Qaraçıların Aşura gündəliyi: Uşaqların manat oğurluğu, böyüklərin “pesok” savaşı

16:33 10.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün Aşura idi. Təzəpir məscidində bir izdiham var idi, gəl görəsən. Sinə döyən kim, moziyə qulaq verib, yanındakılarla söhbətləşən kim... Məscidin içindən fərqli olaraq bayırda daha çox rənglilik vardı. Aşağıda qan vermə aksiyası, pilləkanlardan yuxarıda – həyətdə isə sinə vurma, nəzirpaylama ritualları...

Əvvəlcə əlsiz-ayaqsız dilənçilər əllərində torba dayanmışdılar. Səsləri çıxmırdı. Bizimkilər idi. Kimi qənd, şəkər tozu verirdi onlara, kimi də qara çay uzadırdı. Götürürdülər.

İlk epizod: dartışdırılan şəkər tozu...

Birdən ara qarışdı. Məscidin həyətinə dəstə-dəstə qaraçılar tökülüşdü. Özü də oğullu –uşaqlı... Bir də onu gördük ki, bizimkilər utandığından bir kənara çəkildilər.

Qaraçı qadınlar nəzir paylayanların əlindən çuvalları zorla almağa başladılar. Hətta epizodların birində şəkər tozunun qoyulduğu “pinqivin” sellofan cırıldı. Məscidin par-par yanan döşəməsinə töküldü. Axırda nəzir paylayan xanım çuvalın hamısını ona verib sakitcə geri çəkildi. İki qaraçı uşağı isə yerə tökələn bir-iki ovucluq şəkər tozunu xışmalayıb ciblərinə tökdülər.

Başqa bir epizod...

Uzun boylu, üzü nazik tüklü, qara eynəkli, ağ köynəkli bir kişi cibindən təxminən 7-8 ədəd birmanatlıq əskinas çıxardı. Məscid divarının önündə dayananlara paylamağa başladı. Elə bu dəm iki qaraçı uşağı nəzir paylayan kişiyə yaxınlaşdı. Kişi hərəsinə bir manat verdi. Növbəti manatlığı dizi üstə oturmuş gözü görməyən bir cavan oğlana uzatdı. Elə bu dəm qaraçı uşağı gözləri görməyən gəncin əlindən alıb qaçdı. Nəzir paylayan kişi isə əlləri üzündə bu şalvarı dizdən cırılmış uşaqlara baxa –baxa yenidən əlini cibinə atdı.

Üçüncü epizod...

Sinə vurma mərasimi dairəvi səddin daxilində keçirilirdi. Aşura mərasiminin əsrlərdir dəyişməyən ritualı bu dəfə də qeyd olunurdu. İnsanlar “ətdən çəpər” çəkmişdilər. Ortada iki nəfər var idi. Biri yeniyetmə, o biri orta yaşlı kişi... Mərsiyə deyirdilər. İnsanlar isə xəfifcə sinə vururdular. Birdən iki qaraçı uşağı insanların ayaqlarının arasından dairəni yarmağa çalışdılar. İlk cəhdləri alınmadı. Bir neçə cəhddən sonra 10-12 yaşlı uşaqlar istədiklərini bacardılar. Baxdılar ki, sadəcə sinə vurma mərasimidir. Təəccüblə rituala tamaşa etdilər. Sonra da insanların ayaqlarının arasından geri qayıtdılar.

Maraqlısı bura qədər olan hissə deyil, bundan sonrasıdır. Azyaşlıların digər dostları dərhal onların üstünü kəsdirdi. Pul tələb etdilər. Deyəsən, yığılan pulları böləcəkdilər. “Çəpəri yaranlar” isə and –aman edirdilər ki, dairəvi yerdə pul paylanılmır. Dostları bu iki “qəhrəmana” inanmadılar. Başladılar tutaşmağa. İnsanların ayaqlarının arasını yerüstü keçid edən həmin qızla oğlanı o ki, var əzişdirdilər. Sinə vurma yaddan çıxdı. Hamı bu balacaların davasına göz kəsdirməyə başladı.

Sonuncu epizod...

Aşağıda giriş qapısında duran polislər qaraçıların yuxarıdakı haqq-hesablarından xəbər tutan kimi yuxarıya çıxdılar. Qaraçılar necə gəlmişdilərsə, elə də aşağı düşməyə başladılar. Bir azyaşlı oğlan uşağından başqa. Aranın qarışmağından istifadə edib məscidin arxasındakı sütunun dalına gizləndi. Bir az nəfəsini dərdikdən sonra əlini cibinə atdı. Gülə-gülə bir xışma şəkər tozunu ağzına atıb yenidən sinə vuranların arasına qarışdı...

Sosial rubrikasından digər xəbərlər