Problemlər içində inləyən Lənbəran kəndi - FOTO+REPORTAJ

14:11 21.08.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunun Lənbəran kəndi Azərbaycanın ən qədim tarixə malik  kəndlərindən biridir. Tarixi mənbələrin verdiyi məlumata görə, Lənbəran 1174-cü ildə slavyanların hücumuna məruz qalmış və üç il slavyanların əsarəti altında olub. 1177-ci ildə I Şirvanşah Axsitan tərəfindən kənd slavyan əsarətindən xilas edilib.

Lənbəran kəndindən bir çox tanınmış şair çıxıb. Bunlardan Asəf Lənbərani, Qafil Lənbərani, Mustafa Lənbərani, Molla Hüseyn əfəndi Lənbərani (1823-?) və başqalarını göstərmək olar.

Lənbəran kəndinə XVIII yüzilin önündə Kazım ağa Həsən ağa oğlu, XIX yüzilin önündə Məhərrəm kovxa Məlik bəy oğlu (1788-?), sonunda, daha dəqiqi 1899-cu ildə Əhməd yüzbaşı Məmməd oğlu, XX yüzilin önündə, daha dəqiq 1903-cü ildə Nəbi yüzbaşı Şahməmməd oğlu, 1914-cü ildə Kərim yüzbaşı Əzim oğlu başçılıq edib.

Lənbəran kəndi tanınmış şəxsiyyətlər Cəmil Lənbəranskinin (1884-1959),Əliş Lənbəranskinin (1914-1999) soyadlarında yaşayır. Hazırkı Lənbəran kəndinin 6000 nəfərə yaxın əhalisi var.

Bu cür qədim tarixə malik yaşayış məskənin bu günkü durumu, sosial problemləri və tarixi abidələri ilə maraqlandıq. “Bərdə-Ağcəbədi” yolundan sözügedən kəndin mərkəzinə, tam orta məktəbə qədər gələn yol  təxminən 8 kilometrdir. Kəndin girəcəyinə kimi asfalt yol çəkilib. Kəndin daxili yolları isə təmirsizdir. Balaca külək əsəndə,eləcə də avtomobil, mal-qara, qoyun sürüləri kəndin içi ilə keçəndə toz duman kimi qalxaraq, kəndi bürüyür və onu görünməz edir.

“Kəndə gələn mərkəzi yolun çəkilişi yarımçıq qalıb”

Kəndin mərkəzində  dayanan bir qrup kənd sakinlərinə yaxınlaşıb onlarala tanış oldum və xeyli söhbət etdik. Sakinlər kəndin problemlərindən şikayətlənərək dedilər ki, bələdiyyə sədri və kənd icra nümayəndəsi kəndə düşüb yaşlı kənd sakinləri axtarırlar ki, gələn qonaqlara adət-ənənələrimizdən danışsın. Amma kənd baxımız qalıb, onun minillik tarixi abidələri dağılıb gedir, bu haqda maraqlanan, bir ölçü götürən yoxdur:

”Sabiq Kənd İcra nümayəndəsi Rufan müəllim işləyən, kəndin, sakinlərin qayğısına qalan adam idi. Kəndin sosial problemlərinin həllinə çalışırdı. Onu işləməyə qoymadılar. Sabiq Kənd Nümayəndəsi təxminən  4-5 il bundan öncə kəndin məhlədaxili və mərkəzi çala-çuxur yollarına daş çınqılı töküb düzəltdirib. O vaxdan bu günə kimi yolun təmiri ilə bağlı aidiyyatı qurumlara müraciət etmişik. Hətta ARDNŞ prezidenti Rövnəq Abdullayev də kəndimizdə olanda yolumuzu  təmir etdirəcəyinə söz vermişdi. Amma yolumuz təmir olunmadı. Təxminən 3-4 ay bundan əvvəl “Azəravtoyol” ASC Nəqliyyat Agentliyinin sədri Saleh Məmmədov Tərtər rayonuna gəlib sakinləri qəbul edirdi. Kəndin bir qrup sakinləri yığışıb Saleh müəllimin qəbuluna getdik və dərdimizi ona danışdıq. Bizi səmimi qarşılayan Saleh müəllim bir həftəyə gəlib yolumuzun təmir ediləcəyinə söz vedi. Kişi sözünə əməl etdi. 9 gün ərzində “Azəravtoyol”ASC Nəqliyyat Agenrliyinin işçiləri kəndin girəcəyinə qədər 7 kilometr  yolu asfaltlayıb getdilər. Amma yolun çəkilişi nədənsə yarımçıq qalıb. Bu haqda yol çəkənlərə müraciət etdik, dedilər ki, yol axıra kimi çəkiləcək. Amma gəlib çəkmədilər”.

