sərt, obyektiv reaksiyalar verən, Avropa dillərində Qərbə doğru informasiyaları yayan gənclərimiz, sanki bir əsgər kimi səngərdə döyüşürlər. Çox təəssüflər olsun ki, Azərbaycana aid olan seqmentdə bəzən xırda-para qüsurlar üzə çıxır və  müəyyən neqativ qüvvələrə xidmət etmək istəyənlərin varlığını görürük. Bu hal bizi qorxutmamalıdır. Bizim yolumuz Haqq yoludur, Tanrı yoludur və bu yolda Uca Yaradan olan Allah  hamımıza kömək olsun.

 

Oxunma sayı 2822