Qaydaları pozan marşrut sürücüləri… - REPORTAJ  

20:25 01.07.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda bəzi marşrut avtobuslarında özbaşınalıq halları hələ də qalmaqdadır. Belə ki, sürücülər avtobusu qoyulan vaxt qrafiki ilə yox, öz bildikləri kimi idarə edir, avtobusları dayanacaqlardan kənarda saxlayırlar – xüsusilə də marşrut yolunun ortasında. Bu da nəqliyyatın hərəkətini çətinləşdirir, süni tıxacların,  maneələrin yaranmasına, həmçnin qəza hadisələrinin  yaranmasına səbəb olur. Belə hadisələrin yaşandığı yerlərdən biri də  “Neftçilər” metro stansiyasının yaxınlığındakı körpünün  altından Bakıxanov qəsəbəsinə gedən yolda qoyulmuş  marşrut dayanacağı olan ərazidir.

Həmin ərazidə Bakıxanov istiqamətinə gedən yolun sağ tərəfində bir ilə yaxındır, iki müasirtipli dayanacaq quraşdırılıb.  Həmin istiqamətdə çox sayda marşrut avtobusları Bakıxanov qəsəbəsindən paytaxtın müxtəlif istiqamətlərinə  işləyir. Sərnişinlərin sözlərinə görə, Bakıxanova gedən marşrutlara nəzarət, demək olar ki, yox dərəcəsindədir. Hər gün eyni hadisənin canlı şahidi oluruq. 32, 35, 40, 49,30, 103,105, 185, 186, 57, 60, 81 və digər marşrut avtobusları qoyulan şəffaf dayanacaqlarda yox,  məhz körpünün  altında, yolun ortasında,  necə gəldi saxladıqlarından, nəqliyyatln hərəkəti 4 istiqamətdə də dayanır. Xüsusilə də 35, 40 və 49 saylı avtobuslar qaydaları daha çox pozurlar. Həmin avtobuslar  2-3 dəqiqə dayanmaq əvəzinə, ən azı, 15-20 dəqiqə saxlayıb, bu isti yay günlərində sərnişinlərə narahatlıq yaradırlar.

Həmin əraziyə nəzarət edən Yol Patrul Xidmətinin əməkdaşları məsələyə qarışdıqdan sonra bəzən tıxac azalsa da, qanunları pozan sürücülər barəsində heç bir tədbir görülmür. Əziyyət çəkənlər isə sərnişinlərdir.

Şikayət edənlər müvafiq qurumların problemin həllinə biganə yanaşdığını deyirlər. Ümid edirik, toxunduğumuz məsələ tezliklə həllini tapmış olar.