““Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı bütün dünyaya ismarış idi” – MÜSAHİBƏ

15:00 11.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli həm ölkə gündəmində, həm də dünya mediasında aparıcı mövzulardan birinə çevrilib. Ölkə prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndi şəhərinə səfəri zamanı səsləndirdiyi sərsəm fikirlərə cavab olaraq Soçidə bəyan etdi ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Sonradan bu ifadə ictimaiyyət nümayəndələri, diaspora üzvləri tərəfindən haştaqa çevrildi.

Ardınca Milli Şuranın mitinqində bir neçə qarabağlı məcburi köçkün torpaqların müharibə yolu ilə azad edilməsini bəyan etdilər.

Millət vəkili Elman Məmmədovla elə bu mövzularda söhbət etmişik. Millət vəkili hafta.az-a müsahibəsində bir sıra mətləblərə aydınlıq gətirib.

-Elman müəllim, prezident İlham Əliyev “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı Azərbaycan ictimaiyyətində müsbət əhval-ruhiyyə formalaşdıran, eləcə də dünyada səs-küyə səbəb olan bir ifadə işlətdi. Ölkə başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndi şəhərinə səfəri zamanı səsləndirdiyi sərsəm fikirlərə cavab olaraq Soçidə bəyan etdi ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. İndi ölkə ictimaiyyətinin fəalları, diaspora üzvlərimiz “Qarabağ Azərbaycandır və nida işarəsi”ni haştaqa çeviriblər. Dünyada təbliğat kampaniyalarına başlayıblar. Qarabağın Azərbaycan torpağı olması ilə bağlı hərəkətə keçiblər. Bununla bağlı gecikmişik, yoxsa əsl vaxtı indidir?

- Yox. Qarabağın Azərbaycan ərazilərinin bir hissəsi kimi tanıdılması işi hər zaman aparılmalıdır. Dağlıq Qarabağın, eləcə də işğal olunmuş ərazilərimizin Azərbaycanın əzəli-əbədi torpaqları olması bir tarixdir. Ermənilərin tarixi saxtalaşdırmağı ilə iş bitmir. Əsl tarix heç vaxt dəyişdirilmir. Ortada tarix var. Bu istiqamətdə tanıdılma, dünyaya çatdırılma, erməni yalanlarını ifşa etmə ulu öndərimizin hakimiyyətə gəlişindən sonra başlayıb. Ulu öndərimiz ikinci dəfə hakimiyyətə gəldikdən sonra Birləşmiş Millətlər Təşkilatının tribunasından, eləcə də xarici ölkələrə səfərləri zamanı, xarici dövlətlərin rəhbərlərinin ölkəmizə səfəri sırasında Qarabağın kimə məxsusluğunu, Azərbaycan ərazisinin bir parçası olduğunu xəritə ilə, faktlarla sübuta yetirirdi. Ölkə başçımız öz prezidentlik dövrünə başlayandan sonra bu iş ən yüksək səviyyədə aparılır. Soçidə, “Valday” diskussiya klubunun toplantısında cənab prezidentimizin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı bütün dünyaya ismarış idi. Eyni zamanda işğalçı ölkəyə mesaj olmaqla bərabər, xəbərdarlıq idi. Yəqin ki, erməni mediasını da izləyirsiniz, bu bəyanatdan sonra onların cəmiyyətində də müəyyən qeyri müəyyənlik, çaxnaşmalar mövcuddur. Baş nazir Nikol Paşinyana qarşı hiddət artıb. Hətta Nikol Paşinyanın tərəfdarları, rəsmilər bu barədə yazan jurnalistlərə təzyiq göstərirlər. Düşünürəm ki, Dağlıq Qarabağ müharibəsi, həqətlərlə, faktlarla bağlı silsilə kitablar, elmi araşdırmalar, jurnalist tədiqat işləri çap edilir. Bütün bunlar dünyanın aparıcı dillərinə tərcümə edilir. Yayılır. Bununla belə, biz dayanmamalıyıq. Bundan da çoxlu işlər görməliyik. Uzun illər – yüz ildən artıq bir müddət ərzində bu istiqamətdəki erməni yalanlarını, erməni saxtakarlığını darmadağın etmək, tamamilə ifşasına nail olmaq üçün  biz daha güclü işləməliyik.

