Prezidentin xüsusi nümayəndələri – icra hakimiyyətlərinin taleyi necə olacaq?

13:51 20.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu Fərman birbaşa tabeçiliyə əsaslanan yeni idarəçilik formasının tətbiqidir.  Birbaşa idarəçiliyin tətbiqi isə idarəçilikdə effektivliyin təmin olunması və digər admnistrativ bürokratiyanın qarşısının alınması üçün çox yaxşı vasitədir”.

Bunu hafta.az-a millət vəkili Hikmət Babaoğlu  işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərmanla bağlı bildirib.

H.Babaoğlu qeyd edib ki, Prezidentin xüsusi nümayəndələri  birbaşa prezidentə tabe olmaqla onun ərazi hüdudları çərçivəsində müəyyənləşdirdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcəklər.  Beləliklə də idarəetmə orqanları kimi qəbul edəcəyimiz nümayəndəyə və onun idarəetməsinə  kənar müdaxilələrin qarşısı alınacaq. 

“Düşünürəm ki, Fərmanın 4-cü bəndində göstərilən əsasnamənin təsdiqindən sonra xüsusi nümayəndələrin fəaliyyəti ilə bağlı daha dolğun məlumatlar əldə edəcəyik.  Çünki 4-cü maddədə göstərilir ki, Prezident Admnistrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi haqqında əsasnamə layihəsi və eyni zamanda nümayəndəliklərin fəaliyyətinin təşkili ilə bağlı təkliflər hazırlayıb təqdim etsin. Bütün hallarda biz deyə bilərik ki, bu, birbaşa idarənin tətbiq olunmasıdır. Daha səmərəli, daha çevikdir. Əslində işğal olunmuş ərazilərə məskunlaşmanın təşkili ilə bağlı zəruri ehtiyaclar da elə bununla bağlı idi”.

O ki qaldı işğaldan azad olunmuş ərazilərdə faəliyyət göstərən və köhnə idarəetmə strukturuna xas olan qurumların, icra başçılarının roluna, H.Babaoğlu  böyük ehtimalla yeni xüsusi maddələrin tətbiqi ilə paralel olaraq, köhnələrin fəaliyyəti ilə bağlı tədbirlər görüləcəyini deyib.

“Azərbaycan Prezidenti Sumqayıtda Şüşə zavodunun açılışı zamanı qeyd etdi ki,  elə bir idarəetmə formasi tətbiq etmək istəyirik ki, gələcəkdə onun təcrübəsini bütün Azərbaycanda tətbiq edə bilək.  Burdakı əsas fəlsəfə Prezidentə tabeçilik əsasında fəaliyyət göstərməklə idarəetməni asanlaşdırmaqdır”.

Oxunma sayı 369