“Qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib” – Tahir Mirkişili

11:03 02.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Son 6 ayın iqtisadi yekunları aşağıdakı mühüm nəticələrə gəlməyə imkan verir. Birincisi, aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstəriblər. Belə ki, ötən müddət ərzində ÜDM-in 2.4%, qeyri-neft sektorunun 3.2%, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının 13%, qeyri-neft ixracının 15%, valyuta ehtiyatlarının 4 mlrd dollar artması deyilənlərə sübutdur”.

Hafta.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib. Millət vəkili bildirib ki, 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib və iqtisadi subyektlərin şəffavlığa və haqlı rəqabətə inamını daha artırıb: “2019-cu ilin 6 ayının yekunlarına əsasən dövlət büdcəsi gəlirlərinin 440 mln manat artması, vergi yığımlarının 8.8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-i ötməsi, 100 mindən çox yeni əmək müqavilələrinin imzalanması bu deyilənlərə sübutdur”.

Millət vəkili onu da vurğulayıb ki, ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirlərin 4 milyondam çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan verib: “Bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5% olub. Əhalinin gəlirləri isə 6.6% artıb. Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbət verir. Düşünürəm ki, ölkə başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaq”.

Gündəm rubrikasından digər xəbərlər