-Oktyabrın 8-də Milli Şuranın 50 nəfərlik piketi keçirildi. Onların arasında Qarabağdan olan məcburi köçkünlər də var idi. Bildirirdilər ki, Qarabağ məsələsi müharibə yolu ilə özü də tez bir zamanda həll edilməlidir. Onlar iddia edirdilər ki, dövlət bu yöndə heç bir iş görmür. Bu barədə bir millət vəkili olaraq fikirlərinizi almaq istərdik...

-Mən o fikirlə razıyam ki, torpaqlar işğaldan azad olunmalıdır. Bunu hər bir azərbaycanlı deyir. Cənab prezidentimiz bunu bizdən də daha yüksək tribunalardan bəyan edir. Ölkəmizin başçısı dəfələrlə qeyd edib ki, biz nə torpaqlarımızı güzəştə gedəcəyik, nə də bir qarış torpağımızı belə kiməsə verəcəyik. Torpaqlarımızı işğaldan azad edəcəyik. “Bu istiqamətdə heç bir iş görülmür” – deyilməsi tamamilə yalandır. Yanlışdır, səhv informasiyadır. İşlər görülür. Bu yöndə işləri cənab prezidentimizdən tutmuş ən sıravi vətəndaşa qədər hamı görür.Hərə öz sahəsində bu qələbəyə, bu işə öz töhfəsini verməlidir. Tələbə tələbə kimi, qazi qazi kimi, döyüşçü döyüşçü kimi, müəllim müəllim kimi... Yəni, hərə öz vəzifəsində, öz yerində üzərinə düşən vəzifəni, məsuliyyəti layiqincə yerinə yetirsə, torpaqlarımızın işğaldan azad olunmasına, qələbə günümüzün yaxınlaşmasına öz töhvəsini vermiş olur. Bu, tək əldən səs çıxmaz məsələsidir. Bu, xalqın taleyidir, millətin torpağıdır, bu ulusun tarixidir. Bu məsələdə xalqın sözü cənab prezident başda olmaqla deyilir.

-Dağlıq Qarabağ müharibəsi zamanı ermənilər Azərbaycana qarşı təxminən dörd qətliam, daha doğrusu, soyqırım törədib. Buraya  Ağdaban, Ballıqaya, Qaradağlı və Xocalı soyqırımları daxildir. Amma nədənsə biz daha çox Xocalı soyqırımının üzərində dayanırıq. Daha çox bu soyqırımın üzərində dayanırıq. Daha çox onu dünyaya təqdim etməyə çalışırıq. Səbəb nədir?

-Buraya Xocavənd qətliamını da əlavə edək. Bilirsiniz, orada törədilən vəhşiliklər qətliam kimi, kütləvi qırğın kimi gedir. Ancaq Xocalıda törədilən vandalizm hərəkətləri beynəlxalq hüququn müvafiq tərifinə görə sırf soyqırım hadisəsidir. Buna əsaslanaraq deyə bilərik ki, erməni işğalçılarının törətdiyi vəhşilik soyqırımdır. Ancaq kütləvi qırğınlar çox yerdə törədilib. Hətta Ermənistanın özündə də bizim orada yaşayan soydaşlarımıza qarşı kütləvi qırğın hadisələri baş verib. Nüvədidə, Quqarkda... 80-ə qədər uşağı bir borunun içərisinə yığıb hər iki tərəfini qaynaq edib yandırmışdılar. Öldürmüşdülər. Bu qətliamları, soyqırımları ermənilər yüz ildən çox bir müddətdə dəfələrlə təkrar ediblər. Ermənilər bunu Azərbaycan türklərinə qarşı həm indiki Azərbaycan ərazilərində, eləcə də Gürcüstanda, Anadoluda – Türkiyədə, İranda gerçəkləşdiriblər. Çox təssüf ki, bu gün İran İslam Respublikası cinayətkar dövlət olan Ermənistanla dostluq edir. Amma onlar əvvəlcə tarixi qaldırıb baxsınlar.