“Qarabağ Azərbaycan torpağıdır, bu mövqeyimiz dəyişməyəcək” – Müsahibə

11:14 14.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

O, “Qarabağ: ideyalar müharibəsi” və “Türküstan və Güney Qafqaz XIX-XX yüzilliklərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarına görə uzun müddət ermənilərin təqiblərinə və təzyiqlərinə məruz qaldı. İlk dəfə Azərbaycan həqiqətlərinə çatdıran bu tarixçi alim  “Qarabağ: ideyalar müharibəsi” kitabında erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. Onun ikinci kitabında isə ermənilər tərəfindən özbəklərlə bağlı törədilən tarixi cinayətlərdən və qətliamdan bəhs olunur.

Tarixçi alimin Bakıda olduğunu öyrənib onunla söhbətləşdik. Şöhrət Barlas bəy hafta.az-a müsahibəsində Azərbaycan və Özbəkistan arasındakı əlaqələrin bu günündən və sabahından danışıb.Görülən işlərə toxunub.

-Şöhrət bəy, hazırda Özbəkistan və Azərbaycan arasındakı mədəni, ictimai-siyasi əlaqələrin hansı səviyyədə olması ilə bağlı soruşmaq istəyirəm. Bir tarixçi olaraq keçmişdən bu günə qırılmaz tellərlə bağlı olan Özbəkistan-Azərbaycan əlaqələrinin hazırkı durumu sizi qane edirmi?

-Hazırda Azərbaycanla Özbəkistan arasındakı əlaqələr çox yüksək səviyyədədir. Siyasi olaraq strateji həmrəylik səviyyəsinə qədər yüksəlib. Bu rəsmi olaraq da elan edilib. 14-15 oktyabr tarixlərində Bakıda Türk Şurasının növbəti toplantısı keçiriləcək. Özbəkistan da ilk dəfə bu qurumda tamhüquqlu üzv kimi təmsil olunacaq. Artıq Özbəkistan bu konseyin üzvüdür. Artıq üzvülüklə bağlı məsələ Özbəkistan parlamentində də ratifikasiya elan edilib. Rəsmi şəkildə Türk Şurasının üzvüyük.

-Sizi və sizin simanızda Özbəkistan xalqını təbrik edirəm!

-Çox sağ olun.

-Özbəkistanın bu təşkilata üzv olaraq qatılmasının önəmi nədir?

-Bildiyiniz kimi, Özbəkistan Mərkəzi Asiyanın tam ortasındadır. Beş respublika ilə sərhəddi var. Bunlar Əfqanıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstandır. Orta Asiyanın ortasında yerləşirik. 33 milyon yarımlıq əhali ilə Mərkəzi Asiyanın ən böyük ölkəsiyik. Əhali artımı bizdə ildə 500 min nəfərdir. Azərbaycanla mədəni, ticari, tarixi əlaqələrimizin kökü min illərə dayanır. Bu əlaqələr bu gün də yüksələn xətlə inkişaf edir. Bizdən əvvəl Nizami Gəncəvi, Əlişir Nəvai, Füzuli, sonrakı dövrlərdə Hüseyn Cavid və sair kimi şəxsiyyətlərin çiynində daşınıb bu əlaqələr. Ötən əsrin əvvəllərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Özbəkistanda səhnələşdirilib. Bütün bunlar bizə yaxşı bir təməldir. İndi bizim üzərimizə düşən yük həmin sağlam fundamentin üzərində böyük qardaşlıq binasını qurmaqdır. Mədəni, ictimai, siyasi-iqtisadi sferalarda bu əlaqələr ən yüksək səviyyəyə çıxarılmalıdır. Özbəkistan və Azərbaycana məxsus hava yollarının təyyarələrində Bakı-Daşkənd və Daşkənd-Bakı reyslərində yer tapılmır. Bütün reyslər dolu gedir. Nə Daşkənddə, nə də Bakıda səfər üçün bilet tapa bilməzsiniz. Bunun özü də qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişafından xəbər verir. Həm də qardaşlığımızın bir simgəsidir. Bakıdan Buxaraya, Daşkəndə, Səmərqəndə, Daşkənddən Bakıya, Naftalana, Gəncəyə getmək istəyənlərin sayı çoxdur.

-Şöhrət bəy, siz ilk dəfə Dağlıq Qarabağ məsələsinin əsl həqiqi üzünü Özbəkistanda özbək xalqına çatdıran adamsıznız, alimsiniz. Eyni zamanda, ermənilərlə bağlı araşdırmalarınıza görə başınız çox bəlalar çəkib. Bu gün Bakıda özbəkistanlı gənclərin “Qarabağ üçün oxu” klipinin də təqdimatında iştirak etdik. Hazırda Özbəkistan xalqının, ictimaiyyətinin Qarabağ məsələsi ilə bağlı fikrini öyrənmək istərdik... Özbək qardaşlarımız kimin yanındadır?

