Qanunsuz ov edənlərə qarşı cəzalar sərtləşdirilə bilər

19:33 20.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən milli parkın Oğuz bölməsinin ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə jurnalistlərə aşıqlamasnda deyib. Onun sözlərinə görə, araşdırma zamanı ov edənlərin Oğuz rayon sakinləri Dilqəm Səfərov, Novruz Vəliyev və Bəbirxan Şahmuradov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi və ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 3000 manat məbləğində cərimə olunub.

H.Əlizadə qeyd edib ki, dünyanın bir çox ölkələrində sayı azalmaqda olan Dağıstan turu yalnız Cənubi Qafqazda və Qafqazın bir neçə dağlıq ərazisində qalıb: "Bu növün ən çox sayı isə Azərbaycandadır. Bunun da səbəbi dövlətin apardığı mühafizə tədbirlərinin nəticəsidir. Amma Dağıstan turunun qadağan olunan vaxtda kortəbii şəkildə ovlanması sayının azalmasına və gələcəkdə kökünün kəsilməsinə səbəb ola bilər. Biz Nazirlik olaraq bu faktı qeyri-insani hərəkət kimi qiymətləndiririk. Hansısa bir məbləğdə cərimə etməklə yəqin ki, iş bitməyəcək, öz tərəfimizdən bütün qanuni və inzibati tədbirləri tətbiq edəcəyik ki,  heyvanların balalama dövründə onlara güllə atan insafsızlar çox ciddi cəzalansınlar. Bütün addımlar atılacaq ki, brakonyerlər barəsində cinayət işi qaldırılsın və ən əsası da odur ki, cəmiyyət  belələrini qınaq hədəfi kimi biabır etsin. Qohumu, qonşusu, kəndlisi balalama vaxtında məsum heyvana güllə atdığına görə onları aşağılasın, biabır etsin ki, digərləri bu yoldan çəkinsin. Ova hələ iki aydan sonra icazə veriləcək. Çünki hazırda heyvanların balalama dövrüdür”.

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz ov edən şəxslər eyni zamanda koronavirusla bağlı tətbiq edilən karantin qaydalarını da pozublar: "Karantin qaydalarını pozduqları üçün həmin şəxslərin cərimələnməsi üçün polis orqanlarına müraciət edəcəyik. Eyni zamanda həmin adamların qeydiyyatını da aparacağıq ki, gələcəkdə qanunsuz ov faktı baş verdikdə biz ilk növbədə həmin şəxsləri yoxlayaq”.

Yeri gəlmişkən, son illər iqlim dəyişikliyi və antropogen təsirlər nəticəsində planetimizdə təxminən 8 min 600 heyvan növü nəsli kəsilmək təhlukəsi ilə üzləşib. Araşdırmalara görə, son 27 ildə Azərbaycanda da nadir və nəsli kəsilməkdə olan heyvanların sayı 2 dəfə artıb. Qeyd edək ki, “Qırmızı kitab”ın 1989-cu ilin nəşrinə ümumilikdə 107 növ heyvan adı (40 növ həşərat, 5 növ balıq, 5 növ amfibi, 7 növ sürünən, 36 növ quş, 14 növ məməli heyvan) daxil edilsə də, kitabın 2013-cü il nəşrinə 223 növ heyvan salınıb. Ötən müddət ərzində azalma ən çox məməlilər, quşlar, balıqlar arasında qeydə alınsa da, daha təhlükəli vəziyyət məməli heyvanlarla bağlıdır. Qərb alimləri isə apardıqları uzun araşdırmalar nəticəsində müəyyən ediblər ki, planetimizdə nadir heyvanların 72 faizi insanın kənd təsərrüfatı fəaliyyəti nəticəsində məhv ola bilər. Bundan başqa, bir çox fauna da ov ucbatından məhv olmaq təhlükəsilə üzləşib. Alimlərin fikrincə, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasına dair təcili tədbirlərin siyahısı hazırlanmalı və bunun üçün lazımi vəsait ayrılmalıdır. Bununla bağlı Azərbaycandakı mövcud vəziyyət isə aidiyyəti qurumların mütəmadi olaraq diqqət mərkəzindədir. Belə ki, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində davamlı olaraq müvafiq işlər görülür.

Qeyd edək ki, Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən konkret ərazilər var. Ov yalnız ovçuluq təsərrüfatlarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır. Lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1.5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağan edilir.

Hazırda ölkədə 196 423 min hektardan artıq bir ərazini əhatə edən 10 ovçuluq təsərrüfatı fəaliyyət göstərir. Bunlardan biri respublika əhəmiyyətli, 9-u yerli əhəmiyyətlidir. Eyni zamanda, ov etmək üçün ov icazəsinin vaxtı qurtardıqda, ovçuluq fəaliyyəti dayandırıldıqda, icazəsiz ov etdikdə, heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda həmin şəxsin ov etmək hüququ məhdudlaşdırılır. Məsələn, ötən il sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlardan 10 nəfərinin ov qaydalarını pozduğu üçün Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət edib.

Bundan başqa, ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etməmək, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilib.

Ümumiyyətlə isə Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən açıq elan edilib. Qaydalara əsasən, ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Vəhşi heyvan və quşların ovuna icazə verilərkənsə ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdən də heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olur. Məsələn, Dağıstan turu 01 iyun – 12 oktyabr, qaban (Çöldonuzu) 14 sentyabr - 21dekabr, dovşan 16 noyabr – 11 yanvar, bataqlıq qunduzu (nutriya) 05 oktyabr - 15 fevral, cüllüt (ağquyruq çökük burun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) 14 sentyabr – 23 noyabr, qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) 12 oktyabr – 07 mart, ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) 12 oktyabr – 07 mart, qaşqaldaq 12 oktyabr – 07 mart, alabaxta və bildirçin 24 avqust - 16 noyabr tarixlərində ovlana bilər. Bu ilin mart ayının 7-də isə rəsmi olaraq ov mövsümü bitib. Yeni ov mövsümü isə təxminən 2 ay sonra start götürəcək.

Məlumat üçün onu da vurğulayaq ki, qanunvericiliyə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, qadağan edilmiş alət və üsullarla ovetmə 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək islah işləri, yaxud 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda, qanunvericiliyə görə, qanunsuz ovla bağlı cərimələrin miqdarı ovlanan heyvan növlərinə uyğun olaraq dəyişir. Məsələn, bir baş bəbiri qanunsuz ovlamaq 3300 manat, bir ceyran ovlamaq 550 manat, qonur ayı üçün 440 manat, şahin quşu üçün 1100 manat, bəzgək üçün 330 manat, dovdaq üçün 550 manat turac 330 manat, qu quşu üçün isə cərimə məbləği 550 manatdır. Sadalanan heyvan növləri dövlət təbiət qoruqları ərazisində və ya milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər heyvan növü üçün 3 qat hesablanır. Belə ki, həmin ərazilərdə bir baş bəbir qanunsuz ovlanarsa 9900 manat, ceyran üçün 1650 manat, qonur ayı üçün 1320 manat, şahin quşu üçün 3300 manat, bəzgək üçün 990 manat, dovdaq üçün 1650 manat, turac üçün 990 manat, qu quşu üçün isə 1650 manat cərimə tətbiq edilir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Oxunma sayı 304