Qara Qarayev prospektinin baxımsız məhəllələri - REPORTAJ

18:36 16.10.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar paytaxtda abadlıq, tikinti və quruculuq işləri sürətlənib. “Abad Məhəllə” çərçivəsində qəsəbələrdə yaşayış binalarının həyətlərində sakinlərin istirahəti üçün istirahət guşələri, parklar, yaşıllıqlar salınır. Bu işlərin görülməsində yerli bələdiyyələrin və  Rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rolu böyükdür. Təəssüflər olsun ki, Nizami rayonunda Qara Qarayev porospektində yerləşən elə məhəllələr var ki, biz bunlara rast gəlmədik. Belə yerlərdən biri də Nizami rayonu Qara Qarayev prospektində yerləşən 37 B, 39, 2517/ 2518 məhəllə, 2 saylı binaların həyətləridir.

Ərazi Qara Qarayev metro stansiyasına və  Əhmədli istiqamətinə gedən mərkəzi yola çox yaxındır. Binaların həyətində salınmış park baxımsızlıqdan yarasız hala düşüb. Oturacaqların hamısı sınıb. Torpağa basdırılımış dəmir dirəkləri qalıb, küçə işıqlaqrı yoxdur. Salınmış yaşıllıqlar tələf olur. Parkın daxili yollarının asfalt örtükləri dağılaraq yararsız hala düşüb, ərazi natəmizlik içindədir.

Eldar adlı sakin bildirdi ki, vaxtilə bu parkı sakinlər öz vəsaiti hesabına salıblar. Onun sözlərinə görə, gözəl istirahət guşəsi idi: “Yaşıllıqlar salınmışdı, bəzəkli kol və ağac bitkiləri əkilmişdi. Parkın daxili yolları asfaltlanmışdı, səkilər ağardılmışdı. Ağacları sakinlər özləri sulayırdılar. Üç ildən çoxdur ki, Nizami Rayon Sukanal İdarəsinin işçiləri gəlib su xətlərini kəsib gediblər. Üç ildir ağaclar suvarılmır. İsti yay günlərində cavan ağac və kollar susuzluğa dözməyib tələf oldu. Həyətdə şərait olmadığından, isti yay günləri mənzilimizdən kənara çıxmırıq. Hər yerdə “Abad Məhəllə” çərçivəsində abadlıq işləri aparılır. Sakinlərin istirahəti və uşaqların oynaması üçün hər cür şərait yaradılır. Uşaqların asudə vaxtlarında oynaması üçün heç bir şərait yoxdur. Ərazini süpürüb-təmizləyən də yoxdur. Bələdiyyələr gəlib, vergipulu yığmaqla məşğuldur. Üçotaqlı mənzildə qalıram. İldə 15 manata yaxın Bələdiyyəyə vəsait ödəyirəm. Bunun müqabilində Nizami Rayon Bələdiyyəsi heç bir iş görmür”.

Qara Qarayev 1026/ saylı 5 mərtəbəli binanın həyətində də eyni vəziyyətdir. Böyük bir ərazini əhatə edən binanın həyəti baxımsız qalıb. Sakinlərin istirahəti üçün həyətdə bir oturacağa belə rast gəlmədik.

Kooperativ binaların sədri Çingiz Əliyev “Həftə içi”nə bildirdi ki, bu barədə Nizami RİH-ə məlumat verilib. RİH-dən dedilər ki, yaşadığınız binaların həyəti “Abad Məhəllə” layihəsinə salınıb. Sakinlər üçün istirahət parkı salınacaq. Hələ ki, gözləyirik.