Qapıçı penaltini dəf etdikdən sonra həlak oldu - GÜNÜN TƏZADLARI

18:44 12.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Arqentinanın "Union de Golondrina" klubunun 17 yaşlı qapıçısı Ramon İsmael Koronel komandasının qapısına təyin olunan penalti zərbəsini dəf etdikdən sonra qəflətən dünyasını dəyişdi.  Hafta.az-ın yazdığına görə,  "Report" "The Sun" nəşrinə istinadla xəbər verir ki, futbolçunun penalti zərbəsini qaytardıqdan sonra komanda yoldaşları ona təşəkkürünü bildirəndə artıq halı pisləşib. Stadionun təcili yardımı olmadığı üçün onu təcili xəstəxanaya gətiriblər. Prokurorluq  hadisəni araşdırmağa başlayıb.

 

Bakıda avtoyuyucu qaçırdığı maşınla qəza törədib öldü

Paytaxtda yol qəzası baş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Bakmil" metro stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi "Honda CRV" minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

 

18 it saxlayan adamı öz itləri yedi 

ABŞ-da  dəhşətli hadisə baş verdi. Hafta.az İsrail mediasına istinadla xəbər verir ki,  polisin haqqında axtarış elan etdiyi adamın itləri tərəfindən parçalandığı məlum olub. Söhbət  ABŞ-ın Texas ştatında axtarış nəticəsində ölü tapılan Fredi Markdan gedir.  Evində 18 it saxlayan F.Markın evinə baxış keçirən polis birinci dəfə onu tapa bilməsə də, ikinci dəfə onun itlər tərəfindən parçalanmış meyitini aşkar edib. Əməliyyat nəticəsində polis 16 iti zərərsizləşdirib. Məlum olub ki, itlər kişinin sümüklərini də yeyib. Onu yalnız bir parça sümüyün DNT analizindən tanımaq mümkün olub.

 

Gəncədə ana 2 yaşlı oğlu ilə itkin düşdü

Gəncədə ana 2 yaşlı övladı ilə birlikdə itkin düşdü. Hafta.az yazır ki, Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Gəncəvi küçəsi, 2-ci döngə, ev 25-də yaşayan, 1991-ci il təvəllüdlü Qasımova Gülnar Gülşad qızı 2017-ci il təvəllüdlü Qasımov Harun Bahəddin oğlu ilə birlikdə iyulun 7-də günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Təyyarə 11 min metr yüksəklikdə burulğana düşdü

"Air Canada” aviaşirkətinə məxsus təyyarə Vankuver-Sidney reysi zamanı fövqəladə hadisə ilə üzləşib qəza enişi etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, “Boeing777-200” təyyarəsi Havay adaları üzərində uçan zaman hava burulğanına düşüb. Nəticədə 269 sərnişindən 35 nəfəri müxtəlif xəsarətlər alıb. Bu zaman hava gəmisi 11 min metr hündürlükdə olub. Sərnişinlərdən birinin dediyinə görə, təyyarədə hər şey bir an içində baş verdi: "Bir saniyənin içində hamı göyə atıldı. Təhlükəsizlik kəmərini taxmayan sərnişinlər baqaj rəflərinə bərk çırpıldı”. Hadisədən sonra pilotlar təyyarəni təcili olaraq Havay adalarındakı Honolulu hava limanına endirməyə məcbur olublar. Burada xəsarət alanlara lazımi tibbi yardım göstərilib.