Qəfil imzalanan saziş və ya qardaşlığın zəfəri

15:50 21.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İki türk dövləti olan Azərbaycanla Türkmənistan arasında, Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı, işlənməsi və istismarına dair Anlaşma Memorandumu imzalanıb. Türkmənistanın Xarici İşlər Nazirliyində keçirilən imzalanma törənində Prezidentlər İlham Əliyev və Qurbanqulu Berdımuhəmmədov videoformat vasitəsi ilə iştirak ediblər.

Bu arada qeyd edək ki, “Dostluq” adlandırılan bu yataq Sovet dovründə Azərbaycan neftçilərinin kəşfiyyat quyusu qazaraq neft həcmləri aşkar etdikləri sonuncu yataqdır. Burada qazma işləri 1989-cu ildə aparılıb. Müstəqillik illərində bu yatağın işlənməsi Azərbaycanla Türkmənistan arasında mübahisəli məsələ kimi gündəmə daxil olub, çünki dənizin sektoral bölünməsi zamanı yataq hər iki dövlətin sərhədlərinə düşürdü və rəsmi Bakının yatağı birgə işləmək təklifləri uzun illər Aşqabad tərəfindən cavabsız qalmışdı.

Yataq geoloji struktur baxımından “Qarabağ” yatağına bənzərdir və orada həm neft, həm də qaz layları mövcuddur. Neft ehtiyatlarının həcmi 50 milyon tona, qaz ehtiyyatı isə 100 milyard kubmetrə yaxındır.

Türk dil ailəsi içində bir-birinə ən yaxın, Oğuz qrupundan olan iki ölkə - Türkmənistanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlıqda yeni səhifə açan memorandum, Xəzər bölgəsində davamlı sülh, mehriban qonşuluq və bərabərhüquqlu tərəfdaşlıq mühiti yaratmaq üçün birgə səylərin nəticəsi sayılır.

Saziş bağlandı, amma burada dünya ictimaiyyəti üçün çox maraqlı olan məqam onun son anadək gizli saxlanılmasıdır. Yəni bu barədə ölkələrimiz arasında hansı danışıqlar gedir, nə kimi nəticələr var, heç kimə bəlli deyildi. Dünya bir də onu gördü ki, iki ölkənin XİN başçıları – Ceyhun Bayramovla Rəşid Meredov gülə-gülə əl sıxışıb, imzaladıqları sənədi jurnalistlərə göstərirlər. Burdan da belə qənaətə gəlmək olar ki, Azərbaycan və Türkmənistan gizlilik faktorunu işə salmaqla kənar qüvvələrin – bunlar əsasən Rusiya və müəyyən mənada da İrandır – prosesi yubatmaq üçün göstərəcəkləri basqılardan qurtulmaq məqsədi güdüblər. Niyə Rusiya və İranın adını çəkdim, çünki Türkmənistanın və ümumiyyətlə, Orta Asiyanın karbohidrogen ehtiyyatlarını dünya bazarına çıxarmaq üçün yol arayışı zamanı bu iki ölkə öz ərazilərini əsas tranzit kimi təqdim edirdilər.

Rusiya, Qazaxıstanla yanaşı, Türkmənistanı da uzun illər ərzində məcbur edib ki, sovetdənqalma boru xətlərinə qoşulmaqla, qaz və xam neft məhsullarını məhz şimal istiqamətindən keçməklə, Avropaya satsın. Bu isə ilk növbədə Qərbi razı salmırdı, Avropa tam israrla Rusiyanı enerji xətlərindən kənarda qalmasına çalışırdı. Sonra da, türkmən qazının Rusiya üzərindən Avropaya nəqli üçün çox böyük sərmayənin yatırılmasını tələb edir, həm də yol daha uzun idi. Amma Xəzərin dibi ilə tikiləcək kəmər vasitəsilə ötürüləcək qaz və ya neft, dənizin qərb sahilində - Azərbaycanda tikilmiş hazır terminalllara, ordan da start götürərək Avropanın ortalarınadək uzanan mövcud və yüksək təminatlı kəmərlərə vurula bilərdi. Burada da bir əmma yaradılmışdı: Rusiya və İran ilk gündən dənizaltı kəmərin tikilməsinə qarşı çıxırdılar, guya hansısa qəza nəticəsində dənizdə ekoloji tarazlıq pozula bilər və sair. Təbii ki, bu yolla hər iki ölkə Türkmənistanı, eləcə də Qazaxıstanı məcbur etmək istəyirdi ki, məhsullarını dənizin ya şimalıyla – Rusiya ərazisindən, ya da əksinə, cənubundan – İran torpaqlarından keçməklə Azərbaycana daşısınlar. Bununla da Rusiya və İran həm tranzit gəlirlərindən faydalanmaq, həm də yeri gələndə siyasi təzyiq vasitələrini saxlamaq arzusundaydılar...

