Qaraçuxurda Heydər Əliyev Fondunun əkdiyi ağaclar baxımsız qalıb - FOTO

12:25 05.06.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Son illərdə Azərbaycanda kütləvi şəkildə ağac əkilməsi kampaniyası geniş vüsət alıb. Bu sahədə Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Məhz Fondun təşkilatçılığı ilə yol kənarlarında boş qalmış sahələr tullantılardan təmizlənərək, yerində yüzlərlə ağac əkilir, yaşıllıqlar salınır. Lakin elə ərazilər var ki, təzə əkilmiş ağaclara qulluq edilmədiyinə görə tələf olurlar.

Belə ərazilərdən biri də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış Massivinin ərazisindədir. Şəhərdən  gələndə köhnə “Daş bazarı”na çatmamış Suraxanıya gedən mərkəzi yolun sağ tərəfində Neft Şirkətinin ərazisində əkilmiş ağaclardır. Xatırladaq ki, adıçəkilən ərazidə “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçən il 9 noyabr-Dövlət Bayraq Günü ilə əlaqədar “Təbiət naminə birləş”, “Həyat naminə birləş” layihəsi üzrə  keçirilən ekoloji aksiyada təxminən 5 minə qədər kiparis və şam ağacları əkilmişdi.  Payız mövsümündə əkildiyinə görə ağaclarda quruma halları havalar istiləşənə qədər baş verməmişdi. Lakin bugünki mənzərə tamamilə başqadır. Təzə əkilmiş ağaclara qulluq edilmədiyindən və baxımsız qaldığından ağaclar alaq otları və qanqal kolları içərisində görünməz olub. Eyni zamanda suvarılmadığına görə tələf olurlar. Ağacları alaq otlarından təmizləmək və  suvarmaq əvəzinə, sussuzluqdan bir balaca yarpaqları saralmış  cavan ağacları çıxarıb əraziyə atmaqla kifayətlənirlər. Ərazidə yaşayan insanlar da deyir ki, əgər belə davam edərsə, ərazidə isti yay günlərinə qədər bir dənə də olsun ağac qalmayacaq. Yeri gəlmişkən,  quraqlıqdan alaq otları qurumağa başlayıb. Əgər ərazi alaq otlarından təmizlənməsə, müəyyən ehtiyatsızlıq ucbatından yanğın hadisəsi baş verər və ətraf ərazilrdəki ağaclar da yana bilər. Həmin əraziyə Suraxanı “OYL” tərəfindən yaşılıqların suvarılması üçün su xətti də çəkib.  Eləcə də iki ilə yaxındır ki,  Suraxanıya gedən yol dövlət tərəfindən əsaslı təmir olunub. Eyni zamanda  piyadalar üçün səki yol çəkilib. Lakin ağacların suvarılması üçün çəkilən xətdə baş verən sızmalar piyada yolun bir hissəsini oyaraq dağıdıb. Qəsəbə sakinlərinin dediklərinə görə, yolkənarı yaşıllıqlara Bakı şəhər Yaşıllaşdırma İdarəsi quluq edir.

Vəziyyətlə bağlı Syraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-dən “Həftə içi”nə bildirdilər ki, yolkənarı yaşıllıqlara Bakı Şəhər Yaşıllaşdırma İdarəsi xidmət göstərir. Bu haqda sözügedən quruma məlumat verəcəyik.

 

Oxunma sayı 1629
Sosial rubrikasından digər xəbərlər