Qaraçuxurun bağlı və boş kafe-restoranları - REPORTAJ  

16:26 06.05.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən,  may ayının 4 -dən paytaxtda  restoran, kafe, eləcə də çay evləri fəaliyyətə başlayıb. Bəs görəsən,  Səhiyyə Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərə uyğun olaraq fəaliyyətə başlayan iaşə obyektlərində  izolyasıya işləri, gigiyenik tələblərlə  hansı səviyədə əməl edilir?. Suallarımıza aydınlıq gətirmək üçün “Həftə içi”nin əməkdaşı olaraq yolumuzu Suraxanı rayonu Qaraçuxur qəsəbəsindən saldıq.

Əvvəlcə Cəlal Qurbanov küçəsində fəaliyyət göstərən  “Ailə” restoranına baş çəkdik. Sözügedən iaşə obyektinin zalı boş idi. Cəmi üç nəfər işçi vardı.  Elvin adlı şəxs restoranda xəzinədar işlədiyini dedi. Onun sözlərinə görə, iki gündür fəaliyyətə başlayıblar: ”Müştəri çox az gəldiyindən, ancaq donər verməklə kifayətlənirik.  Başqa yeməklər isə verə bilmirik, çünki sərf eləmir. Gündəlik işçilərin pulunu güclə çıxarırıq. Gigiyenik təmizliyə riayət edirik. Restoranda dezinfeksiya işləri aparılır. təmizliyə isə xüsusi fikir veririk”. Təəssüflər olsun, bizə məlumat verən Elvin bəyin nə özü, nə də işçiləri  qoruyucu maska taxmamışdılar, əllərində isə əlcək  yox idi.

Həmin ünvanda  yerləşən  “Borçalı”,  “Dağlar” kafelərinin, eləcə də “Çay evi”nin qapısı bağlı idi, yəni işləmirdi.

Sonra Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində də  olduq. Həmin ünvanda  yerləşən “Kronos” restoranı və kabinet çay evi də işləmirdi. “İki tikə” restoranında da eyni yaşantı var idi. Sözügedən iaşə obyektinin sahibi bildirdi ki, restoran bağlıdır, ancaq təmir və təmizlik işləri aparırlar.

Suraxanı RPİ 32-ci  Polis Bölməsi yerləşən binanın yaxınlığındakı  “Nuray” və  “Park” restoranlarının qapıları bağlı  olduğundan işləmirdi. Qeyd edək ki, sözügedən qəsəbədə kafe, çay evi və restoranlar, hələ ki, müştərilərin üzünə bağlı qalıb.

Qələndər Xaçınçaylı

Oxunma sayı 103