Türkməsnistanla Azərbaycan arasında uzun illərdir problem olaraq qalan və böyük geosiyasi məsələyə çevrilmiş bu yataqların taleyini həll edən sazişin məhz indi, 44 günlük Vətən müharibəsindən sonra imzalanması da diqqət çəkir. Çünki yuxarıda da qeyd etdiyim kimi, bir vaxtlar Azərbaycanla Türkmənistanı bir-birinə məsafə saxlamağa vadar edən bu məsələnin çözülməməsi üçün Rusiya və İran əllərindən gələn hər şeyi edirdi. O vaxtlar, xüsusilə də Qarabağ kimi dərin yarası olan Azərbaycana adıçəkilən ölkələr daha güclü təzyiq göstərirdilər. Hətta yeri gələndə Qarabağ kartından ölkəmizə qarşı şantaj kimi yararlanırdılar. Bu gün isə artıq Qarabağ problemi yoxdur, torpaqlar azad olunub, Azərbaycan qalib ölkədir və Türkiyə ilə birlikdə, Moskvanı da müəyyən şəkildə tərəflərinə çəkməklə daha geniş beynəlxalq və regional proqramlar həyata keçirməkdədir. Üstəlik, müharibənin bitməsinə dair 10 noyabr sazişinin detallarına əsasən, Azərbaycanın əsas ərazisini, Ermənistandan keçməklə Naxçıvana bağlayacaq təhlükəsiz dəhlizin yaradılması, hətta yaxın gələcəkdə Ermənistanın da bütün bu geosuyasi və iqtisadi-ticarət layihələrində yer almasına dair razılığa gəlinməsi, artıq Türkmənistan başda olmaqla, Qazaxıstanı, Orta Asiyanın digər ölkələrini, hətta Əfqanıstan və Pakistanı da Qafqaz dəhlizi vasitəsilə Avropaya daha tez çıxış imkanı qazanmağa yönəldir.

Günümüzdə Bakı ilə Aşqabad arasında imzalanan saziş həm də türk dünyasının daha da güclənməsinə səbəb olacaq. Çünki fikir vermisinizsə, Türkmənistan bitərəf statusunu bəhanə edərək hər zaman türk birliyindən kənarda qalmağa çalışıb. Eyni mövqeyi Özbəkistan da sərgiləyirdi, amma İslam Kərimov vəfat edəndən və Şovkət Mirzioyev iqtidara gələndən sonra Özbəkistan Türk Şurasında fəaliyyətini gücləndirməyə başlayıb. Bu müqavilədən sonra, tam əminəm ki, Türkmənistan da bərabərhüquqlu üzv kimi Türk Şurasına qatılacaq.

Bir məsələni də qeyd edək ki, saziş Azərbaycanla Türkmənistan arasında imzalansa da, əslində burada qardaş Türkiyənin rolu çox böyükdür. Türkiyə uzun illərdir türk dünyasının bütövləşməsu uğrunda fəal iş aparır. Xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğan türk ölkələrini möhkəm özüllü, vahid siyasi və iqtisadi dam altında birləşməsi üçün əmək sərf etməkdədir. Məncə, 44 günlük müharibənin Azərbaycan torpaqlarının azad edilməsi və işğalçı Ermənistanın ağır məğlubiyyəti ilə başa çatması, nəticədə isə Türkiyənin Ermənistan ərazisindən keçəcək dəhliz vasitəsilə Azərbaycanla birbaşa əlaqə qurması, artıq Mərkəzi Asiyanın türk dünyasına yollarını tam açıb.

Hesab edirəm bu işdə Qərbin də dəstəyini hiss edəcəyik. Xüsusilə də ABŞ-ın. Çünki ABŞ Rusiya və İranı özünə əsas təhlükə mənbəyi, Çini isə başlıca rəqib adlandırır. Rusiya istəyir ki, Türkmənistan (həm də Qazaxıstan və digər bölgə ölkələri) dünya bazarına məhz onun ərazisindən çıxsın. İran da neçə illərdir Türkmənistana təklif edir ki, məhz onun ərazisindən keçməklə Hind okeanı sahillərinə kəmərlər tikilsin, türkmən qazı, hətta qazax nefti bu kəmərlər vasitəsilə dünya bazarına çıxarılsın. İran hətta öz ərazisindən keçməklə Pakistana və Hindistana qaz kəmərlərinin tikilməsini təklif edib. O tərəfdən də Çin türkmən qazını kəmərlər vasitəsilə maksimum idxal edərək, ehtiyaclarını ödəməyə çalışır. Hər üç ölkə başda ABŞ olmaqla, Qərb blokunun rəqibləri və daha açıq desək, düşmənləridir. Bu baxımdan Vaşinqton adıçəkilən təhlükə mənbələri arasında yaranan və Qərbə xüsusi rəğbət bəsləyən, Türkiyənin timsalında NATO-nun vuran qolu olan türk birliyinin daha da güclənməsinə töhfə verəcək. Həm də axı söhbət hərbi-siyasi narahatlıqla yanaşı, Avropanın enerji təhlükəsizliyindən gedir, bu müstəvidə türk dövlətləri – biri karbohidrogen mənbəyi, digəri tranzit rolunu üzərinə almaqla – Avropada sabit inkişafın təminatçılarıdır...

Oxunma sayı 3857