“Ulduz“ metrostansiyasının ətrafı acınacaqlı vəziyyətdədir

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Vidadi İbrahimov: “Belə zibilli ərazi paytaxtın heç bir ucqar yerində yoxdur“

Paytaxtın abadlaşdırılması istiqamətində dövlət səviyyəsində görülən işlər Bakı sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. Lakin şəhərin müəyyən diqqətdənkənar qalan əraziləri var ki, orada tam olaraq baxımsızlıq hökm sürür. Bu işdə həmin ərazilərin abadlaşdırılmasına, təmizliyinə baxmalı olan qurumların səhlənkarlığı da az rol oynamır.

Belə yerlərdən biri də Bakı metropolitenin “Ulduz“ stansiyası ətrafı olan ərazilərdir. Belə ki, adıçəkilən metrostansiyanın “Elektrosanitar“ zavoduna tərəf çıxacağındakı salınmış park baxımsız qalıb. Parkın içərisi metrostansiyasının çıxacağına kimi plastik fanta, su butulkalarından tutmuş, siqaret qutuları, sellofan kağıza kimi məişət tullantıları ilə doludur. Tullantılar atılmadığından elə yolun kənarlarında, ağacların arasında da yandırılır. Hətta məişət tullantıları metrostansiyanın çıxacağında da yandırılır. Həmin parkda çarhovuz və bulaq baxımsızlıqdan uçub tökülür, içəriləri isə məişət tullantıları zibillə dolub. Bulağın krantları isə sökülərək aparılıb. Bir sözlə ,həmin ərazi natəmizlik yuvasına, antisanitariya mənbəyinə çevrilib.
Eləcə də Bakı şəhər Komvalnı Kombinatın çöl hasar boyu ərazisi eyni vəziyyətdədir. Yolları isə bərbad gündədir. İsti çörək və un məmulatları mağazasının qarşısı isə rezin iş təkərləri, tutmuş məişət tullantılar atılmamış qalıb.
Adıçəkilən metrostansiyanın avtobuslar dayanacağı tərəfindən çıxışı ətrafında acınacaqlı vəziyyətdə, natəmizlik içərisindədir. Mərkəzi asfalt yolun ortasında “luk“un qapağı açıqdır. Həm də yarım metr hündürlüyündə olan lukun içinə ensiz dəmir parçasını sancıblar. Sakinlərin dediklərinə görə, bu gecə vaxtı çox təhlükəlidir. Müdafiə Nazirliyinin “İqlim“ Elektrik İstehsalat müəssisəsinin xüsusi konstruktor şöbəsi yerləşən zavodun tullantıları Heydər Əliyev prospektinə gedən asfalt yolun kənarına yaxın atılıb.
Bununla bağlı “Ulduz“ metrostansiyasının rəisi Vidadi İbrahimovla görüşdük. V.İbrahimov bizim sualımıza aydınlıq gətirərək bildirdi ki, əvvəllər metronun çıxış ərazilərinə onlar cavabdehlik daşıyardılar: “İndi isə siz gördüyünüz əraziyə Nərimanov rayon MKTB-i nəzarət edir. Dəfələrlə bu ərazinin təmizliyi ilə məşğul olan 55 saylı Mənzil Kommunal İstismar sahəsinə müraciət etmişəm, nəticəsi olmayıb, çikrlidir, təmizləyən yoxdur.
Külək olan kimi zibil stansiyaya, şaxtaya kimi dolur. Bu da işimizdə çətinliklər törədir. Halbuki Bakı metropolitenin zibilliklərin daşınması üçün Bakı Şəhər Mənzil Kommunal Departamentinə vəsait ayırır. Bunun müqabilində isə onlar heç bir iş görmürlər. Ətrafı ərazidə fəaliyyət göstərən bütün müəssisələr, iaşə obyektlərinin bütün zibili metrostansiyanın ərazisinə atılır. Zibil yığılaraq stansiyanın ərazisində böyük topa halında qalmışdır. Məcbur olub depodan traktor gətirdib onu təmizlətdim. Vallah traktor işləyəndə 10 yerdən gəlib üstünə töküldülər. Elə bildilər ki, burada tikinti işləri aparıram. Ağaclar görün nə gündədir. Baxan yoxdur, biabırçılıqdır. Belə zibili ərazi paytaxtın heç bir ucqar yerində yoxdur. Axı vicdan da yaxşı şeydir. Bura metrodur. Xaricilər də gəlib-gedir. Bu vəziyyəti görüb gülürlər“.
Həmin ərazinin təmizliyi ilə məşğul olan 55 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Yusif müəllimlə də əlaqə saxladıq. Bu haqda məlumat verəndə, soyadını bildirməyən Yusif müəllimin sözü ancaq o oldu ki, “Gedin işinizlə məşğul olun“.
Qələndər Xaçınçaylı