-Qarabağ münaqişəsi ilə bağlı Özbəkistanın rəsmi mövqeyi heç vaxt dəyişməyəcək. Bu Azərbaycanın torpağıdır. Bu mövqe həm tarixi həqiqətlərə, həm də iki ölkə arasındakı ruhsal bağlarla əlaqəlidir. Özbəkistan şəhərlərinin birinə gedin. Sorğu keçirin. Küçələrdə istənilən bir nəfərə yaxınlaşın. Qarabağın hansı ölkənin torpağı olduğunu soruşun, düşünmədən deyəcəklər ki, Qarabağ Azərbaycan torpağıdır. Biz Azərbaycanın yanındayıq. Bu birmənalıdır. BMT-nin qərarı var. Beynəlxalq hüquq Azərbaycanın yanındadır. Əgər kimsə buna qarşı çıxarsa, onlara əsl həqiqəti başa salmaq bizim işimizdir.

-Bu günlərdə Özbəkistan prezidenti cənab Şövkət Mirziyoyev Bakıya təşrif buyurur. Bildiyim qədəri ilə ilk səfəridir. Bu səfərin  iki ölkə arasında mədəni, ictimai-siyasi əlaqələrə təsirindən danışmağınızı istəyərdik. Prezidentin səfəri əlaqələrimizin inkişafına nə kimi təsirlər edə bilər?

-Şövkət Mirziyoyev buraya ilk rəsmi səfərə gələ bilər. Amma onlar İlham Əliyevlə çoxdan bir-birlərini tanıyırlar. Özbəkistanda – Daşkənddə Heydər Əliyev küçəsində Azərbaycan Mədəniyyət Mərkəzinin inşası Şövkət Mirziyoyevin baş nazirlik dönəminə təsadüf edib. İlham Əliyev isə prezident idi. Mirziyoyev açılışa özü gəldi. Bütün beynəlxalq tədbirlərdə onlar bir-biri ilə söhbət edirlər. Danışırlar. Bizim buradakı, sizin oradakı əlaqələr Özbəkistanla Azərbaycan arasındakı əlaqələrin hansı yüksək səviyyədə olduğunun göstəricisidir. Sizin Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi çox böyük işlər görüb. Minlərlə məqaləni, eləcə də 60-dan çox kitabı özbək dilinə çevirib. Azirbaycan poezıyası antologıyası çap olunub. Yüzə yaxın şairin şeirləri özbək dilinə çevrilib. Daşkənddəki Heydər Əliyev mərkəzində tərcüməçilər məktəbi fəaliyyət göstərir. Bizim buraya gəlişimiz, səfərlərimiz ölkələrimiz arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirir. 22 noyabrda özbəkistanlı mədəniyyət adamlarının, artistlərinin burada konsertləri gözlənilir. Bütün bunlar Özbəkistan-Azərbaycan əlaqələrinin, həmrəyliyinin simgəsidir.

-1992-ci ildə Özbəkistanla Azərbaycan arasında diplomatik əlaqələr qurularkən Özbəkistanla Ermənistan arasında əlaqələr qurulmadı. Məsələ işğalçı Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və torpaqlarımıza təcavüzü idi. Bu gün biz Xocalı faciəsini dünyada tanıtmağa çalışırıq. Özbəkistan parlamentində bu məsələ nə vaxtsa müzakirəyə çıxarıla bilərmi? Yəni, Özbəkistan nə zamansa rəsmi olaraq Xocalı soyqırımını tanıyacaqmı?

-Bu məsələnin parlamentə çıxarılması üçün hərəkət etmək lazımdır. İşləmək lazımdır. Azərbaycanın və Azərbaycan tərəfində olan özbək dostlarımızın əməyinə bağlıdır.

-Bundan sonra da Şöhrət Barlasın Qarabağla və erməni vəhşilikləri ilə bağlı araşdırmalarını oxuya biləcəyikmi?

-İnşallah, yaxın günlərdə Azərbaycan dilində bir kitabım çıxacaq. Kitab daşnaklar haqqındadır. Adını açıqlamaq istəmirəm. Hələlik sirr qalsın. Həmin kitab Qazaxıstandakı və Özbəkistandakı azərbaycanlıların istəyi ilə çap ediləcək.

Oxunma sayı 50