Qarabağsız “Qarabağ” qəzeti – necə deyim yubileyin mübarək?!

18:16 29.06.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bu gün öz doğma yurd yerlərindən perik düşümüş qarabağlı köçkün yazarlarımızın bir təsəlli, ümid yeri var: o da Qarabağsız “Qarabağ” qəzetidir. Otuz ildir ki, “Qarabağ”  Qarabağdan ayrı düşüb.

Otuz ildir ki, maraqlı, obyektiv yazıları ilə qəlbimizdə özü boyda sağalmaz yaraya çevrilən Qarabağ ağrılarını, erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırır. Harada bir köçkünün problemi varsa, “Qarabağ” qəzeti də onun yanında olur. Eyni zamanda, məcburi köçkünlərin sosial problemlərinin həllində sözügedən qəzetin böyük xidmətləri var. “Qarabağ” qəzeti hər zaman dövlətimizin yanında olub, dövlətçiliyimizin təbliğində xüsusi rolu olub. Bugünün özündə də ölkə başçısının siyasətini dəstəkləyir, onun verdiyi sərəncam və göstərişləri yüksək səviyyətə təbliğ edir. Fəaliyyətə başladığı gündən hər zaman öz səhifələrində ermənilərin əli ilə xalqımızın başına gətirilən müsibətlərdən, erməni vandalizmindən, qeyrətli Vətən övladlarımızın qəhrəmanlıqlarından, torpaqlarımız uğrunda şəhid olmuş Azərbaycanın qeyrətli oğul və qızlarından söhbət açır. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayan qəzetin arxivində Qarabağ müharibəsinin xronoloji tarixi bu gün də qorunur.

Qəzetin səhifələrində Qarabağın tarixinə, maddi-mədəniyyət abidələrinə, tarixi şəxsiyyətlərinə, görkəmli elm, mədəniyyət xadimlərinə aid maraqlı məqalələr çap edilir. Eyni zamanda, qəzetin səhifələrində məcburi köçkün həyatı yaşayan insanların həyatına aid yazılarla yanaşı, analitik yazılara da yer ayrılır.

Otuzuncu baharını arxada qoyan “Qarabağ” qəzetinin kollektivini yubiley münasibətilə təbrik edirəm:

“Qarabağ” qəzeti,

”Qarabağ” qəzeti,

Hər səhifəsində bir şəhid qanı,

Yetim qalmış bir körpənin harayı.

“Qarabağ” qəzeti,

Hər kəlməsində 

Bir əskər andı.

Dalğalanan Azərbaycan Bayrağı.

“Qarabağ” qəzeti,

Əsirlikdə qalan yurdum,

dağıdılmış məbədgahlarım,

müqəddəs ocaqlarım.

Itkin düşmüş duyğularım...

 “Qarabağ” qəzeti,

Oğlunu itirmiş,

Qərib eldə yuvasını axtaran

anamın göz yaşları.

“Qarabağ” qəzeti,

Yad qəbiristanlıqda

ruhu narahat olan,

Torpağına qovuşmayan

atamın məzarı.

“Qarabağ” qəzeti,

Kiriməyən göz yaşlarım.

Şaxtalı günlərdə

ağlamaqdan üşüyən baxışlarım.

“Qarabağ qəzeti,

Yubileyinə  mükafatım göz yaşlarımdır.

 Bəlkə dərdimi büküb sözə

 yubileyində ağlayım səni.

Bəlkə Yaradanımız rəhmə gəlib

 Qarabağa gedən yollarımızı aça bildi...

“Qarabağ” qəzeti,

Qarabağsız, Ağdamsız, Şuşasız 

necə deyim,

Yubileyin mübarək!

 

Oxunma sayı 1711
Sosial rubrikasından digər xəbərlər