“Prezidentin xəbərdarlıqları tək Ermənistana yox, bütün beynəlxalq təşkilatlaradır” – Şair Ramaldanov

14:41 05.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ölkə başçısı İlham Əliyev cəbhə xəttinə getdi. Hərbi şəhərciyin açılışında iştirak etdi. Əsgər və zabitlərimizin şəraiti ilə maraqlandı. Tapşırıq və göstərişlərini verdi. Eyni zamanda, qarşı tərəfə - Ermənistana mesajlar da göndərdi. Bu mesajlar olduqca sərt idi. Bu ismarışların hərbi şərhi isə Azərbaycan cəmiyyətində məmnunluq doğurdu. Ermənistanda isə vahimə yaratdı.

Hərbi ekspert, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov hafta.az-a açıqlamasında bildirdi ki, ölkə başçısı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Təbii ki, Ali Baş Komandan cəbhə bölgəsinə mütəmadi olaraq gedir. Oradakı hərbçilərlə görüşür:

“Ali Baş Komandan kimi orada öz tapşırıqlarını, sərəncamlarını verir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Silahlı Qüvvələrimizin inkişafını təmin edir. Bu təminat müasir silah və sursatlarla yekunlaşmır. Eyni zamanda, xidmət aparan şəxsi heyətin sosial və məişət şəraitinin yaxşılaşdırılmasına diqqətlə yanaşır. Təbii ki, bunun davamı olaraq cəbhə bölgəsində hərbi şəhərcik tikilərək istifadəyə verildi. Həmin hərbi şəhərciyin açılışında şəxsən özü iştirak etdi. Yaradılan şəraitlə tanış oldu. Mən deyərdim ki, cənab Prezidentin diqqəti və səyi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələrində olan bütün hərbi şəhərciklərin 80 faizi yenidən qurulub. Onların hamısı müasir hərbi şəhərciklərdir və ən yeni, ən müasir standartlara cavab verir. Qalan hərbi şəhərciklər isə əsaslı təmir olunub. Mütəmadi olaraq müdafiə naziri cənab general-polkovnik Zakir Həsənov hərbi hissələrdə açıq qapı günləri elan edir. Bununla da həm cəmiyyət, həm media – sizlər, həm valideynlər əsgərlərimizin hansı şəraitdə yaşaması, xidmət etmələri və fəaliyyət göstərmələri ilə bağlı yerindəcə tanış olurlar. Onlarda əyani təsəvvür formalaşır. Bu, mütəmadi baş verir. Jurnalistlər də valideynlərdən əsgərlərin yaşayış və xidmət etdiyi yerlər barədə soruşduqda, çox yüksək qiymətləndirirlər. Hətta bəzi valideynlər bildirirlər ki, biz bu şəraiti heç evdə də yarada bilmirik”.

Ekspertin sözlərinə görə, bu gün müasir Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu arasında özünəməxsus yer tapıb. Bu da elə-belə deyil: “Beynəlxalq statistik qurumların verdiyi analiz 50 əmsal üzrədir. Onların içərisində şəxsi heyətin hansı şəraitdə yaşaması, xidməti və fəaliyyət də var. Bu gün Azərbaycan Ordusu yüksək səviyyədə beynəlxalq yarışlarda iştirak edirlər. Rusiyada bizim tankçılarımız finala çıxmışdılar. Xüsusi təyinatlılarımız birincilik qazanıb qayıtmışdılar. Topçularımız finala qədər irəliləmişdilər. Bizim ordunun mütəxəsissləri hansı beynəlxalq yarışa qatılsalar birincilər sırasında qərarlaşırlar. Bu da elə-belə deyil. Bu günkü Azərbaycan Ordusunda gərgin döyüş hazırlığında iştirak etmək – bilirsiniz, bu yaxınlarda irimiqyaslı təlimlər keçirildi-şəxsi heyətin sağlam ruhda olmasından, döyüş ruhunun yüksəkliyindən irəli gəlir. Bütün bunlar hərbçilərimizdən psixoloji durumun yüksəkliyini tələb edir. Bütün bunları təmin etmək üçün hərbçilərin sosial-məişət qayğılarının təmini özünəməxsus rol oynayır. İstər tibb təminatı, istərsə də yeməklə bağlı təminatlar, əsgərlərin yaşayış  yerləri – kazarmaları, çarpayıları, istirahət otaqları, idman zalları, klublar çox yüksək səviyyədədir. Ən müasir tələblərə cavab verir. Mütəmadi olaraq bizim incəsənət nümayəndələrimiz gəlib əsgərlərlə görüşürlər. Bütün bunlar hərbçilərimizin, əsgərlərimizin çətin tapşırıqlardan, təlimlərdən məharətlə çıxmasına böyük köməklik göstərir. Digər tərəfdən, bütün bunlar əsgərlərin sağlamlığı üçün edilir. Hazırda pandemiya dövrüdür. Baxmayaraq ki, şəhərdə 10 nəfərdən artıq yığışmaq olmur. Ancaq aparılan tədbirlər, yaradılan şərait, sanepidemial normalara riayət olunması bu gün Azərbaycan Ordusunu həmin yoluxmadan demək olar ki, azad edib. Pandemiya günlərində biz uğurlu təlimlər keçirdik. Pandemiyaya aid olan fəsadlar Azərbaycan Ordusunda olmadı”.