Sakinlər içməli suyu vedrə ilə daşıyırlar

Sakinlər  içməli su sarıdab əziyyət çəkdiklərini söylədilər. Onların sözlərinə görə kənd böyük olduğu üçün su artezianı çatışmır. İçməli suyu vedrə ilə daşıyırlar. Sakinlər dedilər ki, kəndə  4-5 artezian quyusu vurulmalıdır. Kənddə işıq problemi də mövcuddur. Sakinlərin sözlərinə görə, işıq zəif olduğundan elektrik lampaları ancaq közərir: “Yayın bu istisində elektrik məişət avadanlıqlarından istifadə edə bilmirik. İşıq zəif olduğundan soyuducu və kondisioner işləmir. Bir yandan isti, bir yandan da toz bizi qırır. Soyuducu olmadığından ərzaq  məhsullarımız xarab olur. Kəndin ortasında iki ədəd transformatorun quraşdırılması üçün  yer ayrılıb. Qapının üstünə “Əl vurmayın öldürər” sözü yazılmış lövhə asılsa da, bu günə kimi transformatorları gətirib quraşdıran yoxdur.

Köhnə uçuq binada fəaliyyət göstərən uşaq bağçası

Kəndin mərkəzində uçuq bir binaya da rast gəldik. Qəhrəman adlı sakin dedi ki, həmin bina vaxtilə 1883-cü ildə rus-tatar məktəbi olub: ”4 otaqdan ibarətdir. Babam Nəsif Məmmədov həmin məktəbin məzunu olub. Binada indi uşaq bağçası fəaliyyət göstərir”.

Binanın bir otağından başqa qalan otaqlarının dam örtüyü uçaraq otaqların içinə tökülüb. Antisanitar şəraitdə, uçuq, köhnə bir otaqda uşaqlar oturur. Bağçada uşaqların yatacaq çarpayıları, stol və stulları köhnə, sınıqdır.Binanın içi də, çölüdə acınacaqlı vəziyyətdədir. Hansısa müharibə illərində dağılımış evləri, xarabalığı xatırladır. Ona bitişik digər uçuq binada isə, müdriyyətin otağı və anisanitar şəraitdə olan mətbəx yerləşirdi. Bağçada isə bir-iki uşaq var idi. Bağçada siyahıda  33 uşaq var. Tətil olduğuna və havaların isti keçdiyinə görə uşaqları valideyinlər gətirməyiblər. 

Kənddə fəaliyyət göstərən Lənbəran kənd orta məktəbi də bu günə kimi təmir edilmədiyindən uçub tökülür. Şagirdlərin təhsil alması və müəlimlərin dərs keçməsi üçün məktəbdə heç bir şərait yoxdur. Sinif otaqlarının pəncərə və qapıları, döşəmələri çürüyüb tökülüb. Binanın dam örtüyü dağılıb. Məktəbin həyətini isə alaq, kol-kos basıb.

Sakinlər dedilər ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev başçı seçilən gündən bu günə kimi 4 dəfə kəndimizdə olub: ”Başçı bu yaxınlarda köhnə təmirsiz məktəbə gəlib biz sakinlərlə səyyari görüş keçirdi. Kəndin mövcud problemlərini ona söylədik. Vidadi  İsayev hər dəfə gələndə söz verir ki, tezliklə problemləriniz  həll ediləcək. Yeni uşaq bağçası tikiləcək, məktəb təmir ediləcək, işıq və su problemləriniz də həmçinin. Problemlər elə problem olaraq qalıb”.

“Qonaqlarım gəlir, gedirəm onları qarşılamağa”

Kəndin mərkəzində Lənbəran Bələdiyyəsi təmirsiz bir binada yerləşir. Bələdiyyə sədri Qaraş müəllim binanın həyətində qarşıma çıxdı, jurnalist olduğumu biləndə üzünü bərk turşudub dedi ki, Bərdədən qonaq gəlir. Kəndin adət-ənələri ilə maraqlanacaqlar. Gedirəm onları qarşılamağa.

 Kəndin silinməkdə olan tarixi abidələri barədə isə gələn sayımızda ətraflı məlumat verəcəyik.