Qanunla ov etmək istəyənlərin işi asanlaşır

19:16 30.08.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədi ilə sentyabr ayından “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək. Bunu jurnalistlərə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda, vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

İ.İbrahimova qeyd edib ki, bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq.

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb. Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən açıq elan edilib. Qaydalara əsasən, ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Vəhşi heyvan və quşların ovuna icazə verilərkənsə ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdən də heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olur. Məsələn, Dağıstan turu 01 iyun – 12 oktyabr, qaban (Çöldonuzu) 14 sentyabr - 21dekabr, dovşan 16 noyabr – 11 yanvar, bataqlıq qunduzu (nutriya) 05 oktyabr - 15 fevral, cüllüt (ağquyruq çökük burun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) 14 sentyabr – 23 noyabr, qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) 12 oktyabr – 07 mart, ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) 12 oktyabr – 07 mart, qaşqaldaq 12 oktyabr – 07 mart, alabaxta və bildirçin 24 avqust - 16 noyabr tarixlərində ovlana bilər.

Qeyd edək ki, hazırda ölkədə 196 423 min hektardan artıq bir ərazini əhatə edən 10 ovçuluq təsərrüfatı fəaliyyət göstərir. Bunlardan biri respublika əhəmiyyətli, 9-u yerli əhəmiyyətlidir. Belə ki, Uludüz Ovçuluq Təsərrüfatı respublika əhəmiyyətli olub, Şamaxı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 5500 hektardır. Heyvanat aləmindən əsasən cüyür, qaban, ayı, çöl pişiyi; quşlardan qırqovul, bildirçin, kəklik və s. üstünlük təşkil edir. Uludüz Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd Dağıstan turu, çöl donuzu, qonur ayı, qırqovul və s. ov obyektlərin artırılması, bərpası və ovlanmasıdır.

Yaşma Ovçuluq Təsərrüfatı isə Xızı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 4 000 hektardır. Ərazi əsasən qamışlıqlarla, su bataqlıq sahələri ilə zəngin olduğundan burada su bataqlıq quşlarına (ördək, qaz, cüllüt və s.) və boz dovşan, tülkü, canavar kimi heyvanlara rast gəlmək mümkündür. Yaşma Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsidir.

Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7136 hektardır.  Ərazidə ən çox canavar, tülkü, boz dovşan, çaqqal, turaca, eləcə də çoxlu su bataqlıq quşlarına rast gəlinir. Eyni zamanda Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş quşlardan burada soltantoyuq, qaranaz və ərsindimdik nəsil verir. Mahmudçala Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və ovlanmasıdır.

Zəvvar Ovçuluq Təsərrüfatı Cəlilabad rayonunun inzibati ərazisində yerləşir, sahəsi 20 000 hektardır. Bu təsərrüfat fəaliyyətini Mahmudçala Ovçuluq Təsərrüfatının yaxın qonşusu kimi davam etdirir. Heyvanat aləmi dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və s.-dən ibarətdir. Zəvvar Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd su bataqlıq quşlarıının və xəzdərililərin mühafizəsi və səmərəli istifadəsidir.

Qırmızıkənd Ovçuluq Təsərrüfatı Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir, sahəsi 10 000 hektardır. Cənubdan  Qızılağac Dövlət Təbiət  Qoruğu, şimaldan isə Zəvvar Ovçuluq Təsərrüfatı ilə həmsərhəddir. Burada su bataqlıq quşları ilə yanaşı qaz, ördək, bəzgək, su ilanı, tısbağa, çaqqal, canavar,  dovşan, porsuq, çöl donuzu, tülkü və s. heyvanlara rast gəlinir. Qırmızıkənd Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd su bataqlıq quşlarının və xəzdərililərin mühafizəsi və səmərəli istifadəsidir.

Ağzıbir Ovçuluq Təsərrüfatı Şabran rayonunun inzibati ərazisində yerləşir, sahəsi 21000 hektardır. Heyvanat aləmini əsasən canavar, tülkü, çaqqal, porsuq, qunduz və s; quşlardan isə qaz, yaşılbaş ördək, qaşqaldaq və s. su-bataqlıq quşları təşkil edir. Ağzıbir Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsidir.

Giləzi Ovçuluq Təsərrüfatı Xızı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 25 hektardır. Ərazi göllərdən ( üç böyük göl)  ibarət olduğundan burada su bataqlıq quşlarına və müxtəlif balıq növlərinə rast gəlmək mümkündür. Giləzi Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsidir.

Varvara Ovçuluq Təsərrüfatı Yevlax rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7762 hektardır. Burada əsasən müxtəlif  balıq növləri və su bataqlıq quşları üstünlük təşkil edir. Ona görə də qaranaz, qarıldaq, vağ, qarabatdaq və s. quş növlərinin qarışıq koloniyası qorunub saxlanılır. Varvara Ovçuluq Təsərrüfatının yaradılmasında  məqsəd su bataqlıq quşlarının, xəzdərililərin mühafizəsi və səmərəli istifadəsidir.

Babadağ Ovçuluq Təsərrüfatı Quba rayonunun inzibati ərazisində yerləşir, sahəsi 61000 hektardır. Heyvanat aləmini əsasən xınalı kəklik, yabanı göyərçin, Dağıstan turu, cüyür, köpgər, çöl donuzu və digər vəhşi heyvanlar təşkil edir. Dağ turizmi üçün maraqlı ərazi olan Babadağ Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd çöl donuzu, qonur ayı, qırqovul və s. ov obyektlərinin artırılması, bərpası və ovlanmasıdır.

Şəki Ovçuluq Təsərrüfatı Şəki və Oğuz rayonlarının inzibati ərazisində yerləşir, sahəsi 60000 hektardır. Şəki Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd çöl donuzu, dağ kəli, qırqovul, köpkər və s. ov obyektilərinin artırılması, bərpası və ovlanmasıdır.

Ov etməyin qadağan olunduğu ərazilərə gəlincə, Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək olmaz. Yeri gəlmişkən onu da xatırladaq ki, Cinayət Məcəlləsinin 258-ci maddəsinə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) ziyan vurulmaqla, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı qoruqların ərazisində törədildikdə isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.