Hərbi ekspert bildirib ki, Ali Baş Komandanın tez-tez hərbi hissələrdə olması, cəbhə bölgələrinə getməsi, yaradılan şəraitlə yerindəcə tanış olması, hərbi hissələrdəki birinci şəxslərlə görüşməsi, bütün bunlar şəxsi heyət arasında çox yüksək səviyyədə qarşılanır: “Onlarda ruh yüksəkliyini daha da möhkəmləndirir. Yəni, demək olar ki, əsgərlə Ali Baş Komandan görüşür. Ali Baş Komandan gəlib əsgərin vəziyyətini görür. Oradakı vəziyyətlə əlaqədar şəxsən dinləmələr aparır. Həmin dinləmələrdən irəli gələn tapşırıqlar qarşıya qoyulur. Bu, normal iş prosesidir. Ali Baş Komandanın mütəmadi olaraq cəbhə bölgəsinə getməsi təbii bir haldır. Artıq biz bunu təbii qarşılayırıq. Ona görə də düşünürəm ki, şəxsi heyət Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirəcək. Bunun üçün Ali Baş Komandan tərəfindən hər cür şərait yaradılıb. Bunun üçün Ali Baş Komandana sədaqət də var. Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir. Bu da Ali Baş Komadanımıza Silahlı Qüvvələrimizin məhəbbəti, sədaqətidir”.

Şair Ramaldanov ölkə başçısının hərbi hissəni ziyarət edərkən işğalçı ölkənin siyasi hakimiyyətinə verilən mesajlara da toxunub. O, bildirib ki, bu mesajlar təkcə Ermənistanın siyasi hakimiyyətinə verilmir: “Onlar Şuşa ilə bağlı siyasi təxribata əl atdılar. Biz bilirik ki, Şuşa məsələsi haradan ortaya çıxdı. İndiyə kimi “andiçmə mərasimlərinin” hamısı Azərbaycanın Xankəndi şəhərində keçirilirdi. Amma bu dəfə Şuşada keçirdilər. Bunu ona görə etdilər ki, siyasi təxribata əl atdılar. Bilirsiniz ki, Rusiyanın xarici işlər naziri bildirmişdi ki, Qarabağ problemi mərhələli şəkildə həll olunmalıdır. Bu da ilk növbədə 7 rayonun qaytarılması ilə başlamalıdır. Bundan sonra təşvişə düşən düşmən həmişəki kimi cəbhə bölgəsində təxribat törədə bilmədikləri üçün – çünki bizim əsgərlərimiz ayıq-sayıqdırlar, təxribatlarının qarşısı alınır – siyasi təxribata keçirlər. Bu da ondan ibarətdir ki, Şuşa məsələsini ortaya atıblar. Orada andiçmə keçiriblər. Bilirdilər ki, bu da cəmiyyəti haqlı şəkildə qıcıqlandıracaq. Düşmən də bunu gözləyir ki, Azərbaycan hansısa bir addım atsın. Atəşkəs rejiminin bizim tərəfimizdən pozulmasını gözləyirlər. Bununla da Lavrovun ortaya qoyduğu fikri heçə endirmək istəyirdilər. Yenə də əllərində “bayraq tutacaqdılar” ki, Azərbaycanla danışmaq mümkün deyil. Yenə də dövlət başçımız bu məsələlərə soyuqqanlı, müdrik və təmkinli yanaşdı. Müəyyən çağırışlar olsa da bizim cəmiyyətimiz bunu anladı. Azərbaycan xalqı və cəmiyyətdi müdrikdir. Bunun altında nəyin dayandığını gördü. Düşmənin təxribatına getmədik. Lavrov da Dağlıq Qarabağla bağlı bəyanatı elə-belə deyildi. İndiyə kimi bu söhbətlər gedirdi. Biz düşmənin də nə qədər hiyləgər olduğunu bilirik. Cənab prezidentin xəbərdarlıqları təkcə Ermənistana yox, eyni zamanda, bütün beynəlxalq təşkilatlaradır”.

Oxunma sayı 1259
Siyasət rubrikasından digər xəbərlər