“Müasir Azərbaycan: dövrün baxışı“ adlı kitabın təqdimatı keçirilib

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun, mədəniyyət və turizim naziri Əbülfəs Qarayevin və eyni zamanda Milli Məclisin bir qrup millət vəkilinin, Bakının bir neçə rayonunun icra hakimiyyətləri başçılarının, eləcə də ölkə mediasının iştirakı ilə “Azərbaycan“ qəzetinin redaksiyasında hazırlanan “Müasir Azərbaycan: dövrün baxışı“ adlı kitabın təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə “AzərTAc“ informasiya agentliyinin direktoru Aslan Aslanov açaraq, kitabın əhəmiyyətindən danışıb. O, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu bu kitabın müasir Azərbaycan tarixini əhatə etdiyini qeyd edib. Xatırladaq ki, kitabın ön sözünün müəllifi də məhz akademik Ramiz Mehdiyevdir.
Mərasimdə iştirak edən PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında qeyd edib ki, kitab Azərbaycanın müasir dövrünü tam əhatə edir. Onun sözlərinə görə, kitabda prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlar, ölkənin inkişafını göstərən konkret faktlar əksini tapıb, faktlar geniş və hərtərəfli təhlil olunub. Ə. Həsənov kitabı çox dəyərli bir mənbə hesab etməklə yanaşı, həm də fundamental, tarixi salnamə adlandırıb. Yeni Azərbaycan Partiyası (YAP) icra katibi Əli Əhmədov isə çıxışında qeyd edib ki, bu kitab müasir Azərbaycan reallığının məhsuludur : “Eyni zamanda, ulu öndər Heydər Əliyevin titanik əməyinin nəticəsidir“. Onun sözlərinə görə, kitabda müxtəlif müəlliflərin yazıları toplanıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, kitab maraqlı, səlis və oxuculara yaxın dildə yazılıb. Onun sözlərinə görə, kitab bugünkü Azərbaycanın real vəziyyətini, inkişafını və imkanlarını göstərir: “Bu gün Azərbaycanın bütün mədəniyyət məkanları tamamilə yenidən qurulur, müasirləşir və yeni nəsilə xidmət etmək imkanları yaranır“. Milli Dirçəliş Hərəkatının sədri, millət vəkili Fərəc Quliyev isə çıxışı zamanı kitabda yer alan faktların dərin təhlillərin nəticəsi olduğunu və eyni zamanda, ölkənin prioritetlərini əhatə etdiyini vurğulayıb. “Azərbaycan“ qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə qeyd etdi ki, 20 il tarix üçün kiçik dövrdür və 20 ildə görülən işlərə nəzər salanda, əsirlərə bərabər işlərin reallaşdırıldığının şahidi oluruq: “Bu gün Azərbaycan müstəqil bir dövlətdir. Özünün hərbi, siyasi, iqtisadi, ərzaq təhlükəsizliyini müstəqil şəkildə təmin edir. Bu gün gənc nəslə tariximizi, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlərimizi çatdırmalıyıq. Azərbaycan özünün müstəqilliyinin 30, 50, 100 illiyini qeyd edəcək. Amma biz o zaman da bu dövrə qayıdacağıq“.
Nahid Canbaxışlı