Qəzzafinin cəsədi ortalıqda qalıb

15:15 25.10.2011
Yazını böyüt
Yazını kiçilt
Liviyanın müvəqqəti hökumətinin liderləri Benqazidə şəhərində minlərlə insanın iştirak etdiyi mərasimdə ölkənin Müəmmar Qəzzafinin 42 illik idarəsindən azad olduğunu elan ediblər.
Milli Keçid Şurasının lideri Mustafa Abdel Cəlil və digər rəsmilərinin iştirak etdiyi tədbirdə Liviyanın Qəzzafi dövründən əvvəlki himni səsləndirilib. Şəhərin meydanında toplaşmış minlərlə insan 1969-cu ildə Qəzaffinin çevriliş nəticəsində devirdiyi Liviya monarxiyasına məxsus üçrəngli bayrağı dalğalandırıb. Milli Keçid Şurasının lideri Mustafa Abdel Cəlil toplaşanlara deyib ki, Qəzzafidən sonrakı Liviya qanunvericiliyi islam qanunlarına əsaslanacaq.
Benqazi Qəzzafi əleyhinə fevral ayında başlayan və müvəqqəti hökumət qüvvələrinin keçmiş liderə sadiq qüvvələri onun doğma şəhəri olan Sirtdə məğlub eməsilə başa çatan hərəkatın mərkəzi olmuşdur. Bununla belə, beynəlxalq ictimaiyyətin Qəzzafinin ölümünün təfərrüatları ilə bağlı narahatlıqları Liviyada ümumi əhval-ruhiyyə ilə təzad təşkil edir. İnsan hüquqları qrupları müvəqqəti hökumət qüvvələrinin döyüşçülərinin yaralanmış Qəzzafini ölməmişdən öncə döyməsini göstərən mobil telefonla çəkilmiş video görüntülərlə bağlı beynəlxalq təhqiqat aparılmasına çağırır.
ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, rəsmi Vaşinqton BMT tərəfindən təhqiqatın aparılmasına çalışacaq və Liviyanın Milli Keçid Şurasının təhqiqat aparmaq qərarını dəstəkləyir. NBC tele-şirkətinə müsahibə verən xanım Klinton qanunun aliliyi və məsuliyyət prinsiplərinin Liviyada demokratik proses üçün əhəmiyyətini vurğulayıb və Qəzzafinin ölümünün araşdırılmasının bu prosesin bir hissəsi olduğunu deyib.
ABŞ və Avropa İttifaqı Liviyanın yeni rəhbərlərini keçmiş diktator Müəmmar Qəzzafinin ölümündən sonra ölkədə demokratiyaya keçid dövründə milli birlik yaradılması və insan hüquqlarına hörmət edilməsinə çağırıb. Birləşmiş Ştatlar prezidenti Barak Obama və Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton Liviyanın müvəqqəti hökumətinin Qəzzavinin 42 illik idarəçiliyindən azad olduğunu elan etməsindən razılıqlarını açıqladıqları bəyanatlarda ifadə ediblər. Obama deyib ki, Liviyanın Milli Keçid Şurası milli birlik və insan hüquqlarına hörmət prinsiplərinə hörmət edilməsinə dair öz üzərinə götürüdüyü öhdəliklərə əməl etməlidir. ABŞ prezidenti deyib ki, rəsmi Vaşinqton Liviyada ilk azad və ədalətli seçkilərə hazırlıqlar üçün Milli Keçid Şurası ilə birgə işi davam etdirəcək. Avropa liderləri də Brüssüldə zirvə görüşü zamanı açıqlanan bəyanatda Liviyada dinc, demokratik və şəffaf keçid prosesini gözlədiklərini bildiriblər. Avropa liderləri eyni zamanda, Qəzzafidən sonrakı Liviyaya daha artıq dəstək ifadə ediblər.
Liviyanın devrilmiş və mərhum lideri Müəmmar Qəzzafinin cəsədinə baxmaq istəyənlərin ardı-arası kəsilmir. Misrata şəhərindəki ticarət mərkəzinin meyvə-tərəvəzin saxlanması üçün nəzərdə tutulmuş soyuducu anbarında yerdə olan cəsədin üzəri adyalla örtülüb. “Əl Ərəbiyyə“ bildirir ki, Qəzzafinin cəsədi günlərdən bəri dəfn edilmədiyindən iy verir. Cəsədə baxmaq üçün ticarət mərkəzinin qarşısında növbəyə düzülənlərə tənzifli maskalar paylanır. Dünən səhər 70 yaşlı qoca qadın isə növbəsiz içəri keçmək istəyərək “Çəkilin, mən də tüpürüm!“ deyib. Amma növbədəkilər onu buraxmayıblar. Qəzzafinin yanında isə onun oğlu Mütəsimin cəsədidir.
Qəzzafini Sirt şəhərində ələ keçirmiş üsyançılardan biri, 28 yaşlı Həmmad Mufti Əlinin dediyinə görə, Liviya lideri ələ keçəndə üsyançılara qızıl təklif edib: “Qışqıraraq yalvarır, ağlayır, “Məni buraxın, istədiyiniz qədər qızıl verərəm“ deyirdi. Kəlmeyi-şəhadət oxumaq əvəzinə elə hey qızıl təklif edirdi“, - Əli söyləyib. Liviyanın Milli Keçid Şurası bəyan edir ki, Qəzzafinin dünyanın müxtəlif ölkələrindəki banklarda 200 milyard dollardan artıq pulu qalıb.
Müəmmar Qəzzafinin oğlu Seyf əl-İslam öz tərəfdarlarına müraciət edərək bildirib ki, sağdır və Liviyanın ərazisindədir. O, həmçinin Liviya Milli Keçid Şurasının qüvvələrinə qarşı mübarizəni davam etdirəcəyini bildirib. Seyf əl-İslamın müraciətini Suriyadan yayımlanan Qəzzafiyə sadiq “Ər-ray“ telekanalı yayıb. Bu barədə RİA Novosti agentliyi məlumat verib. “Biz müqavimətimizi davam etdirəcəyik. Mən Liviyadayam, azadlıqdayam və sona qədər mübarizə apararaq qisas almaq niyyətindəyəm“ - Qəzzafinin oğlu bəyan edib. Bundan əvvəl internet saytlarının birində Qəzzafinin tərəfdarlarının bəyanatı yayılmışdı. Bayanatda Seyf əl-İslamın varis elan olunduğu və üsyançılara qarşı mübarizədə komandanlığın ona keçdiyi bildirilmişdi.
Azad Əliyev
Oxunma sayı 76