Qəzzafinin son dayağı çökür

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Liviyanın keçid hökumətinə sadiq qüvvələr Müəmmar Qəzzafi tərəfdarlarını Sirtdə bir küncə sıxışdırdıqlarını deyirlər. Qızğın döyüşlərə dair məlumatlar hələ də daxil olmaqdadır. Müvəqqəti hökumətin rəhbərliyi bu həftə ərzində Sirtin tamamilə alınacağını proqnozlaşdırıb. Milli Keçid Şurasının sədri Mustada Əbdül Cəlil deyib ki, antiQəzzafi döyüşçülər Sirt və Bəni Validdə ciddi irəliləyişlər əldə ediblər. Şura döyüşçüləri bir vaxtlar Qəzzafi loyalistlərinin qərargah kimi istifadə etdikləri mərkəzi binaları ələ keçiriblər. Onlar habelə universitet və əsas xəstəxanaya nəzarət edirlər. Döyüşlərdə 30 şura döyüşçüsü ölmüş, 400 nəfər yaralanmışdır. Milli Keçid Şurası Sirtin alınması ilə Liviyanın azad olunacağını bildirib. Suriyada isə hökumət qüvvələri dinc sakinləri qətlə yetirməkdə davam edir. Bütün ölkə boyu 31 adamın qətlə yetirilməsindən bir gün sonra Suriya qoşunları Homsda hökumət əleyhdarlarına qarşı yeni basqılar həyata keçiriblər. Londonda qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu bildirir ki, bazar günü öldürülənlərin 14-ü mülki vətəndaşlardır. Qrup bildirib ki, hökumət qüvvələrindən qopan əsgərlərlə baş verən döyüşlərdə təhlükəsizlik xidmətinin qulluqçuları da həlak olub. Homs sakinləri şəhər küçələrində zirehli maşınların hərəkət etdiyini xəbər verir. Suriya xarici işlər naziri Valid Müəllim yenicə formalaşmış müxalifət şurasını tanıyacaq ölkəyə qarşı sərt tədbirlər görüləcəyini bildirib. Avropa İttifaqı dünən müxalifət şurasının yaranmasını müsbət addım kimi qarşılayıb.