Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

18:31 13.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə paytaxtın qəsəbələrində keçirilən “Qəsəbə aylığı” görüşləri çərçivəsində Qaradağ rayonu Qızıldaş qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti səyyar görüş keçirilib.

Hafta.az yazır ki, Qızıldaş qəsəbə sakinlərinin iştirakı ilə təşkil olunan bu səyyar görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla yanaşı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.

Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Əli Hüseynovun 2019-cu ildə qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

“Açıq mikrofon” formatında keçən görüşdə çıxış edən sakinlər Bakı şəhərində, eyni zamanda, Qızıldaş qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər. Sakinlərin suallarını ətraflı cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu deyib.

Qəsəbə sakinlərindən 7 nəfəri fərdi qaydada dinlənilib. Sakinlər dinlənildikdən sonra, həlli mümkün problemlər yerindəcə aradan qaldırılıb, həlli vaxt tələb edən müraciətlərin həlli üçün isə aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Sosial rubrikasından digər xəbərlər