Qaradağda Heydər Əliyev ilk dəfə hakimiyyətə gəlişinə həsr olunmuş tədbir keçirilib

19:11 12.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə millət vəkili Mixail Zabelin, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, professor Qəzənfər Abbasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hafta.az yazır ki, Ulu öndərin abidəsi ziyarət olunandan sonra başlayan tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran başçı Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını bildirib. Deyib ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Millət vəkili Mixail Zabelin çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu öndərin ideyalarının dayanmasından və prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin bundan sonra da ölkəmizi böyük uğurlara sövq edəcəyindən danışıb.

Daha sonra çıxış edən iqtisadçı alim, professor Qəzənfər Abbasov Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb.

Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ulu öndərin siyasi fəaliyyəti haqqında danışıb.

Sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Ümummilli lider Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərindən söz açıb.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu, bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu öndərin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd etdi və qonaqlara təşəkkürünü bildirib.

Siyasət rubrikasından digər xəbərlər